Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət dəstəyi tütünçülüyün, baramaçılığın və fındıqçılığın uğurlu inkişafına təkan verəcək

06 Avgust 2017
 

Son illər iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına xüsusi qayğı göstərilir. Bu sahədə müşahidə edilən dinamik artım ölkənin ümumi inkişafına təkan verən başlıca amillərdən biridir. Qeyri-neft sektorunda coğrafiyasına və əhalinin məşğulluq səviyyəsinə görə ən böyük sahə kənd təsərrüfatıdır. Dünyada baş verən proseslərə nəzər yetirdikdə görürük ki, bu sahənin inkişafı həm də strateji əhəmiyyətə malikdir. 

Belə ki, dünyada ərzaq çatışmazlığı problemi son dövrlər kəskin xarakter alıb. Birləşmiş Millətlər Təşkilatının son hesablamalarına görə, dünyada 850 milyon insan aclıq və ya qismən aclıq çəkir. Aqrar sektorun inkişafı ölkəmiz üçün üç əsas məsələyə görə vacibdir. Birincisi, ölkənin ərzaq təhlükəsizliyini, ikincisi, idxal imkanlarından istifadəni, üçüncüsü isə bölgələrdə əhalinin məşğulluğunu təmin etməkdir.
Son dövrlər bu məqsədlə aqrar sektorda həyata keçirilən islahatlar, fermerlərə dövlət tərəfindən göstərilən hərtərəfli dəstək öz bəhrəsini verir. Görülən tədbirlər nəticəsində cari ilin 6 ayında ölkənin bir çox məhsula olan tələbatı tam ödənilməklə yanaşı, ixrac da 40 faizdən çox artıb. Bu rəqəm aqrar sektorda olan inkişafı əyani şəkildə göstərir.
Lakin ölkənin aqrar sektorda potensialı daha böyükdür. Kənd təsərrüfatının ixrac imkanlarını isə qeyd edilən rəqəmdən xeyli artırmaq mümkündür. Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsində bu məsələlər geniş şəkildə müzakirə olunub. Dövlət başçısı demişdir: “Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb... Bir sözlə, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir. Əminəm ki, bugünkü müşavirənin nəticəsində bizim üçün ənənəvi olan sahələr - baramaçılıq, tütünçülük, fındıqçılıq da uğurla inkişaf edəcək, həm fermerlər, kəndlilər daha da böyük fayda görəcək, eyni zamanda, dövlətimiz də güclənəcək”.

 

Tütünçülüklə bağlı dövlət proqramı qəbul ediləcək

 

Azərbaycanda kənd təsərrüfatında ənənəvi sahələrdən biri də tütünçülükdür. Tütün sovet dönəmində ölkəmizdə geniş şəkildə istehsal olunurdu. Bu məhsulun istehsalının pik dövrü 1978-ci ilə təsadüf edir. Həmin ildə tütünün əkin sahələrinin həcmi 18 minə çatmışdır. 90-cı illərdə isə tütün istehsalı 14 min hektar sahədə aparılıb. Beləliklə, tütünçülükdə tənəzzül dövrü başlanıb. Yalnız 2014-cü ildə cəmi 1000 hektarda tütün əkilmişdir. Rəqəmləri müqayisə etdikdə bu məhsulun istehsalının ölkəmizdə kəskin şəkildə azalmasını görürük.
Son dövrlər tütünçülüyə göstərilən dövlət qayğısı sayəsində tütünçülükdə yenidən inkişaf müşahidə olunur. Bu sahədə Şəki, Zaqatala və Qax rayonları fərqlənir. Məsələn, 2015-ci ildə Şəkidə 600 hektarda tütün əkilmişdisə, hazırda bu rəqəm 843 hektara çatdırılıb. Zaqatalada əkin sahələri 460 hektardan 744 hektara, Qaxda isə 300 hektardan 600 hektara çatdırılmışdır. Hazırda 3200 hektarda tütün əkilir. Qeyd edildiyi kimi, tütünçülüyə göstərilən qayğı sayəsində 13 rayonda tütünçülük yenidən bərpa edilib. Qarşıdakı illərdə tütün əkininin coğrafiyası və əkin sahələrinin sayı da artacaq. Ona görə ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən tütün istehsalçılarına güzəştli kreditlər verilir. Bundan əlavə, dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Bu məqsədlə dövlət proqramı da qəbul ediləcəkdir.

