Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hər bir insan özünü qorumalıdır

29 Avgust 2017
 

Hər fəslin gözəlliyi olduğu kimi, özünəməxsus xüsusiyyətləri də var. Fərqli rəngləri, çalarları ilə gözlərimizi, könlümüzü, ruhumuzu oxşayanda şəninə təriflər söyləyirik, amma elə ki, “əsl üzünü” göstərir, o dəqiqə giley-güzara başlayırıq. Son həftələr yayın isti keçməsindən də çox şikayətlənirik. Bir çoxumuz qızmar havalarda həm də səhhətimizdə problemlər yarandığından narahat oluruq.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə deyir ki, bu məsələdə heç bir fəsli “günahlandırmaq” olmaz. Çünki ilin bütün aylarında havaların kəskin dəyişməsi, temperaturun yüksək dərəcəyə çatması, yaxud enməsi insan bədəninə təsir göstərir. Ona görə də insan hər bir fəsildə öz sağlamlığına həssas yanaşmalıdır. Həkim bildirir ki, bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan çağırışların sayı da təsdiq edir. Yay mövsümü başlayandan, yəni, iyunun 1-dən “Təcili yardım”a müraciət edənlərin sayında nəzərəçarpan dəyişiklik yoxdur. Gündəlik çağırışların sayı gün ərzində 2 min nəfərə yaxındır: “Yay mövsümündə digər fəsillərdən fərqli və diqqəti cəlb edən çağırışlar günvurma ilə bağlıdır. Apardığımız hesablamalara görə, mövsümün əvvəlindən günvurma ilə əlaqədar 103 müraciət daxil olub. Onlardan 46 nəfərinə həkimlər tərəfindən hadisə yerində tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. Burada da lazımi ambulator yardım edilib. Qalanlarına isə həkimlər yerindəcə yardım göstərdikdən sonra xəstənin vəziyyəti yaxşılaşıb və evinə buraxılıb”.
Bəziləri yay aylarının ürək xəstəliklərindən, qan təzyiqindən əziyyət çəkənlər üçün xüsusilə əlverişsiz olduğunu düşünürlər. M.Mirzəzadə də belə xəstələrin qızmar yay günlərində xüsusilə diqqətli olmalarını tövsiyə edir. Ancaq onların problemlərinin yalnız isti havalarla bağlı olmadığını da diqqətə çatdırır: “Havanın hərarəti 43 dərəcədən yüksək olarsa, açıq havada çalışmaq böyük fəsadlara yol aça bilər. İşə götürənlər də vəziyyəti nəzərə almalı, fasiləli iş rejiminə əməl etməlidirlər. Bu, Əmək Məcəlləsində də öz əksini tapıb. Ümumiyyətlə, istər yayın qızmar vaxtı olsun, istərsə də qışın soyuğu, havanın birdən-birə və xeyli dərəcədə dəyişməsi səhhətimizə təsir göstərir. Bu zaman ilk növbədə, yaşlı insanları, uşaqları və xroniki xəstəlikləri olanları xüsusilə qorumalıyıq. Onlar birinci dərəcəli risk qrupuna aiddirlər. Xroniki xəstəliyi olanlar özləri də bilməlidirlər ki, əgər lazımi profilaktik tədbirlər görməsələr, xəstəliklərin güclənməsi ilin hər bir fəslində baş verə bilər. İndiki halda vacib işləri yoxdursa, çalışsınlar günün qızmar vaxtında küçəyə çıxmasınlar, açıq havada olmasınlar”.
Yay fəsli çoxları üçün həm də istirahət dövrü deməkdir. Adətən, çalışanların əksəriyyəti illik məzuniyyətlərini məhz bu vaxtlarda keçirmək istəyirlər. Digər tərəfdən, təhsil ocaqlarında yay tətili başlayır. Orta məktəblərdə, kolleclərdə, universitetlərdə oxuyanlar və işləyənlər dincəlirlər. Təəssüf ki, müxtəlif istirahət yerlərinə, çimərliklərə üz tutanlar bəzən ilin yorğunluğunu canlarından çıxarmaq, sağlamlıqlarını bərpa etmək əvəzinə, yeni problemlərlə qarşılaşmalı olurlar. Bunun bir çox səbəbləri var. Onlardan biri də qidalanma ilə bağlıdır.
