Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yaponiyalı həkimlər humanitar aksiya çərçivəsində Şəkidə 800-dən çox insanın görmə qabiliyyətini yoxlayıblar

16 İyul 2017
 

Yaponiyanın “Fuci Optikal” şirkətinin görmə qabiliyyətinin müayinəsi üzrə tanınmış alimi doktor Akio Kanainin rəhbərlik etdiyi optometrist mütəxəssislər tərəfindən Şəkidə məcburi köçkünlər və digər həssas qruplardan olan əhali üçün bir gün əvvəl başlanılan ödənişsiz göz müayinəsi və eynək paylanışı humanitar kampaniyası iyulun 15-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, 2005-ci ildən etibarən hər il reallaşan bu layihə Azərbaycan hökuməti və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin sıx əməkdaşlığı və birgə təşkilatçılığı ilə həyata keçirilir.

“Fuci Optikal” şirkətinin görmə qabiliyyətinin müayinəsi üzrə Azərbaycanda 13-cü missiyası çərçivəsində iyulun 11-də startı verilən humanitar kampaniyanın gedişi barədə məlumat verən QAK-ın Azərbaycandakı nümayəndəliyinin sahə məsələləri üzrə baş məsləhətçisi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Elsevər Ağayev AZƏRTAC-a bildirib ki, aksiyanın üç gün davam edən Mingəçevir mərhələsində və iyulun 14-də Şəkidə ümumilikdə 2143 nəfər ödənişsiz göz müayinəsindən keçib, onlardan 1966 nəfərinə eynək paylanılıb. Bundan əlavə, 78 məcburi köçkün üçün Yaponiyada xüsusi eynək hazırlanacaq və yaxın aylar ərzində Azərbaycana gətirilərək sahiblərinə çatdırılacaq.

Humanitar aksiyanın Şəki mərhələsinin birinci günündə 451 nəfərin görmə qabiliyyəti yoxlanılıb və onlar eynəklə təmin olunub. Aksiyanın növbəti günündə, iyulun 15-də isə Şəkidə daha 350 nəfər göz müayinəsindən keçib və onlara da eynək verilib.

Bu nəcib aksiyada iştirak edən Ağdamdan olan məcburi köçkünlər Sevda Qasımova, Sabir Rəfiyev, Kəlbəcərdən olan Nizami Alıyev, laçınlı məcburi köçkün İsmayıl Astanov və başqaları onlar üçün yaradılan şəraitə görə kampaniyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, indiyədək ümumilikdə 20 minə yaxın qaçqın, məcburi köçkün və digər həssas qruplardan olan insan BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin və yerli hökumətin təşkilatçılığı ilə həyata keçirilən ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb. “Fuci Optikal” şirkəti bu il təşkil edilən humanitar aksiya zamanı 4 min eynək paylayacaq, eşitmə ilə əlaqədar digər əşyaları ianə edəcək. Kampaniya çərçivəsində ümumilikdə 2500-dək məcburi köçkün, qaçqın və digər həssas qruplardan olan insanların müayinəsi nəzərdə tutulur.

Humanitar aksiya iyulun 17-də Bakıda davam etdiriləcək.