Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qürur yerimiz olan milli-mənəvi dəyərlərimizi daim yaşatmalıyıq

28 Sentyabr 2017
 

Azərbaycan xalqının xarakterində, məişətində, adət və ənənələrində özünə əbədiyaşarlıq qazanmış milli-mənəvi dəyərlərin qorunmasına və inkişafına dövlətimiz xüsusi diqqət yetirir. Prezident İlham Əliyev istər xarici ölkələrdə, istərsə Bakının evsahibliyi etdiyi beynəlxalq tədbirlərdə - konfranslarda, simpoziumlarda, forumlarda dəfələrlə vurğulamışdır: “Müstəqil Azərbaycan dövləti güclü milli-mənəvi dəyərlər üzərində qurulubdur”. Cari il sentyabr ayının ikinci ongünlüyündə - Bilik Günündə Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının açılışında iştirakı zamanı isə Azərbaycan Prezidenti demişdir: “Təhsil, vətənpərvərlik, milli dəyərlər, güclü Azərbaycan - budur bizim əsas prinsiplərimiz”.

Ötən əsrin 70-ci illərində Azərbaycanda siyasi hakimiyyətdə olarkən xalqımızda milli mənlik şüurunun oyanışında misilsiz xidmətləri olan Heydər Əliyev mənəvi dəyərlərimizin və mədəniyyətimizin inkişafına xüsusi qayğı göstərmişdir. Tarixi şəxsiyyətlərimizin şərəfinə ucaldılmış abidələr, onların yubileylərinin yüksək səviyyədə qeyd olunması, azərbaycanlıların soyqırımları barəsində fərmanları ulu öndərin xalqımızın mədəniyyətinə, mənəvi dəyərlərimizə həssas yanaşdığının bariz nümunəsidir. Ümummilli lider siyasi uzaqgörənliklə xalqın qədim dəyərlərini müasirliklə əlaqələndirərək deyirdi: “Həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır, bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır”.
Böyük dövlətçilik təcrübəsinə malik, dünya şöhrətli siyasətçinin tövsiyələri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin vətənpərvərlik ruhunda böyüməsi artıq millətin inkişafının təməl daşına çevrilib. Millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtlərdən hesab edilir. Ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmlənməsi, gələcəyin etibarlı təminatı yüksək səviyyəli kadrların yetişməsindən və onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.
İnsanın ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə-obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik təkcə vətəni sevmək deyil, vətən naminə çalışmaq, onu qorumağa hər an hazır olmaq deməkdir. Vətən yolunda Əlif Hacıyevlər, Vəzirlər, Mübarizlər, Fəridlər, Çingizlər... kimi qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək lazımdır. Xalqın kədəri, sevinci ilə yaşamaq hissi insanda anadangəlmə yaransa da, davamlı olmasına möhtacdır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması vacib amillərdəndir. Azərbaycan xalqı gənc nəslin vətənə məhəbbət, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşır və ona həyati əhəmiyyətli məsələ kimi baxır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Azərbaycan Prezidenti İlham Əliyev müəllim və tələbələr qarşısında çıxışı zamanı bu məqamı xatırladaraq demişdir: “Həm müəllimlər, həm valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, onlar vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar. Çünki əgər milli dəyərlərimizdə hər hansı bir sarsıntı yaşanarsa, bu, cəmiyyətimizin əsaslarını, sütunlarını sarsıdar. Ona görə mən həmişə deyirəm ki, milli dəyərlərimiz, mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalıyıq. Çünki bu, bizim gələcəyimiz üçün əsasdır”.
Bunun üçün ilk növbədə uşaqlarda ailə tərbiyəsi, məktəb illərində müəllim əməyi böyük rol oynayır. Axı, bizi başqa xalqlardan, millətlərdən fərqləndirən də elə bir çox məqamda milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz, mənəviyyatımızdır. Bu mənada Azərbaycan ailəsi başqa xalqlarınkından fərqlənir. Ailələrimizdə böyüyə hörmət, ata-anaya sevgi, ehtiramla davranmaq, kiçiklərə qayğı, diqqət əsas göstəricilərdəndir. Bizim gələcək nəsillərə örnək olan əxlaq, tərbiyə simvolu, məhəbbət etalonu kimi hörmətlə anılan nümunəvi ailələrimiz çoxdur. Bu ailələr Azərbaycan xalqına sözün həqiqi mənasında böyük şəxsiyyətlər, dahilər bəxş etmişdir. Bütün türk dünyasına nümunə kimi tanıdığımız xalqımızın ümummilli lideri Heydər Əliyevin, ictimai-siyasi xadim Əziz Əliyevin, xalq şairi Səməd Vurğunun, musiqi dühası Üzeyir bəy Hacıbəylinin, siyasi xadim Əlimərdan bəy Topçubaşovun, maarifçi-pedaqoq Firudin bəy Köçərlinin, böyük ziyalı Həsən bəy Zərdabinin doğulub, boya-başa çatdığı və digər onlarla belə ailələr var.
