Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilidən

14 Sentyabr 2017
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

-Zati-aliləri.

İcazə verin, Sizi “Azəri” və “Çıraq” yataqlarının, eləcə də Xəzər dənizinin Azərbaycan sektorunda “Günəşli” yatağının dərinsulu hissəsinin səmərəli işlənilməsində əldə edilmiş böyük irəliləyiş münasibətilə Gürcüstan Hökuməti adından təbrik edim. İnanıram ki, birgə işlənilmə və Hasilatın Pay Bölgüsü Sazişinin uzadılması tarixi əhəmiyyət daşıyır və Azərbaycanın qlobal enerji təchizatçısı kimi özünü doğrultmaqda davam etdiyini göstərir.

Keçmişə nəzər salaraq görürük ki, Azərbaycan və Gürcüstan enerji sahəsində sıx əməkdaşlığa başladılar. Hər iki ölkə Türkiyə ilə birgə strateji tərəfdaşlığı uğurlu şəkildə qurdu və Cənubi Qafqaz qaz boru kəməri (CQBK), Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Tbilisi-Supsa neft boru kəmərləri kimi qarşılıqlı fayda gətirən enerji layihələri həyata keçirdilər. İllər boyu “Azəri-Çıraq-Günəşli” yataqlarında hasil olunan xam neft Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Aralıq dənizinə və Bakı-Supsa neft kəməri ilə Supsaya ixrac olundu. Gürcüstan etibarlı tranzit ölkəyə çevrildi.

Həmin layihələrin reallaşması göstərir ki, enerji bizim üçün yoxsulluğun azaldılmasında və regional iqtisadi artımın təşviq edilməsində mühüm ilkin şərtə çevrildi. Bu əsasla “Azəri-Çıraq-Günəşli” yataqlarına aid hər hansı irəliləyiş iqtisadi tərəqqini əks etdirir və siyasi əhəmiyyətə malikdir.

Etibarlı tranzit ölkə olaraq və Azərbaycanı strateji tərəfdaş kimi tanıyaraq, Gürcüstan bu cür çox mühüm hadisəni xüsusi alqışlayır və ümid edir ki, əməkdaşlığımız bundan sonra da genişlənəcək və güclənəcək. Biz, həmçinin ümid edirik ki, birgə enerji layihələrinin həyata keçirilməsi Azərbaycanda neft və qaz yataqlarının işlənilməsi əsasında genişlənəcək.

Sizə olan ən yüksək hörmət və ehtiramımı bir daha ifadə edir və ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Səmimiyyətlə,

 

Giorgi Kvirikaşvili

Gürcüstanın Baş naziri