 

Azərbaycan ipəyi yenidən dünya bazarına ixrac olunacaq

 

Azərbaycan ipəyinin də şöhrəti özünə qaytarılacaq. Bunun reallaşması üçün “Şəki İpək” və Mingəçevir Texnologiyalar Parkı xüsusi rol oynayacaq.
Baramaçılıqla bağlı ötən dövrlərin statistikasına nəzər yetirdikdə bu sahədə də baş verən tənəzzül və artım dinamikasını görə bilirik. Ötən əsrin 70-ci ilində Azərbaycanda barama istehsalı 3700 ton səviyyəsinə çatmışdır. Ulu öndərin bu sahəyə göstərdiyi qayğı nəticəsində 10 il ərzində ölkədə barama istehsalı 5 min tona çatdırıldı. Lakin 1991-ci ildən sonra bu sahədə də kəskin tənəzzül baş verdi.
Qeyd edək ki, 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdir. Görülən tədbirlər nəticəsində iki il ərzində bu rəqəm 244 tona çatdırılıb. Perspektivdə bu sahədə daha yüksək məhsuldarlığa nail olunması nəzərdə tutulub.
Hazırda Azərbaycanda 30 rayonda barama istehsal olunur. Ən çox barama becərilən rayonlar Zərdab, Füzuli, Zaqatala, Şəki, Ağcabədi, Ağdam, Bərdə, Qax, Kürdəmir, Balakəndir. “Şəki İpək” Səhmdar Cəmiyyətinin yenidən fəaliyyətə başlaması baramaçılığın inkişafına təkan verəcək. Ona görə ki, bundan əvvəl baramaçılar hazır məhsulun alıcısı olmadığı üçün bu sahəyə maraq göstərmirdilər. Artıq bu problem həllini tapıb.
Hazırda 3 min kümçü ailəsi baramaçılıqla məşğul olur. Bu da öz növbəsində bölgələrdə yaşayan əhalinin məşğulluğunun təmin edilməsinə və rifahının yaxşılaşmasına geniş imkanlar açır.
Gələcəkdə Mingəçevir Texnologiyalar Parkı fəaliyyətə başlayanda bu məhsula olan tələbat daha da artacaq. Çünki texnologiyalar parkında ipəkdən məhsul hazırlayan fabriklər fəaliyyət göstərəcək. Beləliklə, yerli tələbatı ödəməklə bərabər, ixrac imkanları da artacaq ki, bu da ölkəyə valyuta gətirəcək.
Bu məhsulun istehsalının artırılması üçün ölkəmizdə geniş potensial var. Hesablamalara görə, gələn il ölkədə barama istehsalını 500 tona çatdırmaq mümkün olacaq. Əkilən və əkiləcək ağacları nəzərə alsaq, 2019-cu ildə isə bu rəqəmi ən azı 1000 ton səviyyəsinə çatdırmaq mümkündür. Uzaq perspektivdə isə yəni, 2025-ci ildə ölkədə barama istehsalının 6 min tona çatdırılması nəzərdə tutulub. Bu məqsədlə bölgələrdə kütləvi şəkildə ağaclar əkilir, iki il bundan əvvəl 300 mindən bir qədər çox tut ağacı vardısa, hazırda 2 milyon 200 minə çatıb. Baramaçılığın inkişafında yem bazası kimi tut yarpağından istifadə olunur. Bu ağacların sayının artması, eyni zamanda, baramanın kəmiyyət və keyfiyyətinin artması deməkdir. Beləliklə, əminliklə deyə bilərik ki, son bir neçə ildə bu sahədə böyük inkişafın şahidi olacağıq.