Müasir nəslin bu istiqamətdə tərbiyəsi: - soy kökümüzdəki, milli mədəniyyətimizdəki, adət-ənənələrimizdəki, milli-mənəvi varlığımızdakı müsbət və mütərəqqi cəhətləri yeniləşdirməkdən, dirçəltməkdən və təlim-tərbiyə prosesində ondan yetərincə istifadə etməkdən ibarətdir. Bu işlərdə ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin, xüsusilə televiziyanın üzərinə böyük vəzifələr düşür. Yəqin ki çoxları “Uzaq sahillərdə” filminə tamaşa edib. Vətəndən çox-çox uzaqlarda, İtaliyada, Adriatik dənizinin sahillərində bakılı Mehdi Hüseynzadənin (partizan Mixaylo) alman faşizminə qarşı etdikləri, eləcə də ötən ilin aprelində erməni işğalçıları ilə döyüşlərdə əsgərlərimizin fədakarlığı, şəhid olanların qəhrəmanlığı ölkəmizin gənclərinə əsl vətənpərvərlik nümunəsi deyilmi?! Tanınmış yazıçı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti”ndə ehtiyac üzündən evinin ən qiymətli əşyasını - Azərbaycan xalçasını almaq istəyən əcnəbiyə Sona ananın: “İtə ataram, yada satmaram” deməsi və ya 1804-cü ildə çar-rus qoşunları komandanı Sisyanovun Gəncəni döyüşsüz təslim etmək istərkən Cavad xanın: “Mən öləndən sonra meyitimin üstündən keçib Gəncəni tuta bilərsiniz” söyləməsi xalqımızın milli qeyrətindən, fədakarlığından, xarakterindən və vətən təəssübkeşliyindən irəli gəlmirmi?!
Filosof alim, professor Səlahəddin Xəlilovun fikrincə, “bu gün mədəni-mənəvi köklərimizə qayıdış istiqamətində, milli mənsubiyyətin təkcə formal surətdə deyil, həm də məzmun baxımından təsbit olunması uğrunda aparılan mübarizə elmi-nəzəri əsaslara malik olmalıdır. Xüsusən televiziyanın, mətbuatın milli mənəviyyata yad elementlərlə dolduğu bir vaxtda mənəvi mühitin qorunması problemi çox aktualdır”.
Bu fikirlərlə tanış olarkən “aktuallıq” müstəvisində televiziya kanallarında mağar toylarından fərqlənməyən gecəli-gündüzlü konsert proqramları, məzmunu, ideyası bazar əhvalatlarından və söhbətlərindən seçilməyən, belə bayağı verilişlər ekranda görüntülənəndə, nədənsə, “Şərikli çörək” filmi yadıma düşür.
Müharibə dövrünün uşaqlarından bəhs edən “Şərikli çörək” filmindəki qırçı Məhəmmədi çoxları tanıyır. Onun balaca Vaqiflə dostluğu tamaşaçılar tərəfindən alqışlarla qarşılanır. Vaqif son ana kimi öz dostuna sadiq olur. Məhəmməd iş vaxtı zədə alıb xəstəxanaya düşdüyü zaman Vaqif onu yoluxmağa gedir. Bu sadə qırçının kədər dolu gözlərinə baxanda hiss olunur ki, o, həyatı boyunca çətinliklər görmüş, çox hadisələrlə üzləşmiş və sanki ömrünün belə çox uzandığından bezmişdir. Müharibənin bu ağır illərində qırçı öz balaca dostunu qəlbindəki işığın hərarəti ilə isitməyə çalışır. Balaca Vaqif də bu hərarətdən qızınır, qırçının çörəyinə şərik olur. Şərikli çörək uşağın bu vaxtacan yediyi və bundan belə yeyəcəyi çörəklərin bəlkə də ən dadlısı, ən şirinidir...
