Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisdə Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi ictimai müzakirəyə çıxarılıb

29 Sentyabr 2017
“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən sentyabrın 29-da Milli Məclisdə Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı təşkil olunan “dəyirmi masa”da çıxış edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanda Cinayət Məcəlləsində daha çox sərt cəza qaydalarının tətbiqinin şahidi oluruq və cinayət törədən şəxslərə qarşı azadlıqdan məhrumetmə növü çox geniş tətbiq olunub. “Azərbaycan Prezidenti bunu qeyri-normal hesab edir. Biz dövlətimizin başçısının bu fikri ilə razıyıq. Həqiqətən cinayətkarlığa qarşı mübarizədə müxtəlif istiqamətlər ola bilər. Təbii ki, cinayətkarlığa qarşı kəskin mübarizə aparılmalıdır və buna heç kəsin şübhəsi olmamalıdır. Ancaq bununla belə yaranmış müəyyən şəraitdə qanunu pozmuş şəxslərə humanist münasibətlər göstərmək lazımdır. Dövlətimizin başçısının həmin Sərəncamında, eyni zamanda, penitensiar sistemin təkmilləşdirilməsinə dair təkliflər də yer alıb. Bununla bağlı bir sıra məsələlər daxil edilib. Dünyada ikinci bir ölkə yoxdur ki, dövlət başçısı cəza sistemində olan vəziyyətlə bağlı narahatlığını ifadə etsin və cəzaların humanistləşdirməsi istiqamətində konkret addım atsın. Prezident İlham Əliyev imzaladığı Sərəncamla cinayətin humanistləşdirilməsi istiqamətində mühüm addım atıb. Bu qanun layihəsi dövlətimizin başçısı tərəfindən parlamentə daxil olub”,-deyə Aparat rəhbəri vurğulayıb.

Bildirilib ki, Prezident İlham Əliyev dəfələrlə əfv fərmanları verib, Milli Məclis Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktları qəbul edib. Bütün bunlar ona dəlalət edir ki, biz bir tərəfdən qanunların sərt icra olunmasına, digər tərəfdən isə insanlara ədalətli şəkildə tətbiq edilməsinə çalışmışıq.

“Qanun layihəsinə təklif edilən dəyişikliklər əsasən dörd istiqamətdədir. Bu istiqamətlər əsasən cinayətin dekriminallaşması və bunun nəticəsində daha geniş alternativ cəzaların tətbiqidir. Bu, yeni alternativ cəza növlərinin tapılması, mövcud alternativ cəza növlərinin geniş tətbiqi ilə bağlıdır. Eyni zamanda, vurulmuş ziyana görə cəzanın vurulan ziyanın ödəniləcəyi təqdirdə cinayət törədən şəxsin ya azad olunması, yaxud da daha yüngül cəza ilə əvəzlənməsi, narkotik maddələrin qəbulu ilə bağlı dəyişikliklər öz əksini tapıb”, - deyə Səfa Mirzəyev vurğulayıb.

Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov bildirib ki, pentensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual tədbirlərin tətbiqinin genişləndirilməsi barədə Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Sərəncamı humanist siyasətin növbəti təzahürü olmaqla ölkəmizdə daim aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarının tərkib hissəsi, eyni zamanda, cinayət təqibinin və cəzaların icrası sahəsində yeni mərhələnin başlanmasının əsası kimi qiymətləndirilməlidir. Ümumilikdə yəni cəza siyasətinin humanistləşdirilməsi sahəsində uzun müddət, 2000-ci ildən başlayaraq tədbirlərin görülməsinə baxmayaraq, məhkəmələr bir çox hallarda şəxslərin barəsində həbslə əlaqədar qəti-imkan tədbirinin seçilməsinə və azadlıqdan məhrumetmə ilə bağlı cəzanın tətbiq edilməsinə üstünlük verirdilər. Bunun da obyektiv və subyektiv səbəbləri var.

Şahin Yusifov qeyd edib ki, qüvvədə olan cinayət qanunvericiliyində bir sıra çatışmazlıqlar mövcud idi, müzakirəyə çıxarılmış bu qanun layihəsində bütün bunlar aradan qaldırılıb. Buna misal olaraq, demək olar ki, müvafiq maddələrdə azadlıqdan məhrumetmə ilə yanaşı, yüksək məbləğlərdə cərimə cəzası da tətbiq olunub. Ancaq dəyişikliklərdən əvvəl müəyyən cəzaların da icrası mümkünsüz olurdu, belə olan halda məhkəmələr əsasən azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verirdilər.

Bildirilib ki, qanun layihəsini hazırlayarkən ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, onun tələbləri, digər ölkələrin qanunvericilik və məhkəmə təcrübəsi, Avropa Məhkəməsinin presedent hüququ, Konvensiyasının tələbləri nəzərə alınıb.