Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bilik evlərinin müşavirəsi keçirilib

08 Sentyabr 2017
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda bölgələrdə fəaliyyət göstərən bilik evləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Bu barədə AZƏRTAC-a Bilik Fondundan bildirilib.

Fondun icraçı direktoru Oktay Səmədov müşavirə iştirakçılarına bilik evlərində həyata keçirilən layihələr, təlim kursları, bölgə əhalisinin maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. İcraçı direktor dövlət başçısının həyata keçirdiyi daxili və xarici siyasətin mahiyyətinin əhaliyə çatdırılması məqsədilə müxtəlif istiqamətlərdə təşkil olunan tədbirlərin əhəmiyyətini vurğulayıb.

Şəmkir Bilik evinin direktoru, Milli Məclisin deputatı Sona Əliyeva bilik evlərində yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin aşılanmasına xidmət edən layihələrin hazırlanması və icrasına üstünlük verilməsini təklif edib.

Nardaran Bilik evinin direktoru, Milli Məclisin deputatı Dilarə Cəbrayılova isə peşəyönümlü təlim kurslarına daha çox ehtiyac olduğunu bildirərək ötən il 6 nardaranlı gəncin avtomobillərə texniki xidmət üzrə təlimləri uğurla başa vurduğunu və işlə təmin olunduğunu xatırladıb.

Çıxışlarda maarifləndirmə işinin aparılmasında bölgənin xarakterik xüsusiyyətlərinin, yerli əhalinin maraqlarının və tələbatının nəzərə alınması təklif olunub.

Müşavirədə Bilik Fondunun dəstəyi ilə bölgələrdə fəaliyyət göstərən bilik evlərinin koordinasiya şurasının tərkibi müəyyənləşdirilib və birgə fəaliyyətin perspektiv istiqamətləri müzakirə olunub.