Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mədəniyyət və Turizm Nazirliyi Ququşun Azərbaycanda konsertinin təşkili məsələsinə aydınlıq gətirib

28 Avgust 2017
 

 

Son günlər bəzi kütləvi informasiya vasitələrində müğənni Ququşun (Faiqə Atəşin) Azərbaycanda konsertinin təşkil olunmasına icazə verilməməsi ilə bağlı sensasiya xarakterli məlumatlar yer alıb.

Mətbuatda yazılanlarla əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, müğənninin Azərbaycanda konsertinin təşkili barədə nazirliyə müraciət daxil olmayıb.

“İlk növbədə onu qeyd etmək istəyirik ki, Mədəniyyət və Turizm Nazirliyi, mərkəzi icra hakimiyyəti orqanı olaraq ölkəmizdə kommersiya məqsədilə keçirilən konsert proqramlarının təşkilatçısı qismində çıxış etmir. Bu cür kommersiya məqsədli, yerli və xarici müğənnilərin iştirakı ilə konsert proqramları ölkəmizin müvafiq qanunvericiliyinə uyğun olaraq özəl qurumlar və prodüser mərkəzləri tərəfindən təşkil edilə bilər. Buna misal olaraq, son illər paytaxt Bakıda, eləcə də bir sıra şəhər və rayonlarımızda xarici populyar müğənnilərin konsert proqramlarının keçirilməsini nümunə kimi göstərə bilərik. Ölkəmizdə öz tamaşaçı auditoriyası olan istənilən əcnəbi müğənninin konsertinin təşkil edilməsinə nazirlik olaraq hörmətlə yanaşırıq. Eyni zamanda, diqqətə çatdırırıq ki, Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan və olmayan konsert salonlarında tədbirlərin təşkili həmin müəssisə və prodüser mərkəzləri arasında bağlanılmış müqavilə əsasında müvafiq vergi, icarə və digər təşkilati xərclər ödənilməklə həyata keçirilir. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyindən rəsmi icazə alınması tələb olunmur”, - deyə məlumatda bildirilir.

Qeyd edilib ki, nazirlik tərəfindən Azərbaycan mədəniyyətinin, milli irsinin ölkə daxilində, eləcə də xaricdə tanıdılması və təbliğ edilməsi məqsədilə dövlət əhəmiyyətli tədbirlər, konsertlər təşkil olunur. Nazirlik bəzi kütləvi informasiya vasitələrinə sensasiya xatirinə dövlətlərarası münasibətlərə xələl gətirəcək addımlardan çəkinməyi, peşəkar jurnalistika prinsiplərindən uzaqlaşmamağı tövsiyə edir.