Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tərtərli məktəbliləri işıqlı, şəraitli sinif otaqları gözləyir

08 Sentyabr 2017
 

Dövlətimiz gənc nəslin sağlam böyüməsi, bilikli və yüksək intellektual səviyyəyə malik olması, əsl vətənpərvər kimi formalaşması üçün qayğı və diqqətini əsirgəmir.

Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin tez-tez pozulduğu, vaxtaşırı qanlı təxribatlar törədildiyi narahat cəbhə bölgəsində yaşayan Tərtər rayonunun sakinləri də Prezident İlham Əliyevin xüsusi qayğısını gündəlik həyatlarında hiss edir və bundan güc alırlar. Rayonun təhsil işçiləri isə üzərlərinə düşən vəzifənin məsuliyyətini yaxşı dərk edirlər. Məqsəd vətənin hər qarış torpağını canından artıq sevən, dövlətinə, xalqına, Prezidentinə sədaqətli olan, müasir dünyagörüşlü, savadlı yeni nəsil yetişdirməkdir. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsi ürəkaçandır.

2017-ci ildə də tərtərli orta məktəb məzunlarının ali və orta ixtisas təhsili müəssisələrinə qəbulunda uğurlu nəticələr əldə olunmuşdur. 2016-2017-ci tədris ilində rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 332 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 21-i müxtəlif ali təhsil ocaqlarına qəbul olunmuşdur. Bu, əvvəlki illə müqayisədə ali məktəblərə qəbul olunanların sayının 22 nəfər artması deməkdir. Bu nəticə o qədər də böyük olmayan bir rayonun təhsili üçün uğur sayılmalıdır. Tələbə adı qazananların 10-u 600-dən yuxarı, 17 nəfəri isə 500-600 arası bal toplamışdır. C.Naxçıvanski adına hərbi liseyə qəbul olunanların sayı 5 nəfərdir.

Hər il olduğu kimi, Tərtər Rayon İcra Hakimiyyəti bu il də tələbə adı qazanmış gənclərlə görüş keçirmişdir. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək dövlətimizin təhsilin inkişafına göstərdiyi qayğıdan danışmış, tələbə adı qazanan gənclərə səmimi arzularını çatdırmışdır. Ali məktəblərə qəbulda yüksək bal toplayan gənclərə rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr verilmişdir.

Uğurlar sevindirici olsa da, əsas diqqət yeni dərs ilinə hazırlığa yönəlmişdir. Məktəbəhazırlıq qruplarının və təmayül siniflərinin təşkili ilə əlaqədar aparılan işlər nəticəsində 2017-2018-ci tədris ilində 39 məktəbdə 43 məktəbəhazırlıq qrupu və 3 məktəbdə təmayül siniflərinin təşkili planlaşdırılmışdır. Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin kurikulum kurslarına cəlb olunması üçün şəhər 1 saylı tam orta məktəbdə təlim mərkəzi yaradılmışdır. Rayonun ümumtəhsil məktəblərindən 38 nəfər müəllim təlimlərdə iştirak edir.

Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə də böyük önəm verilir. Rayonun Seydimli kənd tam orta məktəbində Bərpa Agentliyi tərəfindən 220 şagird yerlik 13 sinif otağından ibarət yeni korpus inşa edilmişdir. 640 şagird yerlik şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Bayandur kənd ibtidai və Poladlı kənd ümumi orta məktəblərində isə modul tipli yeni məktəb binalarında tikinti işləri davam etdirilir.

Yeni dərs ilinə hazırlıqla əlaqədar tərtərli məktəblilər üçün 159 adda 26211 nüsxə dərslik gətirilərək bölgü əsasında məktəblərə paylanmışdır.

 

Lazım QULİYEV,

“Azərbaycan”