Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Arzumuz budur ki...

31 Avgust 2017
 

Ata-baba yurdum Soltanlı kəndi Cəbrayıl rayonundadır. Mən dünyaya göz açmamışdan bir neçə il əvvəl bu torpaqlar erməni qəsbkarları tərəfindən işğal edilib. 

Amma ağlım kəsəndə valideynlərimin ən şirin və həm də ən kədərli söhbətləri ulu yurdumuz haqqında olub. Bu torpaqların gözəlliyi haqqında təəssüratlar o qədər zəngindir ki, elə bil 18 illik ömrümün yarısını mən də o kənddə yaşamışam.

Ötən ilin aprelində ordumuz işğal altında olan torpaqlarımızın bir hissəsini düşməndən azad edib nəyə qadir olduğunu göstərdi. İgid əsgərlərimizin hünəri sayəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni həyat başlayıb. Düşmən vəhşiliyi nəticəsində xarabalığa çevrilmiş kənd bir neçə ay içində yenidən tikilib qurulub. Artıq neçə-neçə ailə yeni evlərdə yaşayır. Bu dönüş məni də çox sevindirdi. Əmin oldum ki, heç vaxt torpağına ayağımı basmadığım, üzünü görmədiyim atamın, babamın boya-başa çatdığı Soltanlı kəndini görəcəyəm.

Bu duyğular məndə vətənə layiqli əsgər olmaq  əzmi oyatdı. Artıq 3 aydır ki, milli ordunun “N” saylı hərbi hissəsində xidmət edirəm. Bu müddətdə bizə çox şey öyrədiblər, o cümlədən silahla davranmağı. Ən əsası odur ki, əsgər yoldaşlarımın hamısında döyüş əhvali-ruhiyyəsi çox yüksəkdir. Hamımızın ürəyindən keçir ki, işğal altında olan torpaqların azad olunmasında biz də iştirak edək, xalqımızın arzusunu yerinə yetirək, böyük qələbələrdən bizə də pay düşsün.

 

Rəvan ALLAHVERDİYEV,

“N” saylı hərbi hissənin əsgəri