Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dünyada 35-ci, MDB-də birinci...

30 Sentyabr 2017
 

Dünya İqtisadi Forumu Azərbaycanda aparılan iqtisadi islahatları uğurlu sayır

 

Hər bir xalqın milli inkişaf strategiyası özündə həm də ictimaiyyətin müəyyən gözləntilərini, arzu və istəklərini təcəssüm etdirir.
İqtisadi inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi ümumi məqsəd və strategiyanın reallaşdırılmasına imkan yaradır. Bu baxımdan əminliklə söyləmək olar ki, müstəqil Azərbaycanın son illər əldə etdiyi makroiqtisadi uğurlar, ilk növbədə, sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən islahatların nəticəsidir.
Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq ölkə iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib. İqtisadi-siyasi liberallaşmaya xidmət edən islahatların dərinləşdirilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir.
Ölkəmiz hazırda iqtisadi və sosiomədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.
Dünya İqtisadi Forumunun dərc etdiyi “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan dünya ölkələri arasında 35-cı yeri tutmaqla MDB-də rəqabətədavamlı iqtisadiyyata malik olduğunu sübut edib. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır.
20 il əvvəl Azərbaycan ilə eyni səviyyədə qərarlaşan postsovet ölkələri indi iqtisadi inkişaf səviyyəsinə görə respublikamızla rəqabətdə çətinlik çəkir. Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Dayanıqlı iqtisadi inkişafla yanaşı, demokratikləşmə prosesinin sürətləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin başa çatdırılması müasir Azərbaycan milli ideyasının tərkib hissələri kimi nəzərdən keçirilir. Azərbaycanın iqtisadi dayanıqlılığının təmin olunmasında sözsüz ki, ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramlarının müstəsna əhəmiyyəti var.
Bir müddət əvvəl də digər nüfuzlu reytinq agentliyi ölkəmizlə bağlı qiymətləndirməni vermişdi. “Standard&Poor's” (S&P) beynəlxalq reytinq agentliyi 2019-2020-ci illərdə Azərbaycanda illik ümumi daxili məhsul istehsalının (ÜDM) artımının 3,5 faiz səviyyəsində olacağını proqnozlaşdırmışdı. “S&P”nin mütəxəssislərinin rəyinə əsasən, 2018-ci ildə Azərbaycan iqtisadiyyatında artım bərpa olunacaq. ÜDM gələn il 2 faiz (nominal həcm 44 milyard dollar), 2019-cu ildə 3,5 faiz (47 milyard dollar), 2020-ci ildə 3,5 faiz (48 milyard dollar) artacaq. Proqnozların bu səviyyədə olması “Şahdəniz-2” qaz yatağından nəqlin başlanmasına əsaslanır. Bununla yanaşı, qeyri-neft sektoruna investisiyaların yatırılması iqtisadiyyata inamın yüksəlməsi və inflyasiyanın səngiməsi istehsalın artmasına səbəb olacaq.
Sahibkarlığın inkişafına diqqətin göstərilməsi, iş adamlarının beynəlxalq bazarlara çıxması üçün əlverişli imkanların yaradılması aparılan syasətin məqsədyönlülüyündən xəbər verir.
Qlobal böhranın neqativ təsirlərinin hiss olunduğu bir şəraitdə daxili istehsalın təşviqi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiə edilməsi qarşıya qoyulan bütün məsələlərin həllinə imkan yaradacaq. Yüksək iqtisadi inkişaf meyilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına imkan verib.
Makroiqtisadi və maliyyə sabitliyinin dərinləşdirilməsi, habelə qlobal böhranın təsirlərinin zəiflədilməsi də hökumətin fəaliyyətinin prioritet istiqamətlərindən birinə çevrilib. Sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amilindən asılılığını əhəmiyyətli dərəcə azaldıb. Ölkə iqtisadiyyatına 200 milyard dollardan çox investisiya yatırılıb, eyni zamanda 76 milyard dollardan çox birbaşa xarici investisiya cəlb olunub. Ötən illər Azərbaycanda ümumi məhsul buraxılışı 22, dövlət büdcəsi isə 26 dəfədən çox artıb.
Cari ilin yanvar-avqust aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 6 milyard 19,5 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 5 milyard 293,8 milyon manatı (87,9 faizi) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ, Yaponiya, Çexiya və Norveç sərmayədarlarına məxsus olub.
“İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu olmalıdır, həm də, əlbəttə ki, təbii ehtiyatlar da var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir” - deyən dövlət başçısının müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətində dayanıqlı və sabit inkişaf edən iqtisadi sistemin formalaşdırılması məqsədi dayanır. Modernləşmə xəttinin lideri olan cənab İlham Əliyev hesab edir ki, bu yol ölkəmizi bilik və informasiya cəmiyyətinə gətirib çıxaracaq. Bu isə modernləşmənin cəmiyyətin şüuru, onun elmə, təhsilə, mədəniyyətə münasibəti ilə bağlılığını bir daha təsdiqləyir.
Paytaxt və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması aparılan iqtisadi siyasətin məqsədyönlülüyündən xəbər verir. Həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoyub. Rəqabətqabiliyyətli müəssisələrin yaradılması, qeyri-neft ixracının və idxalı əvəz edən məhsul istehsalının artırılması, yerli və xarici investisiyaların cəlb edilməsi regionların davamlı inkişafına öz töhfəsini verir. Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişafı, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı fərman imzalaması da həmin məqsəddən irəli gəlir. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən ibarətdir.
Prezident İlham Əliyev rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədilə 18 yanvar 2016-cı il tarixində “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı da mühüm əhəmiyyətli sənəd oldu. Bu gün qarşıda duran ümdə vəzifələrdən biri ixracın həm məhsulların çeşidi, həm də coğrafiyası baxımından şaxələndirilməsidir. Bu məqsədlə “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınması, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin bir hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi məqsədilə işlər aparılır. İxrac məlumat bazasının (elektron portal) formalaşdırılması da bu istiqamətdə görülən işlərdəndir. “Azexport” portalı bu gün artıq dünya miqyasında özünü tanıtdıra bilib və bu portala maraq getdikcə artır.
Azərbaycanda əldə olunan uğurların nəhəng reytinq təşkilatları və maliyyə institutlarının hesabatlarında əksini tapması bilavasitə Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir. “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın iki pillə irəliləməsi bir daha göstərdi ki, ölkəmizdə aparılan iqtisadi islahatlar düzgündür və bu istiqamətdə görülən davamlı işlər qarşıda daha böyük uğurların əldə olunmasına imkan yaradacaq.

Elnur HACALIYEV,
“Azərbaycan”