Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İnsan hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin əsas məramlarındandır

13 Sentyabr 2017
 

Demokratiya, insan hüquqlarına hörmət və inkişaf bir-biri ilə üzvi surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir. Təsadüfi deyil ki, cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmət olmadan mümkün deyil. 

Bu mənada insan hüquqları müxtəlif iqtisadi-siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu çağdaş dövrümüzdə insanları və cəmiyyətləri birləşdirən əsas meyardır. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyətdir.
Azərbaycanda insan hüquqlarının demokratik dünyada qəbul edilmiş dəyərlər çərçivəsində təmini hüquqi dövlətçiliyin əsas prinsiplərindən biri kimi nəzərdən keçirilir. Təsadüfi deyil ki, hələ dövlət müstəqilliyini bərpa edərkən respublikamız demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdi. Dövlət müstəqilliyimizin ilk illərində insan hüquq və azadlıqlarının təmin olunması, söz, vicdan, sərbəst toplaşmaq və digər bu kimi azadlıqlar Azərbaycanın demokratik inkişafının mühüm və ayrılmaz tərkib hissələri kimi qəbul edilsə də, real mənzərə fərqli idi. Təbii ki, dövlət quruculuğunun həyata keçirilmədiyi, idarəçiliyin düzgün aparılmadığı bir cəmiyyətdə insan hüquq və azadlıqları da təmin oluna bilməzdi.
Bu mənada Azərbaycanda demokratikləşmənin əsas mərhələsi, insan hüquqlarının qorunması sahəsində işlər məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başladı. Tarixə ekskursiya etsək, Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında insan hüquq və azadlıqları sahəsində hansı nailiyyətlərin qazanıldığını görmək olar. 1993-cü ildə ölüm hökmü üzərində moratoriumun qoyulması Azərbaycanda insan hüquqlarının təmini sahəsində köklü addımların atılacağından xəbər verirdi və belə də oldu. Ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı, onun ləyaqətinə hörmət dayandı. Azərbaycan Respublikasının ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyasında isə insan və vətəndaş hüquqlarının və azadlıqlarının geniş təsbit edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edildi. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyuldu. Bir sözlə, dövlət siyasi-hüquqi potensialından tam istifadə etməklə bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər həyata keçirdi. Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla parlamentin seçilməsinin təməli qoyuldu.
Ulu öndərin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci il tarixli fərmanı ilə insan hüquq və azadlıqlarının təmini istiqamətində müəyyənləşdirilən strateji məqsədlər - insan hüquqlarının müdafiəsinə dair dövlət proqramının hazırlanmasına, İnsan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılmasına, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmin olunmasına dair təkliflərin hazırlanması, hüquqi islahatların həyata keçirilməsi ilə əlaqədar normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi və icrası idi. Bu islahatların icrasını isə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiqlənməsi təmin etdi. Bununla da ölkənin konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər yeni inkişaf mərhələsinə qədəm qoydu. Ölkənin demokratik inkişafı ilə bağlı bu qərarlar indi də aktuallığını itirmir və inkişafın əsas istiqamətlərini, strateji hədəfləri müəyyən edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli liderin bu istiqamətdə həyata keçirdiyi siyasi kursu layiqincə davam etdirir. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməsindən ötən 14 il ərzində insan hüquqlarının təmini ilə bağlı həyata keçirilən işlər davam edib, bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq daha da inkişaf etdirilib. Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” bu sahədə dövlət proqramının məqsədlərini gerçəkləşdirib. Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir. 27 dekabr 2011-ci il tarixdə ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi isə bu siyasətin məntiqi davamı olmuşdur. Beləliklə, insan hüquqları sahəsində həyata keçirilən islahatların davamı olaraq yeni normalar nəzərdə tutan normativ-hüquqi aktların hazırlanması, yeni qanun layihələrinin qəbulu, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələrin müəyyən edilməsi insan hüquq və azadlıqlarının daha səmərəli təmininə verilən ən mühüm töhfələrdəndir.
