Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Elm-ali təhsil siyasəti və menecmentinin müasir modelləri

10 Sentyabr 2017
 

XXI əsrin prioritet çağırışlarına cavab vermək, elmi potensialı dayanıqlı iqtisadi inkişafın əsas resurslarına çevirmək, istehsaledici bilikləri və innovasiyaları yeni məhsullara və texnologiyalara transformasiya etmək kimi taleyüklü problemlərin həlli elm-ali təhsil siyasəti və menecmentinin vahid mərkəzdən həyata keçirilməsinin aktuallığını günün vacib məsələləri sırasına çıxarmışdır.

Bu kontekstdə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edə biləcək yeni avanqard sektorların müəyyənləşdirilməsi, hasilata nisbətən emalın, qeyri-texnoloji sektorlara nisbətən yüksək texnologiyalara əsaslanan sektorların, dövlət sahibkarlığına nisbətən özəl sahibkarlığın və digər vacib komponentlərin inkişaf etdirilməsi hesabına milli iqtisadiyyat strukturunun yenilənməsinə istiqamətlənmiş proqram sənədidir. Strateji Yol Xəritəsi ölkə iqtisadiyyatının mövcud inkişaf bazasını, qlobal və regional prioritetləri əsas götürməklə 11 avanqard sektorun 12 strateji yol xəritəsi üzrə qısamüddətli - 2020-ci ilədək, ortamüddətli - 2025-ci ilədək və uzunmüddətli - 2025-ci ildən sonrakı dövrləri əhatə edərək yüksək texnologiyaya əsaslanan inklüziv iqtisadiyyatın formalaşdırılmasını hədəf götürmüşdür.
Yüksək texnoloji inkişafın əsas prioritetləri innovasiya cəmiyyətinin yeni mərhələsinə - biliyin generasiyası, yayımı və istifadəsi əsasında qurulmuş iqtisadiyyatın formalaşmasına yönəldilməlidir. Elmi nəticələrin, innovasiyaların yeni məhsullara, unikal vərdiş və qabiliyyətlərə transformasiyası və daim yeniləşməkdə olan fəaliyyət sahələrinə tətbiqi texnoloji inkişafın əsaslarını təşkil edir. İntellektual fəaliyyətə qoyulan investisiya resurslardan ən səmərəli istifadə üsuluna çevrilir. İstehsalın intensivləşməsi və elmi-texniki tərəqqinin nəticələrindən istifadə innovasiya siklinin kəskin ixtisarına və texnologiyaların yeniləşmə tempinin sürətlənməsinə səbəb olur.
Son illər Azərbaycanda həyata keçirilən dövlət siyasəti, o cümlədən Təhsilin inkişafı üzrə Dövlət Strategiyası, Sənayenin İnkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı, kiçik və orta biznesin inkişafına yönəldilmiş texnopark, sənaye parkı, sənaye məhəlləsi kimi innovasion strukturların yaradılması və bu qəbildən olan digər tədbirlər ölkənin elm, innovasiya və təhsil potensialını yeni texnoloji platformalar yaratmaq strategiyasına istiqamətləndirməyə xidmət edir. Texnoloji yüksəlişə nail olmaq üçün bu mərhələni artıq keçmiş ölkələrin qabaqcıl təcrübəsi öyrənilməklə vahid dövlət siyasəti və menecmentinə istiqamətlənmiş elm-təhsil-iqtisadiyyat əlaqələrinin daha məhsuldar arxitekturasının formalaşdırılması məqsədyönlü olardı.
Elm-ali təhsil siyasəti və menecmentinin müxtəlif mənbələrdən həyata keçirilməsi “fundamental tədqiqatlar-tətbiqi tədqiqatlar-sənaye istehsalı” siklinin komponentləri arasında əlaqələrin zəifləməsinə gətirib çıxarır. Nəticədə elmi-tədqiqat sektorunun inkişaf tempi ölkə iqtisadiyyatının inkişaf tempindən geri qalır və sahibkarlığın yeni texnologiyalara olan ehtiyaclarına cavab vermir.
Çağdaş dünyanın çağırışları kontekstində elm-ali təhsil-sahibkarlıq əlaqələrinin vahid mərkəzdən idarə olunmasının yeni arxitekturasının hazırlanmasında bu mərhələni artıq keçmiş texnoloji cəhətdən inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən istifadə etmək faydalı olardı.Bu baxımdan son illər Fransada həyata keçirilən islahatlar Azərbaycan üçün də səciyyəvidir. Belə ki, hər iki ölkədə həm elmin institusion təşkili və funksional formalarında, həm də dövlət menecmenti stilində kifayət qədər nəzərəçarpacaq oxşarlıqlar vardır.
