Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Petkim”in xalis mənfəəti 74 faiz çoxalıb

12 Avgust 2017
 

SOCAR-ın “Petkim” neft-kimya holdinqi bu ilin yanvar-iyun aylarında 655 milyon türk lirəsi xalis mənfəət əldə edib. Bu barədə “Petkim PetroKimya Holding A.Ş.”nin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) yer alan məlumatında bildirilir.

“Petkim” cari ilin ikinci rübündə 304 milyon lirə gəlir əldə edib. Yanvar-iyun aylarında şirkətin ümumi qazancı əvvəlki eyni dövrlə müqayisədə 110 faiz artaraq 906 milyon lirə olub. Bu dövrdə şirkətin satışları 2,3 milyard lirədən 3,6 milyard lirəyə yüksəlib.

“Petkim”in bu ilin ilk yarısında ümumi tutumdan istifadə nisbəti 96 faizə çatıb. Yarım ildə şirkətin xalis mənfəəti isə ötən ilin eyni dövrü ilə müqayisədə 74 faiz artaraq 655 milyon lirə təşkil edib. Xatırladaq ki, SOCAR “Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb, 2008-ci ilin mayından etibarən isə Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 53 faizlik səhmə sahibdir.