Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xalqın sabahına hər birimiz cavabdehik

12 Sentyabr 2017
 

Mənəvi dəyərlər həm də hər bir millətin varlığının təsdiqidir. Onlar ən gözəl keyfiyyətlərin, ən ali duyğuların təcəssümüdür. Bu fərd olaraq da, cəmiyyət olaraq da belədir: mənəvi dəyərləri itirmək məhvə məhkumluqdur. Çünki cismən həyatda qalmaq hələ yaşamaq, var olmaq deyil.

Mənəvi dəyərlər nəsillərdən-nəsillərə ötürülən misilsiz sərvətdir, əmanətdir. Ən böyük qələbələrin təməlində cəmiyyətin mənəviyyatında qorunub saxlanılan, mühafizə edilən saflıq, təmizlik dayanır. Tarixdə baş verən hadisələr də bunu dönə-dönə təsdiq edib. Çox zaman güclü orduların, texniki tərəqqinin nail ola bilmədiyi nəticələr cəmiyyətdə kök atan sağlam mühitlə, təmiz mənəviyyatla qazanılır.

Azərbaycan xalqının ən böyük xoşbəxtliyi də bundadır ki, əsrlərin sınağından çıxmış ülvi dəyərləri, gözəl adət-ənənələri var. Onları hifz etmək, qiymətli miras kimi yeni nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur.

Ən böyük mənəvi dəyərlərdən biri də vətən, yurd düşüncəsidir. Seçdiyi yüksək tərəqqi yolunda qətiyyətlə addımlayan müstəqil ölkənin vətəndaşı olmaq hər xalqa nəsib olan səadət deyil. Buna görə hər bir azərbaycanlı  qürur duymalı, fəxr etməlidir. Əsrlər boyu bu yolda canını fəda edənlərimiz oldu. Onlar bugünkü nəslə azad, müstəqil bir Azərbaycan bəxş ediblər. Dünyanın inkişaf etmiş ölkələri sırasında artıq o da öz adını, ünvanını bəlli edir. Sevindirici haldır ki, biz yalnız öz ölkəmizin hüdudları çərçivəsində sülh, əmin-amanlıq istəmirik. Azərbaycan xalqı ümumbəşəri duyğuları, mütərəqqi dəyərləri hər zaman uca tutur. Biz bütün dünyada sülhün bərqərar olmasını istəyirik. Xalqımızın əsrlər boyu yaşatdığı milli-mənəvi, əxlaqi dəyərlər, tarixən formalaşmış ənənələr də, dövlətimizin siyasəti də bunu təsdiq edir.

Xalqın mədəni dəyərlərinin assimilyasiyaya məruz qalması halları sonradan düzəldilməsi mümkün olmayan problemlərə, hətta faciələrə yol aça bilər. Bunu da unutmaq olmaz ki, mənəvi dəyərlərini qoruyan, yaşadan hər bir cəmiyyət gənclərin tərbiyəsinə, təhsilinə, hətta əyləncəsinə belə diqqət yetirməlidir. Çünki onlar cəmiyyətin və dövlətin ən böyük gücüdürlər. Buna görə də müsbət və mənfi mənada hər zaman hədəfə çevrilə bilirlər.

Azərbaycan cəmiyyəti və dövləti gəncliyi qorumağı, onun təlim-tərbiyəsini düzgün istiqamətləndirməyi prioritet məsələ kimi hər zaman ön sırada saxlayır. Prezident İlham Əliyevin milli mədəniyyətin, mənəvi və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması siyasəti bunun bariz göstəricisidir.

Müasir qloballaşmanın, elmi-texniki tərəqqinin sürətli inkişafı mütərəqqi dəyişikliklərə yol açdığı dövrdə Azərbaycan gənclərinin bütün sahələrdə nailiyyətlər qazanması təqdirəlayiqdir. Gənclərin əylənmək həvəsi də təbiidir. Ancaq əyləncə ifrat aludəçiliyə çevrilməməli, mənəvi dəyərlərin itirilməsi ilə nəticələnməməlidir. Son vaxtlar təəssüf doğuran hallardan biri də budur ki, maddi bolluq, firavanlıq içərisində, imkanlı ailələrdə böyüyən gənclərin tərbiyəsində bəzən qüsurlara rast gəlirik. Amma nöqsanlar yalnız bundan ibarət də deyil.

Gəncliyə diqqət, qayğı göstərilməlidir. Böyüklərin biganəliyi, laqeydliyi ucbatından cəmiyyət daha bir problemlə üz-üzə qalmamalıdır. Bu cür məsələlərdə heç kim məsuliyyətdən kənara çəkilməməlidir. Ailələr, məktəblər unutmamalıdırlar ki, insan tərbiyə edirlər. Onların bu gün göz yumduqları nöqsanlar sabah islaholunmaz tərbiyəsizliklərə, həlli müşkül problemlərə çevriləcək.

Fikrimizcə, bugünkü gənclərin potensialını nəzərə alaraq onları da məsuliyyətdən azad etməməliyik. Bütün dünyada gedən elmin, texnikanın inkişafından bircə addım geridə qalmayan Azərbaycan gəncləri çox böyük gücə, istedada malikdirlər. Nəhayət, onlar unutmamalıdırlar ki, qismətlərinə tarixi bir dövrdə yaşamaq düşüb. Bu xalqın başına ən böyük bəlalar unutqanlığı ucbatından gəlib. Bəzən diqqət yetirmədiyimiz, əhəmiyyət vermədiyimiz, kiçik hesab etdiyimiz bir məsələ, bir söz, bir ad sabah ilan kimi hər birimizin ayaqlarına dolaşır, bizi çalmaq üçün fürsət axtarır. Bunu torpaqlarının 20 faizi hələ də düşmən işğalı altında olan, soydaşları şəhid edilən, illərdir əsir götürülmüş yüzlərlə yurddaşının taleyindən hələ də bixəbər qalan millətin nümayəndəsi yaxşı bilməlidir.

Bu xalqın sabahına hər birimiz cavabdehik. Ayıq-sayıq olmalıyıq. Sabahımız naminə cavabdehliyimizi unutmamalıyıq.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”