Fransadan fərqli olaraq, Azərbaycanda elm siyasəti və menecmentində çoxqütblük mövcuddur: universitet elmi Təhsil Nazirliyindən, Elmlər Akademiyasının institutları Elmlər Akademiyasının Rəyasət Heyətindən, korporativ elm müvafiq nazirliklər və şirkətlər tərəfindən, elmin layihə prinsipi əsasında maliyələşdirilməsi Dövlət Elm Fondu tərəfindən, ali və orta ixtisas məktəblərinə tələbə qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Əlbəttə, ümumavropa ali təhsil məkanına inteqrasiyanı qarşısına məqsəd qoymuş elm-təhsil sistemi üçün elm-ali təhsil əlaqələrinin idarə olunmasında çoxqütblük xarakterik hal sayıla bilməz.
Fransada hələ keçən əsrin 50-60-cı illərində formalaşmış elmi inkişafın idarə olunması üzrə dirijist sistemin səmərəliliyini yüksəltmək üçün 2013-cü ildə “Ali təhsil və elm haqqında” yeni qanun qəbul edildi. Qanunun prinsipləri əsasında elm-ali təhsil strategiyalarının reallaşdırılması üçün müvafiq idarəçilik orqanları və proqramları - “Yeni milli tədqiqat strategiyası”, “Fransa-Avropa 2020”,”Ali təhsil üzrə milli strategiya”,”Yeni industrial Fransa”,”İnnovasiyaların vergi stimullaşdırılması sistemi” formalaşdırıldı. Bu orqanlar tərəfindən strategiyaların reallaşdırılmasının əsas istiqamətləri, fəaliyət proqramları, monitorinq və nəticələrin qiymətləndirilməsi üsulları işlənib hazırlandı.”Ali təhsil və elm haqqında” qanun Fransa tarixində ilk dəfə olaraq bir hüquqi aktda iki sistemin inkişaf məsələlərini əhatə etməklə elm və təhsil birlikləri arasında əlaqələri daha da möhkəmləndirmək və müxtəlifləşdirmək, elmi tədqiqatların keyfiyyətini yüksəltmək, tədqiqatların nəticələrini iş yerlərinə transformasiya etmək məsələlərini ön plana çəkdi.
Fransada elm-təhsil siyasətinin əlaqələndirilməsi Milli Təhsil, Ali Təhsil və Elm Nazirliyi tərəfindən həyata keçirilməyə başladı. Nazirliyin Elm və innovasiyalar üzrə baş idarəsinə elmi-innovasion inkişafda iştirak edən digər nazirliklər və maraqlı subyektlər arasında drayver funksiyasını yerinə yetirmək həvalə olundu. Elmi tədqiqatların maliyyələşdirilməsi Elm və Ali Təhsil üzrə Nazirliklərarası Missiyaya tapşırıldı. Elmi tədqiqatlar və ali təhsilin keyfiyyətinin və nəticəliliyinin qiymətləndirilməsi xidmətlərinin Elmi Tədqiqatların və Ali Təhsilin Qiymətləndirilməsi üzrə Ali Şura tərəfindən həyata keçirilməsi elmin və təhsilin rəqabət qabiliyyətinin yüksəldilməsinə şərait yaratdı. Fransada elmi tədqiqatların maliyələşdirilməsində daha bir kəsərli alət layihələrin maliyyələşdirilməsi üzrə Dövlət İnvestisiya Bankıdır. İndustrial inkişaf proqramları və innovasion texnologiyaların transferi layihələri bu bank tərəfindən maliyələşdirilir. Bankın 21 milyard avroluq kapitalı və Fransanın 42 regionunda filialları vardır.
Dünyada innovasion liderlər kimi qəbul edilən Almaniya, Böyük Britaniya və Yaponiyada da fundamental elmi tədqiqatların konkret nəticələrə istiqamətləndirilməsi trendinə üstünlük verilir. Bu ölkələrdə elmə dövlət dəstəyinin yeni strukturu hazırlanmış, elmi inkişafın maliyyə qaynaqlarının şaxələndirilməsi mexanizmləri yaradılmış, elmə sərmayə qoyan müəssisələrə vergi stimullarının daim təkmilləşdirilməsi sistemi tətbiq olunmuşdur. Bu məqsədlə elmi tədqiqatlara bank kreditləri və dövlət subsidiyaları ilə bir sırada vergi krediti, innovasion qrantlardan, intellektual mülkiyyətdən gələn gəlirlərin vergi ilə yükləməsinin xüsusi rejimi və s. kimi əlavə güzəştlərdən də geniş istifadə olunur.