Məlumdur ki, yay aylarında süfrələrimiz meyvə-tərəvəz, bostan bitkiləri ilə zəngin olur. Odur ki, yayda qarışıq yeməklərdən daha çox istifadə edilir. Xüsusilə də istirahətə gedəndə, dəniz qırağında dincələndə süfrəmizdə çeşid-çeşid xörəklərin, salatların, meyvə və tərəvəzlərin düzülməsini istəyirik. M.Mirzəyev deyir ki, sağlamlığı qorumağın əsas şərtlərindən biri qidalanmaya diqqət yetirməkdir. Bu da yalnız hansısa fəslə, mövsümə aid məsələ deyil. İlin bütün vaxtlarında qidalanmaya laqeyd yanaşmamalıyıq. Həkim günün ikinci yarısı, xüsusilə axşamlar ağır yeməklər, yağlı və xəmir xörəkləri yeməməyi məsləhət görür: “Yayda istirahətə gedəndə də nəzərə almalıyıq ki, isti hava şəraitində ağır yeməklərdən istifadə etmək bədənə ağırlıq gətirir”.
Yayın istisində əksəriyyətimizin köməyinə kondisionerlər çatır. Ondan imtina edə bilməsək də, bəzən səhhətimizə mənfi təsir göstərdiyindən, xəstələnməyimizə səbəb olduğundan gileylənirik. M.Mirzəyev deyir ki, kondisonerlər bizi xilas edir, xəstələnməyimizə isə biz özümüz səbəb oluruq. Sərin yerdə oturmaq, istirahət etmək və ya çalışmaq hər kəsə xoş gəlir. Ancaq kondisioner olan otaqda normal temperaturu saxlamaq lazımdır. Temperaturu nizamlayarkən bayırdakı hava ilə çox kəskin fərq yaradılmamalı, uyğun hərarət seçilməlidir. İsti havada küçədən gəlib, tərli-tərli kondisionerin altında oturmaq da xəstəliyə gətirib çıxara bilər. Həkim bildirir ki, bizə fayda verən, sağlam qalmağmız və ya hansısa xəstəliyi aradan qaldırmağımız, yaşamağımız üçün vacib olan dərmanlardan qəbul edərkən belə unutmamalıyıq ki, onlar bizi xilas da edə bilər, dərd, bəla da gətirər. Baxır dərmanlardan necə, nə qədər və hansı zamanlarda istifadə edirik.
Bu gün kondisionerlər kimi soyuducularsız da həyatımızı təsəvvür etməyimiz mümkünsüzdür. Məhz isti havalarda soyuducuda saxlanılan yeməklər, qarpız, yemiş, meyvə, soyuq su da xəstələnməyə səbəb olur. Yay mövsümündə xəstəxanaya müraciət edənlərin arasında belələri az deyil.
M.Mirzəyev onu da nəzərə çatdırır ki, çox şey faydalıdır, onsuz yaşamağımız, sağlam qalmağımız mümkünsüzdür, ancaq qədərini, ölçüsünü gözləməsək, zərər gətirər: “Biz bilirik ki, fiziki hərəkət insana xeyir verir, yeyilən yeməyin həzminə kömək edir, bədəni normal formada saxlayır. Amma müəyyən normalar nəzərə alınmalıdır. Məsələn, yayda yürüşə çıxanda bilmək lazımdır ki, günorta, günəşin altında gəzmək fəsadların yaranmasına, günvurmaya, ya da tərlədikdən sonra soyuqdəyməyə səbəb ola bilər. Ümumiyyətlə, hər bir insan özü-özünü qorumalıdır”.
Yay fəslində çox hallarda yuxu rejimini pozuruq. Mütəxəssislər gün ərzində 8 saat yatmağımızı məsləhət görsələr də, isti aylarda bu qaydaya əməl olunmur. Həkim bildirir ki, bu hal bir neçə dəfə təkrar olunarsa, problemə çevrilməz. Əgər mütəmadi etsək, yuxusuzluğun fəsadları ola bilər. Xroniki yorğunluq sindromuna düçar olmamaq üçün həm də normal yatmalısan.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”