Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kənd təsərrüfatında yeni dirçəliş mərhələsi başlayır

06 Sentyabr 2017
 Prezident İlham Əliyev modern təsərrüfatçılığın daha üç istiqaməti üzrə dövlət dəstəyinin real töhfələr verdiyini bəyan etdi

 

“2017-ci ildə də Azərbaycan uğurlu inkişaf dinamikasını saxlayır, onu möhkəmləndirir, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atır. Beləliklə, biz gələcək inkişaf üçün də gözəl şərait yaradırıq”.
Bu fikirləri sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyev söylədi. Dövlət başçısı vurğuladı ki, aqrar sektorun inkişafı prioritet sahədir və Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstək heç bir başqa ölkədə yoxdur.

 

Azərbaycanın müasir tarixində əsaslı dönüş illəri

 

Həqiqətən, son illərdə Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin inkişafında böyük nailiyyətlər əldə olunub. Bir il ərzində pambıq, tütün, fındıq, barama, çay, çəltik və sitrus meyvələri istehsalına dair respublika müşavirələrinin keçirilməsi, həmin sahələrin inkişafı ilə bağlı dövlət proqramlarının qəbulu aqrar sahədə böyük dəyişikliklərə səbəb olub. Mütəxəssislərin fikrincə, bu dövr Azərbaycanın müasir tarixində inqilabi dönüş illəri kimi qalacaq. Çünki aqrar sahədə aparılan islahatlar və bu sahəyə dövlət qayğısı bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına ödənilməsinə, xarici bazarlardan asılılığın azalmasına, ixracyönümlü məhsulların istehsalının artırılmasına gətirib çıxarıb.
Bununla yanaşı, ölkədə sənayenin, kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən daxili investisiya layihələri nəticəsində yeni zavod-fabriklər, sənaye parkları və sənaye məhəllələri, texno və aqroparklar, eləcə də digər təyinatlı istehsal obyektləri fəaliyyət göstərir. Böyük sənaye müəssisələrinin tikintisi üçün investisiyaların ayrılması Prezident İlham Əliyevin iqtisadi strategiyasının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir. Hər keçən gün ölkəmizin iqtisadi potensialı artır, idxaldan asılılıq azalır, yeni iş yerləri, sənaye müəssisələri yaradılır və respublikamız “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına öz keyfiyyətli məhsullarını təqdim edir.

 

Sosial-iqtisadi inkişaf strategiyasının ana xətti: regional inkişaf

 

Azərbaycanda milli iqtisadiyyatın neft amilindən asılılığını azaltmaq üçün bir sıra layihələr icra edilir. Bu layihələrdən biri də regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarıdır. Regionların sürətli inkişafında bu dövlət proqramlarının xüsusi yeri var. Dövlət başçısının söylədiyi kimi, bunlar çox konkret proqramlardır. Orada inkişafın bütün istiqamətləri var, maliyyə təminatı təşkil edilib. Bu proqramların icrası nəticəsində kənd təsərrüfatının da şaxələndirilməsinə nail olunacaq.
Regional siyasətin həyata keçirilməsində hər bölgənin özünəməxsus coğrafi şəraitinin və əhalinin tarixən məşğul olduğu sahələrin nəzərə alınması mühüm nəticələrə gətirib çıxarıb. Xarici investisiyaların regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və münbit biznes mühitinin təmin edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasının ana xətti kimi diqqəti çəkir. Dövlət başçısının 2014-cü il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın üçüncü ilində icra olunan proqramlar təsdiq edir ki, qeyri-neft sektorunun inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlər uğurla davam etdirilir.

 

Sitrus meyvələri, çayçılıq və çəltikçilik sahələrinin inkişafına yeni təkan verilir

 