Avropa təcrübəsi göstərir ki, elm-təhsil-iqtisadiyyat proqramlarının operator funksiyası eyni vaxtda bir heçə təşkilata həvalə oluna bilər.Məsələn, ali təhsil və elmi tədqiqatlar sahəsində proqramın operatoru funksiyasını Təhsil Nazirliyi və Elmlər Akademiyası, ekologiya və energetika sahəsində Ekologiya və Energetika nazirlikləri, sənaye klasterləri üzrə İqtisadi İnkişaf Nazirliyi və müvafiq investisiya bankı yerinə yetirə bilər.
Azərbaycan şəraitində bu qəbildən islahatların səmərəli olması üçün elmi inkişafın milli strategiyasının aşağıdakı prinsiplər əsasında qurulması məqsədyönlü olardı:
- elmi tədqiqatları müasir cəmiyyətin qarşılaşdığı qlobal və lokal çağırışlara istiqamətləndirmək, bu çağırışları dövlətin elm siyasətinin konkret məqsədlərinə konvertə etmək, dövlət və biznes tərəfdaşlığı əsasında milli elm və texnoloji inkişafın prioritet sahələrini müəyyən etmək və dəstəkləmək;
- elmi tədqiqatların davamlı inkişafı üçün münbit şərait və stimullar yaratmaq;
- dövlət-bisnes tərəfdaşlığını möhkəmləndirmək, sahibkarlığa və yüksək texnoloji kiçik şirkətlərə dəstək vermək, tədqiqatlara birbaşa xarici investisiyaların cəlb olunmasını stimullaşdırmaq;
- ali təhsil-elm-sahibkarlıq sisteminin komponentlərinin inkişafı və beynəlxalq açıqlığı əsasında bilik istehsalını təmin etmək və milli təhsil ekosisteminin cazibədarlığını yüksəltmək.
Bu prinsiplər Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında bu və ya digər şəkildə öz əksini tapmışdır. Elm-ali təhsil siyasəti və menecmentinin vahid mərkəzdən həyata keçirilməsini təmin edə biləcək institusional və struktur islahatları həyata keçirməklə bu prinsiplərə söykənən tətbiqi mexanizmlərin səmərəliliyini daha da artırmaq mümkündür.Başqa sözlə desək, elm-ali təhsil ekosisteminin öz-özünə bəhrələnmə və öz-özünün təşkilinin təmini üçün mövcud çoxqütblü menecmentin ənənəvi drijist modelinin daha səmərəli və daha çevik dolayı təsir üsulları ilə əvəz edilməsi məqsədyönlü olardı.
Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında elm-ali təhsil-iqtisadiyyat əlaqələrinin inkişafı prinsipləri ümumiləşdirilmişdir. Bu strategiya təhsilin keyfiyyətinin yüksəldilməsi və nəticələrinin tanınması əsasında ümumavropa təhsil məkanına inteqrasiyaya istiqamətlənmişdir. Strategiyanın ayrı- ayrı istiqamətləri üzrə ictimai-dövlət idarəçilik modellərinin tətbiqi və ictimai institutların iştirakı ənənəsi təhsil sisteminin açıqlığının, sadəliyinin və investisiya cazibədarlığının təmin olunmasına xidmət edir. Milli təhsil strategiyasının bir çox prinsipləri- ali təhsil sisteminin bütün dünya üçün açıq olması, ali təhsil müəssisələrinin ərazi baxımından nizamlı paylanması, ali təhsilin inkişafında marağı olan bütün tərəfdaşların koordinasiya prosesində iştirakı, inkişaf üçün resursların kifayət qədər olması və s. Avropa modelinin prinsipləri ilə həmahəngdir.
Ümumavropa təhsil məkanı üçün çoxsəviyyəli təhsil sisteminin daha da şaxələnməsi - peşə bakalavrı, tədqiqatçı bakalavr, peşə magistri, tədqiqatçı magistr səviyyələri üzrə mütəxəssis hazırlığı səciyyəvidir. Avropa təcrübəsinin öyrənilməsi və tətbiqində Horisont 2020, Erasmus Mundus, Erasmus Plus layihələri və Tüninq metodologiyası çox vacib alətlərdir.Bu gün tədris proqramları və planlarının tərtib olunmasında Avropanın 28 olkəsində Tüninq metodologiyasından geniş istifadə edilir. Bu məqsədlə ilk növbədə, əmək bazarının konyunkturası öyrənilir, iqtisadiyyatın müvafiq sahəsinin peşəkarları arasında sorğu şəkilli tədqiqatlar aparılmaqla prioritet ixtisaslar, onlara uyğun ümumi və spesifik kompetensiyalar, müvafiq kompetensiyanı təmin edəcək təhsil tələbləri müəyyənləşirilir, kompetensiyalarla fənn modulları arasında korrelyasiya əlaqələri qurulur və bu əsasda da kreditlərin modul prinsipi əsasında fənlər arasında paylanması həyata keçirilir.