Bu ekran əsərini təsadüfdən xatırlatmadım. “Şərikli çörək” filmi kimi əsərlərdə xalqımızın milli-mənəvi dəyərləri təbliğ olunur. Filmdə Azərbaycan xalqının milli mentalitetindən gəlmə - xeyirxahlıq, dostluqda sədaqət, mübarizlik, zəhmətsevərlik, səxavətlilik, insanlara sevgi, qayğıkeşlik və s. xüsusiyyətlər qabarıq şəkildə verilir, nəsildən-nəslə ötürülür.
Bu gün, müharibə şəraitində yaşadığımız bir zamanda milli-mənəvi dəyərlərimizi vətənpərvərlik və qəhrəmanlıq əməllərimizə, xeyirxahlıq və xeyriyyəçilik məsələlərinə xüsusi yer vermək vətəni necə sevməyi aşılamaq lazımdır. Televiziya ekranlarında ölkəmizin müstəqilliyi və xalqımızın istiqlalı uğrunda çox da uzaq olmayan Azərbaycan Xalq Cümhuriyyəti dövründən, ümumiyyətlə, XX əsrin 20-30-cu illərində erməni-bolşevik birləşmələrinə qarşı vuruşmalarda canlarından keçmiş insanların əməlindən, taleyindən, Solovkidə, Ağ dənizdə, Maqadanda, İrkutskda, Uzaq Şərqdə, Sibirin qarlı-şaxtalı meşələrində, Orta Asiyanın şimal istiqamətində qışda şaxtadan, yayda istidən insan yaşayışı mümkün olmayan çöllərdə həyatını itirən vətən təəssübkeşlərindən söz salmaq əvəzinə, ya kişilərin xanımlara küftə-bozbaş bişirmək texnologiyalarından söhbət gedir, mağar toylarından fərqlənməyən “konsert” proqramları davam edir, ya da dəhşətli, qorxulu, davalı filmlər nümayiş olunur. “Şərikli çörək”dən fərqli olaraq belə filmlərdə yeniyetmə və gənclər onların təsiri altında milli dəyərlərdən uzaqlaşaraq, özünü o cür filmlərin qəhrəmanı olan narkobaronlara, eləcə də rembolara və sair oxşatmağa çalışırlar. Yaşlı nəslin yaxşı yadındadır. Sovet dönəmində cinayətkar aləmdən bəhs edən “Fantomas” filminin nümayişindən sonra qələm-dəftər “oğruları”ndan tutmuş, bank yaranlara kimi hamı hadisə yerində belə bir qeyd qoyurdu: “Fantomas”.
Bu filmin təsirindən idi ki, bir dəfə Nərimanov metro stansiyasının üstündəki yolda beş-altı xarici avtomobil bir maşını dövrəyə alaraq sürücünü kinodakı kimi döyüb ağır zərbələr endirdilər. Bunun çoxları şahidi oldu. Guya barda özünü yaxşı aparmayan birinə imkanlı balaları hücum edərək onu cəzalandırırdılar. Əlbəttə, 4-5 adamın bir nəfəri təpikləməsi qoçaqlıq və ya mərdlik sayıla bilməzdi. Ancaq neynəməli, onlar filmdə elə görüblər, elə də edirdilər. Ona görə də belə filmlər, buna oxşar verilişlər telekanallarda ictimaiyyətə təqdim olunmazdan əvvəl “yüz ölçülüb, bir biçilməlidir”.
Zamanın və dəyişən dünyanın ab-havası bizim hər birimizdən müstəqil Azərbaycanın milli dövlətçiliyini, xalqımızın adət-ənənələrini, qədim geyimlərimizdən, musiqimizdən, folklorumuzdan tutmuş mətbəximizədək, nəyimiz varsa, qorumağı və inkişaf etdirməyi tələb edir. Bir azərbaycanlı kimi milli-mənəvi dəyərlərimiz barədə düşünərkən onu yad təsirlərdən mühafizə etməyi, şərəflə qorumağı və qürurla yaşatmağı unutmamalıyıq.

Rəhman SALMANLI,
“Azərbaycan”