Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nikola Brül: Azərbaycan İsveçrə üçün önəmli tərəfdaşdır

27 Sentyabr 2017
Sentyabrın 27-də Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova İsveçrə Konfederasiyası Xarici İşlər Nazirliyinin Avropa, Mərkəzi Asiya, Avropa Şurası, ATƏT şöbəsinin rəhbəri Nikola Brülün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə İsveçrə arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərin gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bahar Muradova ölkələrimiz arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, iki ölkə arasındakı münasibətlər dostluq, qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığa əsaslanır. Ölkələrimizin yüksək səviyyəli rəsmilərinin qarşılıqlı səfərləri həyata keçirilir. Bu səfərlərin intensivliyi, çoxistiqamətliliyi, müzakirə olunan məsələlər bizi qane edir. Bunlar əməkdaşlığımızın bütün istiqamətlərdə inkişafının göstəricisidir.

Milli Məclis sədrinin müavini qeyd edib ki, Azərbaycan-İsveçrə münasibətlərinin inkişafında parlamentlərin rolu böyükdür. O, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyətini qeyd edib və qarşılıqlı səfərlərin əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Azərbaycan parlamentində 80-dən çox dostluq qrupunun fəaliyyət göstərdiyini deyən Bahar Muradova onların içərisində Azərbaycan-İsveçrə parlamentlərarası dostluq qrupunun intensiv əlaqə saxlayan qruplardan biri olduğunu deyib.

Nikola Brül İsveçrənin Azərbaycanı dost və tərəfdaş ölkə hesab etdiyini və münasibətlərin müxtəlif sahələrdə inkişafında maraqlı olduğunu bildirib. Azərbaycanın İsveçrə üçün önəmli tərəfdaş olduğunu qeyd edən qonaq ölkəmizin çox qısa zaman ərzində qazandığı bütün nailiyyətlərin onda dərin təəssüratlar yaratdığını vurğulayıb.

Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli iqtisadi və siyasi münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.