Bu gün ölkəmizdə dilindən və dinindən, irqindən, əqidəsindən, ictimai mənşəyindən, etnik və cinsi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın azad yaşamaq və dövlətin idarə olunmasında bərabər əsaslarla iştirak etmək hüququ var. Bu cür imkanı isə yalnız azad, demokratik, milli və bəşəri dəyərlərə üstünlük verən cəmiyyətdə qazanmaq mümkündür.
Yeni inkişaf mərhələsinə qədəm qoymuş respublikamızda sosialyönümlü iqtisadiyyatın tərəqqisi, islahatların dərinləşməsi, xüsusən əsas prioritetlərdən olan qeyri-neft sektorunun yüksəlişində mühüm nailiyyətlərin əldə edilməsi və neft gəlirlərinin bu sahənin çiçəklənməsinə yönəldilməsi, azad sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılması, minlərlə yeni iş yerlərinin açılması, habelə işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına ünvanlanmış tədbirlərin həyata keçirilməsi inkişafın davamlılığının təmin olunmasına təkan verməklə yanaşı, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsində və etibarlı müdafiəsində də əhəmiyyətli imkanlar yaradır.
Məsələn, sahibkarlıq sahəsində vergi borclarının tənzimlənməsinin təkmilləşdirilməsi, apelyasiya şuralarının yaradılması, yoxlamaların minimuma endirilməsi, lisenziya və icazələrin verilməsində “bir pəncərə” sisteminin tətbiqi və bu sahədə həyata keçirilən başqa tədbirlər dövlət tərəfindən sahibkarlara yaradılmış geniş imkanların, habelə onların azad və sərbəst fəaliyyətinə dəstəyin bariz nümunəsidir.
Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı da insan hüquqlarının effektiv təmini istiqamətində həyata keçirilən islahatların davamlılığı baxımından yeni mərhələ oldu. Bu sərəncam mahiyyətcə hərtərəfli olmaqla, özündə insan hüquq və azadlıqlarının əsas prinsiplərini, azadlıq hüququnun təmini baxımından isə strateji, yeni və kompleks yanaşmaları, əsaslı dəyişiklik və əməkdaşlığı özündə ehtiva edir.
Xatırladaq ki, bu sərəncam bir sıra hallarda məsuliyyətə cəlb olunmuş şəxslərlə bağlı cəmiyyətdən təcrid olunmamaq şərtilə alternativ cəza tədbirlərinin həyata keçirilməsinə tam imkan yaradır. Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyev “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılması üçün aidiyyəti orqanlara tapşırıq verib. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qeyd etdiyi kimi bu, Azərbaycanda demokratik prinsiplərin, söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsinə dair Azərbaycan Prezidentinin dəyişməz mövqeyi və ali iradəsinin təcəssümüdür.
Azərbaycan Prezidenti İlham Əliyevin Aleksandr Lapşini də əvf etməsi ölkə rəhbərliyinin daim humanist siyasətinin göstəricisidir. Tutularaq Azərbaycana gətirilməsi və burada məhkəmə qərarı ilə həbsi A.Lapşin üçün yaxşıca dərs oldu Yəqin ki, bundan sonra xarici ölkə vətəndaşı olan heç bir bloqer onun aqibətini yaşamaq istəməz.
Respublikamızda hüquqi, iqtisadi və sosial sahələrdə həyata keçirilən islahatlar istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə müsbət dəyərləndirilir. Bu gün Azərbaycan dünyada hüquqi dövlət ideyasının reallaşdığı, insan hüquq və azadlıqlarının etibarlı təmin olunduğu, şəxsiyyət, vətəndaş və cəmiyyət münasibətlərinin demokratik prinsiplərə əsaslandığı, müxtəlif milli-dini sivilizasiyaların qovuşduğu tolerant ölkə kimi tanınır. Bu sahədə həyata keçirilən səmərəli tədbirlər ölkəmizin demokratik prinsiplərə, insan hüquqları dəyərlərinə böyük önəm verdiyini nümayiş etdirir.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”