Elm-təhsil əlaqələrinin təkmilləşdirilməsi baxımından magistraturaya qəbulla əlaqədar məhdudiyyətlərin azaldılması və imtahanların sadələşdirilməsi günün aktual məsələlərindəndir. Bu günkü magistrant sabahın doktorantı, universitet müəllimi, elmi tədqiqatçı, istehsalat rəhbəridir. Son illər bəzi universitetlərdə tədris planlarında və təhsil proqramlarında müvafiq dəyişikliklər aparmadan, magistraturada istehsalatdan ayrılmamaqla əyani təhsil almaq təcrübəsindən geniş istifadə edilir ki, bu da magistr təhsilinin keyfiyyətinin kəskin şəkildə aşağı düşməsinə səbəb olur. Magistraturaya qəbul olunmuş tələbələrə təhsil müddətində hərbi çağırışdan möhlət hüququnun verilməsi ölkənin elm-təhsil potensialının formalaşmasında keyfiyyətli magistr təhsilinə nə qədər yüksək önəm verilməsinin bariz nümunəsidir.
Elmi tədqiqatların əsas problemləri, texnoloji cəhətdən inkişaf etmiş ölkələrdə olduğu kimi, iqtisadi yüksəliş üçün vacib olan çağırışlara istiqamətlənməlidir. Bu gün milli elmin əsaslarını universitetlərin dövlət büdcəli elmi-tədqiqat institutlarında, kafedralarda, elmi-tədqiqat laboratoriyalarında, Elmlər Akademiyasının institutlarında və sahə nazirliklərinin elmi müəssisələrində aparılan tədqiqatlar təşkil edir. Bu qurumların tədqiqat istiqamətləri əsasən postsovet məkanı üçün səciyyəvi olan, müasir dövrün lokal və qlobal çağırışları ilə çox da səsləşməyən, sahibkarların ehtiyaclarına cavab verməyən, bilavasitə kafedralar, institutlar və ayrı-ayrı alimlərin elmi məktəbləri üçün səciyyəvi olan problemlərin həllinə yönəlmişdir.
Universitet və elmi müəssisələrdə yeni texnologiyaların və tədqiqatların nəticələrinin kommersiyalaşmasını sürətləndirmək məqsədi daşıyan texnopark, star-tap, ustadlıq mərkəzləri kimi xüsusi statusa malik innovasion qurumlardan geniş istifadə edilməlidir. Bu qəbildən olan innovasion fəaliyyət meydançalarında elmlə istehsalat arasında ümumi maraqların müəyyənləşdirilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi və texnoloji müəssisələrin işçilərinin təkmilləşdirilməsi kimi məsələlər həll edilə bilər.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın siyasi, iqtisadı, sosial müstəqilliyinin, ərazi bütövlüyünün təmin edilməsi ilə həmahəng texnoloji müstəqilliyinin təmin olunması istiqamətlərində ictimaiyyətin dəstəklədiyi uğurlu siyasət həyata keçirilir. Dövlət başçısının ölkənin texnoloji inkişafının təmin edilməsi istiqamətində elm-ali təhsil sektoru qarşısında qoyduğu vəzifələrin - elmi potensialın dayanıqlı iqtisadi inkişafın əsas resurslarına çevrilməsi, istehsaledici biliklərin lazımi məhsullara və innovasiyalara transformasiyası, elm-innovasiya sektorunun inkişaf tempinin milli iqtisadiyyatın inkişaf tempinə və sahibkarlığın yeni texnologiyalara olan ehtiyaclarına uyğunlaşdırması kimi strateji əhəmiyyətli vəzifələrin keyfiyyətli və vaxtında icrası elm-ali təhsil siyasəti və menecmentinin vahid mərkəzdən və yüksək peşəkarlıqla həyata keçirilməsinin vacibliyini daha da aktuallaşdırır.

Həsən HÜSEYNOV,
professor, əməkdar elm xadimi