Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan elmində ərəb mühacirət ədəbiyyatının tədqiqi professor Aida İmanquliyevanın adı ilə bağlıdır

29 Sentyabr 2017
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində böyük şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, ictimai xadim, professor Aida xanım İmanquliyevanın yaradıcılığına həsr olunmuş “Görkəmli şərqşünas alim Aida İmanquliyevanın yaradıcılığında ərəb məhcər ədəbiyyatına multikultural baxış” mövzusunda seminar keçirilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən birgə təşkil olunmuş tədbirdə Bakı Dövlət Universiteti (BDU) şərqşünaslıq fakültəsinin və digər ali məktəblərin tələbələri iştirak ediblər.

Muzey direktorunun elmi işlər üzrə müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva professor Aida İmanquliyevanın olduqca mənalı və şərəfli ömür yolundan danışıb, onun böyük şərqşünas alim, pedaqoq, tərcüməçi, nurlu şəxsiyyət olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, “Mixail Nüaymə və Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri” monoqrafiyalarının və müxtəlif mövzularda elmi məqalələrin müəllifi olan Aida İmanquliyevanın əsərləri bütün dünyada böyük maraq doğurub.

AMEA-nın Şərqşünaslıq İnstitutunda müxtəlif vəzifələrdə çalışan alim 1991-ci ildən ömrünün sonunadək bu elm müəssisəsinə rəhbərlik edib.

Yeni Bilik Fondunun sektor müdiri Hacı Abdulla professor Aida İmanquliyevanın Azərbaycanın elm və təhsil tarixindəki müstəsna xidmətlərindən, elmi irsinin, əsərlərinin əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, Şərq-Qərb mədəni əlaqələrinin inkişafında professor Aida xanımın tədqiqatları xüsusilə böyük aktuallıq kəsb edir.

BDU-nun şərqşünaslıq fakültəsi dekanının müavini Hüseyn Sadıqov, müstəqil tədqiqatçı-tərcüməçi Ramazan Əsgərli və digər çıxış edənlər professor Aida xanım İmanquliyevanın cəmiyyətə, elmə, təhsilə, mədəniyyətə verdiyi əvəzsiz töhfələrdən söz açıblar.

Bildirilib ki, Azərbaycan elmində ərəb mühacirət ədəbiyyatının tədqiq edilib öyrənilməsi professor Aida İmanquliyevanın adı ilə bağlıdır.

Muzeyin elmi işçisi, Bilik Fondunun lektorlar qrupunun üzvü Əli Fərhadovun “Aida İmanquliyevanın yaradıcılığında ərəb məhcər ədəbiyyatına multikultural baxış” mövzusunda mühazirəsi dinlənilib. Alim Azərbaycanla ərəb dünyasının ədəbi, fəlsəfi-mədəni əlaqələrinin tədqiqində tanınmış şərqşünas alim Aida İmanquliyevanın rolu və yaradıcılığı haqqında ətraflı məlumat verib.