Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan xarici investorlar üçün cəlbedicidir

10 Sentyabr 2017
 

Bu ilin altı ayı ərzində ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub

 

Azərbaycan iqtisadi siyasəti milli iqtisadiyyata təsir edən xarici və daxili iqtisadi amilləri, ortamüddətli proqnozları nəzərə almaqla həyata keçirir. Bu səbəbdən hazırda respublikamızda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzindədir. Milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlər isə qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edir. Həmin tədbirlər sırasında son illər investisiya siyasətinin diqqət mərkəzində saxlanılması ciddi əhəmiyyətə malikdir.
Bu gün dünya ölkələrinin üzləşdikləri mürəkkəb sosial-iqtisadi problemlər fonunda Azərbaycanda təmin olunan təhlükəsizlik, makroiqtisadi sabitlik əlverişli biznes və investisiya mühiti yaradıb. Hazırda etibarlı tərəfdaş olan Azərbaycan daxili imkanları hesabına böyük iqtisadi, maliyyə və digər resurslar tələb edən layihələr həyata keçirir. Özünü müasir, güclü dövlət kimi təqdim edən Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə dünyada öncül yerlərdədir.
Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev Azərbaycanda investisiya siyasətinin həyata keçirilməsi barədə deyib: “Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək...”
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulan layihələrin sahibkarlıq subyektlərindən qəbuluna xüsusi önəm verir. Bu zaman investisiya layihələrində əsas diqqət maliyyə baxımından əsaslandırılan və iqtisadi cəhətdən səmərəli olan, beynəlxalq standartlara uyğun gələn müəssisələrin yaradılmasına və həmin obyektlərdə ixracyönümlü və idxaləvəzləyici məhsulların istehsal edilməsinə yetirilir.
Ümumilikdə isə Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki respublikamızda əcnəbi investorların səmərəli fəaliyyəti məqsədi ilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb, “açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib. Bundan əlavə, son illərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 60-dan çox saziş imzalanıb. Avropa İttifaqının 23 üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb.
Bu gün Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna investisiya qoyan xarici qurumlar arasında İslam İnkişaf Bankı və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası daha çox diqqət çəkir. Hər iki struktur ölkəmizdə bir sıra yeni layihələrdə fəal iştirak edir, qeyri-neft sahələrinin inkişafına maliyyə dəstəyi göstərir. İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, indiyədək İslam İnkişaf Bankı tərəfindən ölkəmizə iqtisadiyyatın müxtəlif sahələri üzrə layihələr çərçivəsində 1 milyard ABŞ dollarına yaxın vəsait ayrılıb. Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası tərəfindən isə Azərbaycana kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı 130 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb.
İnvestisiya qoyuluşuna marağın getdikcə artması ölkəmizin sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla yanaşı, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial mövcuddur. Son 10 il ərzində iqtisadiyyatın 3 dəfə artması, müasir infrastruktur yaradılması, yüzlərlə müəssisənin fəaliyyətə başlaması bunun göstəricisidir. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır.
Son illərdə sahibkarlıq fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılmasının xüsusi diqqət mərkəzində saxlanılması da investisiya şəraitini daha yaxşılaşdırıb. Şübhəsiz ki, bu da yerli investorların fəaliyyətinə öz müsbət təsirini göstərib. Lakin bütün bunlarla bərabər, özəl sərmayənin cəlb edilməsində hələ də müəyyən problemlər tamamilə aradan qaldırılmayıb. Əlbəttə, belə hal dövlət başçısını narahat edir. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bununla bağlı deyib: “...Biz çalışmalıyıq ki, daxili sərmayəni də cəlb edək. Daxili sərmayə deyəndə, mən dövlət investisiyalarını nəzərdə tutmuram. Onsuz da biz bunu edirik və Dövlət İnvestisiya Proqramı uğurla icra olunur və tam icra edilməlidir. Buraya məktəb, xəstəxana, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, infrastruktur layihələri, yol salınması və sair daxildir. Mən özəl sərmayəni nəzərdə tuturam. Özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da, mən bunu demişəm, bir daha demək istəyirəm ki, daha fəal olmalıdırlar. Xüsusilə, bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var. Bəzi hallarda investorlara kömək etmək əvəzinə, problemlər yaradılır. Bunlara son qoyulmalıdır. İlin sonunda dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub.
Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək...”
Göründüyü kimi, ölkə rəhbəri respublikanın sosial-iqtisadi sahələrinə özəl sərmayə qoyuluşuna xüsusi diqqət yetirir və bununla əlaqədar müvafiq qurumlara konkret tapşırıqlar verir. İxracın və investisiyaların təşviqi mexanizmlərinin formalaşdırılması, idxal-ixrac əməliyyatları sahəsində mütərəqqi mexanizmlərin (yaşıl dəhliz, elektron bəyanetmə və s.) tətbiq edilməsi, dövlət satınalmalarında yerli malların xeyrinə güzəştlər müəyyən olunması, kənd təsərrüfatının ənənəvi sahələrinin (pambıqçılıq, tütünçülük, ipəkçilik) inkişafı üçün subsidiyalar nəzərdə tutulması, kiçik sahibkarlığın, o cümlədən ailə təsərrüfatlarının dəstəklənməsi məqsədilə Ailə Biznesinə Asan Dəstək (“ABAD”) mərkəzlərinin yaradılması da ölkədə investisiya mühitinin diqqət mərkəzində saxlanılmasından xəbər verir.
Qloballaşan dünya iqtisadiyyatında baş verən mənfi tendensiyalar demək olar ki, bütün ölkələrdə sərmayə qoyuluşunu azaldıb. Ancaq ölkəmizdəki yaxşı investisiya imkanları və Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir. Dövlət başçısının tapşırıqlarına əsasən, investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərin nəticəsidir ki, Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir. Keçən il ölkə iqtisadiyyatına 11 milyard 700 milyon dollar sərmayə qoyulub. Bunun 8 milyardı xarici, 3,7 milyardı isə daxili sərmayədir.
Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Respublikamızın xarici dövlətlərlə münasibətlərinin inkişafında investisiya əməliyyatları mühüm rol oynayır. Bunun nəticəsidir ki, təkcə son 14 il ərzində Azərbaycana 200 milyard dollardan artıq sərmayə yatırılıb.

Elgün MƏNSİMOV,
“Azərbaycan”