Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əsl liderliyin nümunəsi

14 İyul 2017
 

1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR-in Mərkəzi Komitəsinin birinci katibi təyin edildiyi gündən dövrün ideoloji ağırlığına baxmayaraq, respublikanın bütün iqtisadi, ictimai, sosial sahələrində olduğu kimi, elm və təhsildə də azərbaycançılıq siyasətini həyata keçirməyə başladı. Bu siyasət çox incə məqamları hədəf alaraq gələcəyə köklənmiş strateji məqsədləri əhatə edirdi. Elm və təhsil strategiyasını milli maraqlara bağlayan Heydər Əliyev Azərbaycanın elmi potensialını tez bir zamanda artırmağı hədəf alaraq respublikanı SSRİ-də ön sıralara çıxarmağı bacardı. Onun respublikaya rəhbərlik etdiyi birinci dövr elmi potensialın yüksəldilməsi, xaricdə təhsil alan tələbələrin sayının artırılması, yüksək ixtisaslı kadrların hazırlanması işinin intensivləşməsi, yeni təhsil və elm sahələrinin açılması, ilk hərbi məktəbin təşkili və digər milli-strateji əhəmiyyətli fəaliyyətlə xarakterizə olunur.

Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təməl prinsipi olan vətənpərvərlik tərbiyəsi hər bir sahədə olduğu kimi, Azərbaycan tarixi məsələlərində də ön planda idi. Respublikamızda tarix elminin tədqiqi və təhsili işinin yüksəlişi də Heydər Əliyevin hakimiyyətinin birinci dövründən başlamışdır. 1974-cü ildə yerli arxeoloq kadrların olması nəzərə alınaraq, arxeoloji kəşfiyyat işlərinin keyfiyyətini artırmaq məqsədilə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun tərkibində arxeologiya və etnoqrafiya sektoru təşkil edildi.
Heydər Əliyevin sovet rejimi dövründə tarix - arxeologiya sahələrinin dirçəldilməsinə və inkişafına xüsusi diqqət yetirməsi təsadüfi deyildi. Belə ki, XX əsrin 70-ci illərində ermənilərin ərazi iddiaları bir daha baş qaldırmışdı. Ulu öndər bu iddiaların qarşısını almaq məqsədi ilə ölkənin qabaqcıl tarixçilərinə müraciət etmiş, erməni siyasətçilərinin və onların havadarlarının hücumlarına elmi əsaslarla cavab verilməsinə nail olmuşdu.
Bu prosesləri izləmək üçün akademik İqrar Əliyevin Heydər Əliyev haqqında yazıları diqqəti cəlb edir. Alimin 2002-ci ildə “Elm” qəzetinin xüsusi buraxılışında “Heydər Əliyev və Azərbaycan tarix elmi” adlı məqaləsində ulu öndərin idarəçilik qabiliyyətinin, azərbaycançılıq məfkurəsinin görünməyən tərəflərini izləmək mümkündür.
Arxeoloq alim Əsədulla Cəfərovun “Heydər Əliyev və Azərbaycanda arxeologiya elminin inkişafı” adlı məqaləsində toxunduğu bir fakta diqqət yetirmək yerinə düşər: “1970-ci illərin ortalarında Azərbaycan Albaniyasının paytaxt şəhəri olan Qəbələnin məhv olmaq təhlükəsi yaranmışdı. SSRİ Müdafiə Nazirliyinin planına əsasən, Qəbələ radiolokasiya stansiyasının (RLS) tikintisi üçün yüksək gərginlikli elektrik xətlərinin qədim Qəbələ şəhərinin ərazisindən keçməsi nəzərdə tutulmuşdu. Bu barədə Tarix İnstitutunun direktoru, akademik İqrar Əliyev o vaxt Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə məlumat verdikdən sonra, məsələ Sov. İKP MK Siyasi Bürosunda müzakirə edilmiş və ulu öndərin nüfuzu və dəmir məntiqi sayəsində qədim Qəbələ şəhərinin zəngin maddi-mədəni tarixi abidələri məhv olmaq təhlükəsindən xilas edilmişdi”.
Məhz 70-ci illərin ortaları sovet totalitar rejimin ən sərt dövrü zamanı yuxarıda qeyd olunan böyük hərbi-strateji layihənin gedişinə nüfuz etmək, hakim dövlətin gördüyü işi respublikanın milli maraqlarına uyğunlaşdırmaq asan deyildi.
