Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tarif Şurasının son qərarı ölkənin neft emalı kompleksinin gələcək inkişafının təminatına xidmət edir

16 İyul 2017
 

Məlum olduğu kimi, iyulun 15-dən ölkə ərazisində “Aİ-92” markalı avtomobil benzininin 1 litrinin pərakəndə satış qiyməti 20 qəpik qalxaraq 90 qəpik olmuşdur.

Tarif Şurası bu barədə verdiyi qərarını ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avtostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və ölkədaxili artan tələbatın etibarlı təmin olunması məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması ilə əsaslandırmışdır.

Göründüyü kimi, ölkədə avtomobil yanacağı kimi ən çox istehlak olunan “Aİ-92” markalı benzinin təxminən 30 faiz bahalaşdırılması Azərbaycanın neft emalı kompleksinin inkişafına birbaşa təsir göstərən bir çox zəruri amillərlə bağlıdır. Götürək elə qiyməti artan “Aİ-92” markalı benzinin keyfiyyətini. Məlumdur ki, “Aİ-95” və “Aİ-98” markalı benzinlərdən fərqli olaraq “Aİ-92” bizim emal müəssisəsində istehsal edilir. Keyfiyyətinə gəldikdə, desək ki, o,  beynəlxalq standartlara cavab verir, düz olmaz. Deməli, onu istehsal edən emal müəssisəsi müasir səviyyədə yenidən qurulmalıdır. Bunun üçünsə, təbii ki, vəsait lazımdır, özü də xarici valyuta ilə. Çünki manatın məzənnəsi 2-3 il əvvəlki deyil. Əgər həmin vaxt bizim 70 qəpik az qala 1 dollara bərabər idisə, indi heç 50 sent də deyil. Bax, Tarif Şurasının qərarının bir səbəbinin manatın məzənnəsinin aşağı düşməsi ilə əlaqələndirilməsi də bundan irəli gəlmişdir. Əslində, digər səbəblər də elə dolayısı ilə bu və ya digər dərəcədə manatımızın məzənnəsinin dünyanın aparıcı valyutalarına (ABŞ dolları və avroya) nisbətdə dəyişməsi ilə bağlıdır. Bu dəyişmənin isə, necə deyərlər, tarixi məlumdur və onu xatırlatmağa ehtiyac yoxdur.

Əvəzində onu xatırlatmaq yerinə düşər ki, hətta bu bahalaşmadan sonra da Azərbaycanda “Aİ-92” markalı benzinin qiyməti bir çox qonşu ölkələrdəkindən yuxarı deyil ki, aşağıdır. Məsələn, həmin markalı benzinin pərakəndə satışda bir litri bu gün Gürcüstanda 0,86, Rusiyada 0,61, Belarusda 0,59, Ukraynada 0,98, Türkiyədə isə hətta təxminən 1,7 dollaradır. Ən azı bundan çıxış edərək demək olar ki, hətta Tarif Şurasının şon qərarından sonra da Azərbaycanda benzinin qiymətinin baha olması iddiasını irəli sürmək insafdan deyil. 

Bir də, mütləq nəzərə alınmalıdır ki, Tarif Şurasının bu qərarı yalnız “Aİ-92” markalı benzinə aiddir ki, ondan da, məlum olduğu kimi, yalnız minik avtomobilləri istifadə edir. Bu isə o deməkdir ki, sözügedən qərarın ictimai nəqliyyata, o cümlədən avtobusla sərnişindaşımaya, eləcə də iqtisadiyyatın əsas sahələri olan kənd təsərrüfatına, yükdaşımaya, tikinti sektoruna aidiyyəti yoxdur. Çünki həmin sahələrdə istifadə olunan texnika və avtomobillərin əksəriyyəti dizel yanacağı, yaxud maye və ya sıxılmış qazla işləyir. Dəniz və hava nəqliyyatlarına gəldikdə, bu sahələrdə də yük və sərnişin daşımalarında dizel və reaktiv yanacaq növlərindən istifadə olunur. Deməli, tarif dəyişikliyinin həmin yanacaq növlərinə aidiyyəti olmadığı üçün həmin sahələrdə qiymət artımını gözləmək, yaxud iddia etmək ən azından düzgün olmazdı. Bundan əlavə, “Aİ-92” benzininin yeni qiymətinin onun müxtəlif yollarla qonşu ölkələrə daşınmasının qarşısını alacağı da şübhəsizdir. Çünki indən sonra ağlı olan kəs risk edib elə də böyük qazanc verməyən gizli “biznes”ə əl qoymaz.

O ki qaldı yeni tarifin ölkə ərazisində taksi xidmətinin bahalaşmasına səbəb  olacağı ehtimalına, burada da elə bir ciddi qiymət artımı gözlənilmir. Mütəxəssislər hesablayıblar ki, “Aİ-92” ilə işləyən minik avtomobili hər 100 kilometrə 10 litr benzin sərf etdiyi halda qiymət artımı hər kilometr üçün 2 qəpik olacaq. Sözügedən sahədə isə kifayət qədər rəqabət olduğu üçün hansısa taksi xidməti şirkətinin əsassız qiymət artımına yol verəcəyi inandırıcı deyil.

 

R.MƏMMƏDOV,

“Azərbaycan”