Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sabahın qurucuları

12 Avgust 2017
 

Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyət quruculuğunda gənclərin rolu danılmazdır.

Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edib.  Ulu öndərin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Həmin illərdə istər gənclərin sosial-mənəvi həyatında, istərsə də təhsil və fəaliyyətlərinin yaxşılaşdırılmasında çox böyük işlər görülmüşdür. Məhz ulu öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasını təmin etmiş, onların gələcək müstəqil Azərbaycan dövləti üçün layiqli, öz işini bilən, ixtisaslı kadr kimi yetişməsində böyük rol oynamışdır. Bu gün Azərbaycanın mədəni həyatında, elm-təhsil sahəsində, sosial-iqtisadi və siyasi inkişafında gənclərin fəallığı bu siyasətin nəticəsidir.

Ulu öndər daim gənclərə qayğı göstərmiş, onların xalq üçün, müstəqil dövlətimiz üçün tükənməz, potensial qüvvə olduqlarını bütün görüşlərində israrla bildirmişdir. Ulu öndərin ali məktəb tələbələri, müəssisələrdə çalışan gənclərlə olan görüşlərində biz bunun canlı şahidi olmuşuq. Ümummilli lider Azərbaycan gənclərinin ümumiləşmiş simvolu olan, öz siyasi kursunun layiqli davamçısı İlham Əliyev haqqında dediyi “Mən ona özüm kimi inanıram” fikri sanki öz ideyaları arxasınca apardığı gənclik haqqında dediyi sözlərdir.

...1990-cı illərin əvvəllərində müstəqilliyini qazanmış Azərbaycanın gələcəyinin etibarlı təminatçısı olan gənclərdə milli qürur, ləyaqət hissinin tərbiyəsi kimi mühüm vəzifənin yerinə yetirilməsi bir çox ideoloji, siyasi, mədəni və sosial-iqtisadi məsələlərin həlli ilə bağlı idi.

Heydər Əliyev deyirdi: “Xalqımız, cəmiyyətimiz üçün gərəkli olmaq gənclər üçün böyük şərəfdir. Gənc nəsil gəlir. Bu, Azərbaycanın gələcəyidir. Ali məktəblərə daxil olan gənclər Azərbaycan elmini, mədəniyyətini, iqtisadiyyatını, ictimai-sosial həyatını inkişaf etdirəcək yeni nəslin bir dəstəsidir. Bu gənclərin qeydinə qalmaq, onlara qayğı göstərmək lazımdır. Mən ali məktəb müəllimlərinə, professor və alimlərimizə tövsiyə edirəm ki, onlar hər gün dərs saatında respublikamızın gələcəyi barədə düşünsünlər. Respublikamızın gələcəyi isə gənclərin nə dərəcədə keyfiyyətli hazırlanmasından çox asılıdır... İnanıram ki, ali məktəblərin professor-müəllim kollektivləri öz vəzifələrini şərəflə yerinə yetirəcək  və  Azərbaycanın gənc nəslinin hazırlanmasına öz xidmətlərini göstərəcəklər...”

Heydər Əliyev Azərbaycan gəncliyinin böyük bir qolu olan Azərbaycan Ordusunda vətən keşiyində dayanan gəncləri də unutmurdu. Tez-tez  onlarla görüşə gedir, milli vətənpərvərlik ruhunda söhbətlər aparırdı. Şəhid olmuş gənclərin adlarının əbədiləşdirilməsi, onların ailəsinə daim qayğı göstərilməsi də Heydər Əliyevin gənclər siyasətinin ən önəmli hissəsini təşkil edirdi. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu gün də gənc hərbçilərə qayğı ilə yanaşır və hərbçi kadrların yetişdirilməsini prioritet məsələ kimi diqqət mərkəzində saxlayır.

Heydər Əliyevin daim diqqət mərkəzində saxladığı gənclər siyasəti bu gün  Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bakıda, eləcə də bölgələrdə gənclər üçün salınan yaşayış massivləri, iş yerlərinin açılması, sosial evlər və jurnalistlər üçün yeni binaların tikilib təhvil verilməsi, ümumiyyətlə bütün sahələrdə bu zümrənin diqqətdə saxlanılması deyilən fikirlərin bariz nümunəsidir. Dövlət valideyn himayəsindən məhrum olmuş gəncləri də unutmur, onların normal yaşaması üçün şərait yaradır.

Bu gün gənclərimizin xarici ölkələrin ali məktəblərində təhsil almaları, həm də onlar vasitəsi ilə Azərbaycanın ölkə sərhədlərindən kənarda tanınması və təbliği diqqət mərkəzindədir.

Mən də gəncəm. Xalqımı, vətənimi, torpağımı çox sevirəm, ulu öndərin bizə miras qoyduğu ideyaları dəstəkləyirəm. Bu gün milyonlarla Azərbaycan gənci öz gələcək həyatlarını xalqımızın əsrlərdən-əsrlərə ötürülən milli-mənəvi dəyərlər zəminində quracaq və üzərinə düşən missiyanı müstəqil dövlətimizin gələcəyi naminə layiqincə yerinə yetirəcək.

 

Nigar QAYBALIYEVA,

Bakı Dövlət Universitetinin doktorantı