Təcrübə göstərir ki, dövlət dəstəyi olmadan kənd təsərrüfatı uğurla inkişaf edə bilməz. Odur ki, dövlət bütün lazımi tədbirləri görür, vəsait qoyur, infrastruktur yaradır, texnika ilə təmin edir, laboratoriyalar təşkil olunur. Avqust ayında Qaxda keçirilən müşavirədə dövlət başçısı barama, tütün və fındıq istehsalının inkişafı ilə bağlı konkret tapşırıq və tövsiyələrini verdisə, Lənkəranda ölkəmiz üçün ənənəvi olan çayçılıq və çəltikçilik sahələrinin, eləcə də cənub zonasının ənənəvi kənd təsərrüfatı məhsulu olan sitrus meyvələrinin inkişafına artıq dövlət tərəfindən ciddi dəstək göstərildiyini vurğuladı. Prezident qeyd etdi ki, son vaxtlar bu istiqamətdə də önəmli addımlar atılır. Müşavirədən sonra bu üç sahənin inkişafına yeni təkan veriləcək. Çünki dövlət artıq bu sahələrə dəstəyini çox ciddi şəkildə ortaya qoyur. “...Bu üç ənənəvi sahəyə çox böyük diqqət göstərilir və göstəriləcək. Əminəm ki, müşavirənin nəticəsində biz bu sahələrdə daha da sürətli inkişafı görəcəyik”.
Dövlət başçısının kənd təsərrüfatının inkişafına verdiyi dəstək digər sahələr kimi, subtropik və sitrus meyvəçiliyinin inkişafına da marağı qat-qat artırıb. Hazırda respublikada çayın ümumi əkin sahəsi 1016 hektardır ki, bundan da 664 hektarı bar verir. Əkin sahələrinin 94 faizi, istehsalın isə 94,7 faizi Lənkəran iqtisadi rayonunun payına düşür. Ötən il min ton çay istehsal edilib, 12 hektar yeni çay plantasiyaları salınıb, hər hektardan orta məhsuldarlıq 14 sentner təşkil edib. 2017-2021-ci illərdə 985 hektar sahədə yeni çay plantasiyalarının salınması nəzərdə tutulur. Bu gün respublikada illik emal gücü 24,3 min ton olan 10 çay emalı fabriki fəaliyyət göstərir. Ötən il 6,2 milyon dollar dəyərində 1,1 min ton çay ixrac edilib. Çayçılıqla məşğul olan 14 sahibkara 10,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 450 yeni iş yeri yaradılıb.
Ötən il respublikada 2,5 min hektarda çəltik əkilib, 5,6 min ton məhsul istehsal olunub. Çəltik əsasən Ağdaş, Ucar, Lənkəran və Astara rayonlarında yetişdirilir. Respublikada becərilən əsas sitrus bitkiləri isə limon, portağal, naringi, feyxoa və kividir. Sitrus meyvələrinin əkin sahəsi 3,7 min hektar təşkil edir. Ötən il 56,6 min ton sitrus meyvələri istehsal edilib. Sitrus bağçılıqla məşğul olan 40 sahibkara 1,7 milyon manat güzəştli kredit verilib və bu hesaba 200-dən çox yeni iş yeri yaradılıb.

 

İdxaldan asılılığı aradan qaldırmaqla 100 milyon dollara qənaət ediləcək

 

Ümumiyyətlə, ölkəmizdə 2500 hektarda sitrus meyvələri əkilib. Keçən il 470 hektarda limon, 255 hektarda portağal, 1700 hektarda naringi əkilib. Bununla yanaşı, 2016-cı ildə ölkəmizə 17 milyon dollar dəyərində 27 min ton sitrus meyvələri idxal edilib. Ondan 9 min tonu limon, 4600 tonu naringi, 12 min tonu portağal, 2 min tonu kivi olub.
Dövlət başçısı müşavirədə vurğulayıb ki, məhz idxaldan asılılığı aradan qaldırmaq üçün ilkin mərhələdə ölkədə əlavə 27 min ton sitrus meyvələri istehsal olunmalıdır: “2010-cu ildə ölkədə 19 min ton, 2016-cı ildə isə 46 min ton sitrus meyvələri tədarük edilmişdir. Artım çox böyükdür - 6 il ərzində iki dəfədən çox. Bu, yaxşı dinamikadır, ancaq hələ ki, bizi tam qane edə bilməz. Beləliklə, əgər bu üç sahənin ümumi idxal həcmini götürsək görərik ki, hər il ölkəmizə 45 milyon dollarlıq çay, 37 milyon dollarlıq düyü, 17 milyon dollarlıq sitrus meyvələri idxal olunur. Bu da təqribən 100 milyon dollar deməkdir. Biz bu ənənəvi sahələri daxili istehsal hesabına inkişaf etdirsək, özümüzü təmin etsək, bu məbləğə qənaət etmiş olarıq”.
Bunu ilkin mərhələ kimi qiymətləndirən Prezident dedi ki, əsas məsələ böyük ixrac potensialının yaradılmasıdır. Ona görə də ilk növbədə verilən tapşırıqlar yerinə yetirilməli və paralel şəkildə bu məhsullar üçün ixrac bazarları axtarılmalıdır.
Aqrar sektorun inkişafına xüsusi diqqət yetirilməklə yanaşı, dövlətin vəsaitlərinin səmərəli istifadəsinə də ciddi nəzarət edilir.

 

Güzəştli kreditlər, subsidiyalar, aqrolizinq xidmətləri sahibkarlarda böyük ruh yüksəkliyi yaradır

 

Azərbaycanda zəngin tarixi ənənələri olan çayçılıq və çəltikçiliyin, habelə sitrus meyvəçiliyinin istehsalının hərtərəfli dəstəklənməsi məqsədilə dövlət tərəfindən müxtəlif yardım və təşviq mexanizmlərinin, o cümlədən güzəştli kreditlərin, son məhsula görə subsidiyaların təmin edilməsi, eləcə də aqrolizinq xidmətlərinin göstərilməsi bu sahələrin inkişafını daha da sürətləndirib.
Yerli sahibkarlar da onlar üçün yaradılmış əlverişli şəraitdən maksimum yararlanmağa çalışırlar. Dövlətin dəstəyi isə onların məsuliyyətini daha da artırır, qarşılarında böyük vəzifələr qoyur. Dövlət başçısının “Made in Azerbaijan” brendinin təbliği, məhsulların ixrac edilməsinin təşviqi istiqamətində imzaladığı fərman və sərəncamlar, verdiyi göstərişlər sahibkarlarda böyük ruh yüksəkliyi yaradıb. Hər ötən gün qazanılan təcrübə onları əmin edir ki, bölgədə çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin böyük gələcəyi var.

