Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımıza 11 adda dərslik göndərib

22 Sentyabr 2017
 

Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunması istiqamətində tədbirlərini davam etdirir.

AZƏRTAC xəbər verir ki, nazirlik 2017-2018-ci tədris ili üçün Gürcüstandakı azərbaycandilli məktəblərə 11 adda 11.500 ədəd Azərbaycan dili və ədəbiyyatı kitabı, eləcə də müəllimlər üçün metodik vəsaiti göndərib. Bu vəsaitlər sentyabrın 21-də Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəçiliyi ilə bu ölkənin Elm və Təhsil Nazirliyinə təhvil verilib.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin humanitar və mədəniyyət məsələləri üzrə attaşesi Samitə Ağayeva, Gürcüstanın Elm və Təhsil Nazirliyinin əməkdaşları Georgi Qurqenidze, Nana Qilosania iştirak ediblər.

Bildirilib ki, Azərbaycanın Təhsil Nazirliyi bu günədək Gürcüstandakı soydaşlarımıza 85 minədək dərslik və metodik vəsait göndərib. Bu dərsliklər soydaşlarımızın Azərbaycanın tarixi, dili, ədəbiyyatı və mədəniyyəti haqqında biliklərinin artırılmasında mühüm rol oynayır.

Kitablar bir neçə günə məktəblər üzrə paylanacaq.

Səfir D.Həsənov jurnalistlərə müsahibəsində deyib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən 1994-cü ildən qoyulan bu ənənəni Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Prezidenti bu ölkədə yaşayan soydaşlarımızı daim diqqətdə saxlayır. Onların təhsil, sosial və digər problemlərinin həllinə xüsusi fikir verir. Yeni dərsliklərin sayının artması və bu il vaxtında çatdırılması bunu bir daha sübut edir.