Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ermənistan vəkillər aksiyasına başladı

14 Sentyabr 2017
 

İşğalçı ölkədə ana körpəsini 400 dollara satdı

 

Ermənistanda 180-dən artıq vəkilin aclıq aksiyasına başlaması ölkə gündəminin ən çox müzakirə olunan mövzularından birini təşkil edir. Məlumat üçün bildirək ki, vəkillər məhkəmələrdə və cəzaçəkmə müəssisələrində qanunsuz araşdırmalar və axtarışlara qarşı etiraz edirlər.

Bundan əvvəl də vəkillər üzləşdikləri qanunsuzluqlarla bağlı aksiya keçirəcəklərinə dair xəbərdarlıqlar etmişdilər. Amma hakimiyyət bundan nəticə çıxarmadığı üçün onlar aksiyalara dünəndən start verdilər.

Məlumatlara görə,  vəkillər təşkil edilən etirazlar zamanı öz problemlərini də müzakirə edərək, hakimiyyət qarşısında müəyyən şərtlər irəli sürməyə hazırlaşırlar. Müzakirələrdə vəkillər palatasının sədri Ara Zöhrabyan da iştirak edir. Yol verilən qanunsuzluqlarla bağlı bəyanat yayan vəkillər hüquq müdafiəçilərinə, onların peşələrinə, toxunulmazlıqlarına qarşı aparılan hücumlara və Ermənistanda insan hüquqlarına münasibətin getdikcə dözümsüz hal almasına qarşı etiraz etdiklərini bildiriblər. Vəkillər öz bəyanatlarında qeyd ediblər ki, bu addımla onlar Ermənistandakı hüquq müdafiəçilərinin fəaliyyətini əngəlləyən çirkin təzahürlərin aradan qaldırılmasına diqqət çəkməyə çalışırlar.

Bir daha qeyd edək ki, ötən ilin iyulunda Yerevanda baş verən silahlı qiyamla bağlı həbs olunan 18 nəfərin məhkəməsi ətrafında qalmaqal getdikcə artır. “Sasna Srer” qrupunun vəkilləri məhkəmə zalına polisin müşayiəti ilə yoxlanıldıqdan sonra buraxılırlar. Bu da hüquq müdafiəçilərinin narazılığına səbəb olub. Onlar bunun məhkəmə haqqında qanunlara zidd olduğunu bəyan edirlər. Vəkil İnessa Petrosyan bildirir ki, Ermənistan ali məhkəməsində oturanlar səriştəsizdirlər və prosesdən əvvəl hüquq müdafiəçilərinin üzərində yoxlama aparılması düzgün deyil.  Vəkilin şikayətinə baxmayaraq, digər həmkarlarının da üzərində yoxlama aparıldığını görəndən sonra hüquq müdafiəçiləri aclıq aksiyasını son çıxış yolu olaraq görürlər.

Bütün bunlarla bağlı olaraq ötən ilin iyulunda Yerevanda baş verən silahlı qiyamla bağlı həbs olunan 18 nəfərin məhkəmə prosesi yenə təxirə salınıb. Hüquq müdafiəçiləri qeyd edirlər ki, Ermənistan prokurorluğu hər vəchlə bu insanların işini ağırlaşdırmağa çalışır. Ona görə məhkəmə prosesi müxtəlif bəhanələrlə uzadılır.

Baş verənlər həm də Ermənistanda insan hüquqları ilə bağlı pozuntuların baş alıb getdiyni göstərir. Ümumiyyətlə, ermənilər özləri də etiraf edirlər ki, Ermənistan korrupsiyalaşmış, insan ləyaqətinin tapdalandığı və insan həyatının dəyərsiz olduğu ölkədir. Məhz bu şəraitdə  ölkədə yaşayan ermənilərin yeganə xilas yolu miqrasiya və xaricdə işədüzəlmə üzrə proqramlardır. Erməni ekspert Karina Rubenyan hesab edir ki, kütləvi miqrasiyanın əsas səbəbi insan hüquqlarının kobud şəkildə pozulması, erməni cəmiyyətinin həddindən artıq qütbləşməsidir. O bildirib ki, ölkəni bundan sonra çox sayda insan tərk edəcək. Qeyd edək ki, ermənilərin milli fəlakət miqyası alan miqrasiya ilə bağlı həyəcan təbili çalması ilk dəfə deyil. Buna baxmayaraq, Ermənistanı insanların tərk etməsi prosesi sürətlə davam edir.

Belə bir vaxtda vəkillərin etiraz aksiyası keçirməsi vəziyyətin kifayət qədər acınacaqlı olduğunu aydın surətdə nümayiş etdirir. Bu vəziyyətdə ölkədən daha çox insanın qaçaq düşməsi qaçılmaz sayılır.

Onu da qeyd edək ki, sosial-iqtisadi müstəvidə böyük problemlər yaşayan Ermənistanda əhalinin maddi durumu getdikcə ağırlaşır, insanlar hətta gündəlik qida məhsullarına olan tələblərinin ödənilməsində belə çətinliklə üzləşirlər. Yaranmış vəziyyətdə iş o həddə çatıb ki, valideynlər uşaqlarını belə satmağa məcbur olurlar. Yerli mətbuatın verdiyi xəbərə görə, Yerevanda  32 yaşlı qadın 2 aylıq uşağını 400 ABŞ dollarına satıb. Artıq məsələnin polisin nəzarətinə götürüldüyü bildirilib.

Bütün yaşanan bu hadisələr isə hakimiyyətdə olan rejimə və şəxsən Serj Sarkisyana qarşı ümumxalq nifrəti gündən-günə artmaqdadır.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”