Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan ilə Vyetnam arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib

13 Sentyabr 2017
Xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına rəsmi səfəri çərçivəsində Vyetnamın sənaye və ticarət naziri, Azərbaycan-Vyetnam Hökumətlərarası Birgə Komissiyasının həmsədri Tran Tuan Anh ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Vyetnam arasında əlaqələrin dərin köklərə söykəndiyi vurğulanaraq, bu xüsusda Vyetnam Sosialist Respublikasının ilk Prezidenti Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfəri və ulu öndər Heydər Əliyevin 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Vyetnama səfərinin xalqlarımız arasında sıx dostluq münasibətlərinin təməlini qoyduğu diqqətə çatdırılıb.

Söhbət zamanı hazırda ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilərək, 2014-cü il mayın 18-19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin, 2015-ci il mayın 13-15-də isə Vyetnam Sosialist Respublikasının keçmiş Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafına mühüm təkan verdiyi diqqətə çatdırılıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən Şimal-Cənub və Şərq-Qərb dəhlizləri, ölkəmizdə nəqliyyat sektorunun inkişafı və bu əsnada Bakı limanının imkanlarının artırılması barədə həmsöhbətinə məlumat verib və Şimal-Cənub nəqliyyat dəhlizinin Vyetnamın ixrac məhsullarının Avropa bazarına çıxarılması üçün əlverişli imkanlar təmin edə biləcəyini qeyd edib.

Vyetnamın Avropa İttifaqı bazarına ixracının artmaqda olduğunu qeyd edən nazir Tran Tuan Anh bu xüsusda nəqliyyat və logistika imkanlarının genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq Azərbaycan tərəfinin bu cəlbedici təklifinin mütləq şəkildə nəzərdən keçiriləcəyini deyib.

Görüş zamanı Azərbaycan və Vyetnam arasında iqtisadi, ticarət, enerji, təhsil sahələrində əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycanın neft avadanlığı istehsal edən müvafiq şirkətlərinin məhsullarının Vyetnam bazarına çıxarılması imkanları müzakirə edilib. Bu istiqamətdə Birgə Komissiya çərçivəsində müvafiq işlərin aparılacağı vurğulanıb.

Səfərdə Milli Məclisin deputatı Rauf Əliyev də iştirak edir.