Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Səyyar kitabxana”nın növbəti ünvanı

16 İyul 2017
 

“Azərbaycanın Gənclər Paytaxtı” Balakən olub

 

2017-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçilən Balakəndə “paytaxt ili” çərçivəsində növbəti maraqlı layihəyə start verilib.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə 2013-cü ildən reallaşdırılan “Səyyar kitabxana” layihəsi bu dəfə Balakən rayonunun gənclərinin, kitabsevərlərinin qonağı olub.

AZƏRTAC xəbər verir ki, “Səyyar kitabxana”nın açılışı münasibətilə keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova, gənclər və idman idarəsinin rəisi Rasim Paçalov çıxış edərək yeniyetmə və gənclərin kitaba, mütaliəyə olan marağının artırılmasında, asudə vaxtlarının mənalı və səmərəli təşkilində belə layihələrin əhəmiyyətini vurğulayıblar.

“Səyyar kitabxana” layihəsinin baş əlaqələndiricisi Zaur Abdullayev jurnalistlərə müsahibəsində 2013-cü ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə açılışı olan bu layihənin ötən müddət ərzində respublikamızın bir çox şəhər rayonlarında, o cümlədən 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilən Gəncə şəhərində və 2016-cı il üçün “Azərbaycanın Gənclər Paytaxtı” Şəmkirdə uğurla reallaşdığını bildirib. Diqqətə çatdırılıb ki, ötən dövrdə səyyar kitabxana ilə bağlı 18 minə yaxın müraciət olub.

Bildirilib ki, hazırda səyyar kitabxananın fondunda beş minə yaxın kitab və on minədək kitabın elektron versiyası var. Oxucular elektron versiyaları yaddaş kartı vasitəsilə köçürüb götürə bilərlər. Kitabxanada həmçinin dərsliklər də var. Ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər onları səyyar kitabxanadan əldə edə bilərlər.

Balakən şəhərinin mərkəzində, Heydər Əliyev adına mədəniyyət və istirahət parkının girişində, kanat yolunun qarşısındakı meydanda fəaliyyətə başlayan “Səyyar kitabxana” 15 gün müddətində günorta saat 12.00-dan axşam saat 20.00-dək balakənli kitabsevərlərə xidmət göstərəcək.