 

Azərbaycan öz keyfiyyətli məhsulu ilə dünya bazarlarına daha böyük həcmdə çıxacaq

 

Dövlət başçısının rəhbərliyi ilə keçirilən növbəti müşavirə bir daha onu göstərir ki, hökumət üçün kənd təsərrüfatının bütün sahələri böyük əhəmiyyət daşıyır. Son vaxtlar görülən işlər və keçirilən müşavirələr, ölkə rəhbərinin mütəmadi olaraq bölgələrə səfərləri Azərbaycanın düzgün yolda olduğunu bir daha təsdiqləyir. Müşavirədə “Biz qısa müddət ərzində özümüzü təminetmə əmsalını daha da artıracağıq. Azərbaycan öz keyfiyyətli məhsulu ilə dünya bazarlarına daha da böyük həcmdə çıxacaq. Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli istiqamətdə inkişaf edəcək. İdxaldan asılılıq minimum səviyyəyə düşəcək və yeni iş yerləri, istehsalat sahələri yaradılacaq ki, bunun Azərbaycan vətəndaşları üçün, dövlətimiz üçün böyük faydası var” - deyən ölkə rəhbəri qeyd etdi ki, müşavirədə səslənən təkliflər bir daha təhlil olunmalıdır və bütün tapşırıqların vaxtında yerinə yetirilməsi, sözügedən ənənəvi sahələrin sürətlə inkişafı üçün Prezidentə konkret təkliflər verilməlidir. Bununla yanaşı, hər bir rayonun öz spesifik kənd təsərrüfatı inkişafı proqramı olmalıdır.

 

Əsas hədəf çoxşaxəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılmasıdır

 

Bu gün regionların davamlı inkişafı, infrastruktur layihələrinin icrası, yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması ölkəmizin gücünü daha da artırır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası, Prezident İlham Əliyevin qeyri-neft sektorunun davamlı yüksəlişi ilə bağlı qəbul etdiyi qərarlar və verdiyi tapşırıqlar ölkə iqtisadiyyatının mühüm sahəsi olan aqrar sektorda böyük canlanma yaradıb, onun tarixi şöhrətini özünə qaytarmağa başlayıb. Bu, bir həqiqətdir ki, dövlət başçısının apardığı düşünülmüş siyasət nəticəsində insanlar torpağa bağlanıb, aqrar sahədə çalışanların həyat şəraiti dəyişib, maddi rifah halları xeyli yaxşılaşıb və ölkədə məhsul bolluğu yaranıb. Artıq kənd yerlərində işsiz insan yoxdur və onlar halal zəhmətləri ilə öz dolanışıqlarını təmin edirlər.
Ölkənin inkişafının hazırkı mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, qeyri-neft sektorunun inkişafı və əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılmasıdır.

 

Yeni çağırışlara uyğun müəyyən edilən strateji hədəflər

 

Kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi, müvafiq institusional dəyişikliklər, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyən edilməsi keyfiyyətcə yeni mərhələyə keçidin təməlini qoyub. Artıq ölkəmizdə elmə və müasir texnologiyaya əsaslanan, modern istehsal və emal şəbəkələrinə istiqamətlənən kənd təsərrüfatının ştrixləri, qarşıdakı üfüqlər getdikcə daha aydın görünür. Bu, aqrar bölmənin inkişafı ilə bağlı həm orta, həm də uzunmüddətli dövrdə strateji inkişaf hədəfləri açıq göstərilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də özünü daha qabarıq büruzə verir. Ölkəmizin ərzaq təhlükəsizliyinin təminatı, iqtisadiyyatın şaxələndirilməsi, ixracyönümlü məhsulların istehsalının artırılması baxımından bu sənəd mühüm önəm daşıyır.
Strateji Yol Xəritəsinin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı sektorunun yüksək rəqabət qabiliyyətinə və dayanıqlı inkişafına nail olmaqdır. Strateji Yol Xəritəsində ölkəmizin kənd təsərrüfatı məhsullarının istehsalında və emalında istifadə olunan istehsal vasitələri və bu sektorda həyata keçirilən xidmətlə təminat məsələləri də dərindən araşdırılıb, görülməsi vacib olan istiqamətlər müəyyən edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli dərin islahatlara və qlobal iqtisadi çağırışlara uyğun hazırlanmış Strateji Yol Xəritəsinin icrası sayəsində ölkəmizdə iqtisadi islahatlar bundan sonra da davam edəcək, Azərbaycanın sosial-iqtisadi inkişafı daha da sürətlənəcək.

 

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”