Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Norveçli nazir: Hasilatın Pay Bölgüsü Sazişi məhsuldar beynəlxalq enerji əməkdaşlığının yeni səhifəsini açır

14 Sentyabr 2017
 

“Azəri-Çıraq-Günəşli” neft yataqlarında Hasilatın Pay Bölgüsü üzrə yeni Sazişin imzalanması ilə məhsuldar beynəlxalq enerji əməkdaşlığının yeni səhifəsi açılır. Bu Saziş cəlb olunan bütün tərəflər üçün böyük öhdəlikdir. Biz çox şadıq ki, Statoil və onun “AÇG” üzrə tərəfdaşları bu öhdəliyi birlikdə üzərlərinə götürüblər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Norveçin neft və energetika naziri Terje Söviknesin Prezident İlham Əliyevə məktubunda yer alıb.

Norveçli nazir qeyd edir ki, 1994-cü ildə ilk dəfə “Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə Hasilatın Pay Bölgüsü Sazişi imzalandığı zaman müstəqil Azərbaycan ölkənin inkişafı üçün mühüm bir addım atdı. Mərhum Prezident Heydər Əliyev hökuməti Azərbaycanın enerji sektorunun inkişafında iştirak etmək üçün beynəlxalq şirkətləri ölkəyə dəvət etdi. Bu, qarşılıqlı faydalanma və məhsuldar əməkdaşlığın əsasını qoydu. Statoilun Azərbaycandakı fəaliyyəti Norveç və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayır.

Terje Söviknes vurğulayır ki, həm Norveç, həm də Azərbaycan kifayət qədər qlobal enerji təminatçılarıdır. Bugünkü tədbir qarşıdakı onilliklər ərzində bizim Avropanı geniş və sabit enerji ilə təmin edən mühüm iştirakçılar olaraq qalmağımıza aydın siqnaldır. Ümid edirəm ki, əlaqələrimiz gələcəkdə daha da inkişaf edəcək.