Qədim tarixə malik Qəbələnin məhv edilməsi təhlükəsinin qarşısının alınması məqsədilə respublika rəhbəri Heydər Əliyev Q.Xəlilovun (Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi) sədrliyi altında Dövlət Komissiyası yaratmışdı. Vəziyyəti araşdırmaq üçün komissiya üzvləri Qəbələyə yollanmışlar. Məlum olur ki, Qəbələ RLS-nin tikinti layihəsi o zaman Azərbaycan SSR layihə institutlarının birində işləyən milliyyətcə erməni qadın tərəfindən hazırlanıbmış.
Heydər Əliyevin bu məsələ ilə bağlı qətiyyəti nəticəsində qədim Qəbələ şəhəri üzərində qurulmuş bütün qurğular sökülmüş, Azərbaycan xalqının dövlətçilik abidəsi olan şəhər xilas edilmişdi.
Bu hadisə sovet dövründə yüksək rütbəli şəxs tərəfindən atılmış cəsarətli addım və eyni zamanda, xalqın milli mənafeyinin açıq-aşkar qorunmasının bariz nümunəsi idi.
Erməni təxribatı bununla da bitməmişdir. 1978-ci ilin əvvəlində ermənilərin ərazi iddiaları yeni vüsət almışdı. Dövrün ideoloji ağırlığına baxmayaraq Heydər Əliyev bu istiqamətdə təəssübkeş fəaliyyətinə siyasi incəliklə davam etmişdi. İqrar Əliyevin məsələ ilə bağlı müharibədən sonra Mircəfər Bağırovun tələbi ilə hazırladığı arayışın tapılması xahişi dərhal yerinə yetirilir və bir ay ərzində alim Dağlıq Qarabağ tarixinə aid arayışı təqdim edir. Məhz bu arayışın əsas müddəaları ilə bağlı Mərkəzi Komitənin bürosunda müzakirələr aparılır. Akademikin sözləri ilə desək, Heydər Əliyev hələ o zaman ermənilərin Azərbaycan xalqına qarşı hazırladıqları təxribatın qarşısını vaxtında ala bildi. Böyük rəhbərin sovet idarəçilik sistemində nüfuzu xalqın rifahının yaxşılaşdırılmasına, vətənin ermənilərin ərazi iddialarından qorunmasına, milli şüurun dirçəldilməsinə, milli-mənəvi dəyərlərin qorunmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına və azərbaycançılıq məfkurəsinin digər əsas prinsiplərinin həyata keçirilməsinə yönəlmişdi.
Akademik Yaqub Mahmudovun “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı kitablarında ulu öndərin kommunist rejimi illərində milli mənlik şüurunun oyanmasının, milli müstəqillik duyğularının baş qaldırmasının, eləcə də gələcəkdə müstəqil Azərbaycanın qurulması üçün zəmin yaradılması məsələlərinin müəllifi olduğu təhlil edilmişdir. Heydər Əliyevin irsində Azərbaycanın XIX əsr tarixi məsələləri xüsusi yer tutmuşdur. Belə ki, akademik Yaqub Mahmudov “Azərbaycan: qısa dövlətçilik tarixi” adlı kitabında bununla bağlı bir məqamı xatırladır: “Heydər Əliyevin rəhbərliyi dövründə, XX əsrin 60-cı illərinin sonu - 70-ci illərində, Azərbaycanın ümumi yüksəlişi fonunda xalqımızın tarixi keçmişinə də maraq artdı, bu sahədə də oyanış başlandı. O zaman ölkəmizdə milli dirçəlişin əsas mərkəzlərindən biri böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan Ensiklopediyası idi. Ensiklopediyanın baş redaksiyası, redaksiya ətrafında toplanmış alimlərin böyük əksəriyyəti çox cəsarətli çıxışlar edirdilər. Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, cümhuriyyət dövrü xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırdılar. Rəsul Rzanın köməyi ilə bu sətirlərin müəllifi Kiyevin xəritə fabrikində ilk dəfə Azərbaycan tarixi xəritələrinin hazırlanmasına və çapına nail oldu. 1972-ci ildə Ensiklopediyanın baş redaksiyası Rəsul Rzanın redaktorluğu ilə “Azərbaycan SSR xəritələri” (Azərbaycan və rus dillərində) adlı atlas nəşr etdi. Göstərilən tarix xəritələri həmin atlasa daxil edildi. Lakin “sapı özümüzdən olan baltalar” bütün bu məsələləri Moskvaya çuğulladılar, Ermənistandakı tarixçi “dostlarını” köməyə çağırdılar. Bizə “millətçi”, “burjua məfkurəçiləri”, “sovet hökumətinin və Rusiyanın düşmənləri” damğasını vurmaq məqsədilə xalqımıza qarşı 1918-ci il Mart soyqırımını törətmiş S.Şaumyanın oğlu L.S.Şaumyanı Bakıya gətirtdilər. O zaman “Böyük Sovet Ensiklopediyası” baş redaktorunun birinci müavini, həm də sovet ideologiyasının başında duranlardan biri olan oğul Şaumyan əlinə düşən fürsətdən istifadə edərək, Azərbaycan ziyalılarına zərbə vurmaq üçün çox çalışdı. Lakin məqsədinə çata bilmədi. Çünki Azərbaycana doğma yurdunun təəssübkeşi olan qüdrətli bir şəxsiyyət başçılıq edirdi. Məhz Heydər Əliyevin müdrikliyi və cəsarəti sayəsində o zaman həm ensiklopediyaçılar, həm də ziyalılarımızın böyük bir dəstəsi nəinki KQB-nin təqiblərinə düçar oldu, hətta partiya cəzasından da yaxa qurtara bildilər.”
İctimai elmlərin inkişafına kommunist ideologiyasının güclü təzyiqi mənfi təsir göstərirdi. Yerli xalqların tarixi SSRİ tarixinin kölgəsində qalırdı. “Beynəlmiləlçilik” şüarı altında xalqların soy kökü, milli dəyərləri, vətən tarixi unutdurulur, “sovet gənclərinə” “SSRİ tarixi” adı altında rus-slavyan xalqlarının tarixi tədris və təbliğ edilirdi. Azərbaycan SSR-də isə Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin sovet dövrü birtərəfli öyrənilir, mövcud olan dərin ziddiyyətlər və onların kökü, ictimai quruluşun, müstəmləkə sisteminin qüsurları açıqlanmırdı. Bir misalı qeyd etmək yerinə düşər: Ötən əsrin 70-ci illərində müttəfiq respublikaların elmlər akademiyalarının tarix institutlarının əksəriyyəti öz xalqlarının çoxcildlik tarixini hazırlamağı planlaşdırmışdılar, o cümlədən Azərbaycan EA Rəyasət Heyəti də “Azərbaycan tarixi”nin (9 cilddə) yazılması qərarı ilə baş redaksiya şurası yaratmış, cildlərin redaksiyaları, müəllifləri artıq fəaliyyətə başlamışdılar. Bu təşəbbüs “ideoloji rəhbərliyi” (ələlxüsus, MK-nın katibi M.A.Suslovu) çox narahat etmişdi. Hətta Sov.İKP Mərkəzi Komitəsində bu məsələ respublika rəhbərlərinin və tarixçilərinin iştirakı ilə müzakirə olunmuşdu. Müzakirədə hər respublikanın fərdi “çoxcildlik” tarixinin əvəzinə regionlar üzrə birgə kitabın yazılması məsləhət görülmüşdü. Bu səbəbdən bir müddət respublikalar üzrə çoxcildlik tarixin yazılması ləngidildi. Ancaq Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin və Qazaxıstan KP MK-nın birinci katibi D.Ə.Kunayevin Moskvaya məktubları sayəsində işə yenidən başlanıldı.
Respublikada ictimai elmlərin tədrisi sahəsində işlər daim diqqət mərkəzində idi. Azərbaycan Dövlət Universitetində Tarix fakültəsinin yuxarıda göstərilən kafedraları ilə yanaşı, 1980-ci ildə “mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrası yaradıldı. 1981-ci ildən etibarən isə “Qədim dünya və orta əsrlər tarixi” kafedrası fəaliyyətə başladı. Bu kafedraların açılması tarix elminin tədrisində səmərəli şaxələnmə kimi qiymətləndirilə bilər. Dövrün ideoloji təsirlərinə baxmayaraq tarix fakültəsində belə kafedraların, fakültələrin açılmasının tarix elminin tədrisinin keyfiyyət artımına təsiri danılmazdır.