 

Fındıqçılıq aqrar sektorda ən çox gəlir gətirən sahələrdən biridir

 

Ötən il ölkəmiz fındıq ixracından 105 milyon məbləğində gəlir əldə edib.
Baramaçılıq və tütünçülükdən fərqli olaraq fındıq istehsalında tənəzzül müşahidə edilməyib. Çünki bu məhsula daxili tələbat yüksək olub. Yəni, fındıq istehsalçısı yerli bazarda həmişə özünə alıcı tapa bilib. Bu üzdən fındıq istehsalında digər sahələrlə müqayisədə geriləmə əvəzinə müəyyən mənada inkişaf müşahidə olunub.
2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar idisə, 2013-cü ildə bu rəqəm 30 min hektara çatıb. Hazırda ölkədə 55 min hektarda fındıq bağları var. Dövlət bu sahənin inkişafını öz üzərinə götürüb.
Fındıqçılığın inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən biri də fındıq bağlarının salınması, tədarükü, emalı və ixracı layihələrinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlərin verilməsidir. Bu məqsədlə 50-dən çox sahibkara 10,6 milyon manat, o cümlədən cari ilin ötən dövrü ərzində fındığın tədarükü, emalı və ixracyönümlü layihələrinə 600 min manat güzəştli kredit verilib. Bu, inkişafın nəticəsidir ki, cari ilin birinci yarısında 32,3 milyon dollar dəyərində fındıq ixrac edilib, məhsul yığımı başa çatandan sonra bu rəqəm daha yüksək olacaq. Son dövrlər ixracın təşviqi sayəsində fındıq ixracında da dinamik artım müşahidə edilir. Ən çox ölkəmizdən fındıq İtaliyaya, Rusiyaya, Almaniyaya ixrac olunur.
Cari mövsümdə 60 min tonadək fındıq yığılması nəzərdə tutulur. İlkin proqnozlara görə, bu il ötən illə müqayisədə təqribən 50 faizlik artım əldə olunacaq. Yeni fındıq bağlarının salınması ildən-ilə bu rəqəmin artmasına imkan verəcək. Qeyd edək ki, hazırda Azərbaycan dünyada dördüncü fındıq ixracatçısıdır. Əgər ölkəmizdə bu sahə sürətlə inkişaf edərsə, növbəti illərdə biz daha yüksək pilləyə qalxa bilərik. Bunu cari ilin birinci rübündə 32,3 milyon dollarlıq fındıq ixrac etməyimiz də sübut edir.
Ümumiyyətlə, beynəlxalq qurumlar tərəfindən aparılan araşdırmalara görə, dünyada fındıq istehsalının artımı gözlənilir. Səbəb bu məhsula dünya bazarında artan tələbatdır. Belə hal istər-istəməz fındıq istehsalçıları arasında rəqabəti gücləndirəcək. Hansı ölkə dünya bazarına keyfiyyətli və münasib qiymətə məhsul çıxarsa, onun məhsulu alınacaq. Azərbaycan fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası bunu nəzərə alaraq fermerlərlə sıx əlaqə saxlayır, onlara lazım olan yardım göstərir. Bundan əlavə, məhsul ixracını asanlaşdırmaq üçün bir sıra tədbirlər görür. Assosiasiya cari il Almaniya və Ukraynaya ixrac missiyaları təşkil edib. O cümlədən, Almaniyada keçirilən “Yaşıl həftə” və Dubay şəhərində keçirilən “Gulfood” sərgilərində iştirak edərək yeni bazarlarda müştərilər tapıb. Hazırda onlarla alqı-satqı barədə intensiv danışıqlar aparılır.
Dövlət tərəfindən də aqrar sektorda istehsal olunan məhsulların ixrac təşviqinin həyata keçirilməsi istiqamətində tədbirlər görülür. Xüsusən, “Made in Azerbaijan” brendinin tanıdılması istiqamətində mühüm tədbirlər reallaşdırılır. Məhz bunun sayəsində son vaxtlar Azərbaycanda ixracyönümlü qeyri-neft, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı xeyli artıb.

Rüstəm KAMAL,
“Azərbaycan”