Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

TÜRKSOY-un Gənclər Kamera Orkestrinin Belqradda konserti olub

04 Avgust 2017
TÜRKSOY-un Gənclər Kamera Orkestri Balkan turu çərçivəsində Belqrad şəhərində olub. Skopye, Ohrid, Podqoritsa, Mostar və Sarayevo şəhərlərində verdikləri konsertlərdən sonra Belqrada gəlmiş 25 nəfərlik orkestrdə Azərbaycan (7 nəfər), Qazaxıstan, Türkiyə, Türkmənistan, Tatarıstan (Rusiya Federasiyası) və Başqırdıstandan (Rusiya Federasiyası) olan istedadlı musiqiçilər toplaşıblar. Orkestrin dirijorları Ənvər Əkbərov (Qazaxıstan) və Mustafa Mehmandarovdur (Azərbaycan).

Konsertdən əvvəl TÜRKSOY-un rəhbərliyi və orkestrin bütün heyəti Belqradın mərkəzində Azərbaycan hökumətinin dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş “Taşmaydan” parkına gələrək, ümummilli lider Heydər Əliyevin burada ucaldılmış abidəsini ziyarət edib.

Belqrad şəhərinin Madlenianum Opera və Teatrının səhnəsində TÜRKSOY-un Gənclər Kamera Orkestrinin Azərbaycanın və Türkiyənin Serbiyadakı səfirliklərinin dəstəyi ilə baş tutan konsertini bu ölkənin əmək, məşğulluq, veteranlarla iş və sosial məsələlər üzrə naziri Zoran Corceviç, deputatlar, mədəniyyət xadimləri, diplomatik korpus və ictimaiyyət nümayəndələri izləyiblər.

Konsertin əvvəlində çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatın fəaliyyəti və orkestrin Balkan turu haqqında məlumat verib. Serbiyalı deputat Draqomir Kariç isə mədəni bağların güclənməsinə xidmət edən bu tədbirə görə təşkilata və gənc musiqiçilərə minnətdarlığını bildirib.

Tanınmış Avropa bəstəkarları ilə yanaşı Turgay Erdener, Seitaly Medetov, Alsu Sungatullina, Rövşən Nepesov, Fikrət Əmirov, Birjan Mınbayev kimi türk bəstəkarlarının əsərlərini təqdim edən gənc musiqiçilərin peşəkar ifası və Mustafa Mehmandarovun gözəl dirijorluq məharəti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.



AZƏRTAC