Gələcəyə köklənmiş uzaqgörən işlər sırasında C. Naxçıvanski adına Hərbi Məktəbin açılması mühüm əhəmiyyətə malikdir. Maarif Nazirliyi və respublika Hərbi Komissarlığı Azərbaycan KP MK bürosunun 1971-ci il 29 aprel qərarını əsas götürərək, hərbi təmayüllü internat məktəbinin açılması üçün 1971-ci il iyunun 16-da müraciət hazırlayır. Bu müraciət dərhal müzakirə olunur və 1971-ci il iyulun 20-də “İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında” Azərbaycan KP MK bürosu qərar qəbul edir.
1971-ci ilin noyabr ayında məktəbin açılışı olur. Heydər Əliyev bu təntənəli mərasimdə iştirak edir və bildirir ki, yeni məktəbə diviziya komandiri general Cəmşid Naxçıvanskinin adını veririk. Arxiv materialları içərisində C.Naxçıvanskinin adının əbədiləşdirilməsi haqqında Mərkəzi Büronun qərarı bu faktı təsdiq edir. Heydər Əliyev o zaman 3 il idi ki, respublikaya rəhbərlik edirdi. Azərbaycanlı gənclərin hərbi təhsil alması məsələsinin vacibliyi onu təxirəsalınmaz işlər görməyə vadar etmişdi. Bu onu göstərir ki, Heydər Əliyev Azərbaycan tarixini gözəl bilirdi və müstəmləkə dövründə xalqımızın hərb sənətinin unutdurulması məsələsinin hansı nəticələr verəcəyini görürdü. Əsası 70-ci illərin əvvəlində qoyulmuş hərbi məktəbin səmərəli nəticələri 30-40 il sonra Azərbaycan ordusunun tam formalaşması ilə özünü göstərdi. Ulu öndər hərbi işin təşkilində Azərbaycan tarixindən bəhrələnmişdir, desək yanılmarıq.
Kommunist rejimi dövründə ümummilli lider Heydər Əliyevin tarixi şəxsiyyətlərə xüsusi yanaşmasını arxiv materiallarında da izləmək mümkündür. Azərbaycan SSR KP-nin Mərkəzi Bürosunun qərarları içərisində Nəriman Nərimanovun yubiley tədbirlərinin təşkili xüsusi diqqət cəlb edir. Belə ki, yubiley tədbirlərinın təşkili və keçirilməsi 1970-ci ildə qərara alınsa da, N. Nərimanovun adının əbədiləşdirilməsi və Bakının ən görkəmli yerində heykəlinin ucaldılması məsələsi Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə yalnız 1972-ci ildə həyata keçirmək mümkün olmuşdur. Tədbirlərin iki il gecikdirilməsi N.Nərimanova “millətçi” damğasının vurulması ilə bağlı idi. Lakin Heydər Əliyev bütün maneələri dəf etməyi bacardı.
Arxiv sənədləri içərisində, eləcə də Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 600 illik yubileyinin (1971) , Aşıq Ələsgərin 150 illik yubileyinin (1972) , Hüseyn Cavidin 90 illik yubileyinin (1974) geniş və təntənəli şəkildə qeyd olunması haqqında qərarların altında Heydər Əliyevin şəxsi imzası vardır. Saysız-hesabsız arxiv sənədləri sübut edir ki, sovet rejimi illərində də ulu öndərin irsində Azərbaycan tarixi məsələləri xüsusi yer tutmuşdur.
Hələ kommunist rejimi dövründə Heydər Əliyevin uzaq gələcəyə yönəlmiş tədbirləri sırasında Naxçıvan tarixinin tədqiqi və təbliğinin ön plana çəkilməsi də əsas məsələ kimi qarşıda dururdu. Məhz həmin illərdə XII əsrin mədəniyyət abidəsi olan Möminə Xatun məqbərəsi yanında memarlıq və incəsənət muzeyi təşkil olundu. Naxçıvan MR-də 1970-ci ildə cəmi iki muzey var idisə, 1980-ci ildə onların sayı dörd, 1985-ci ildə isə on birə çatdırıldı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə 70-ci illərdə və 80-ci illərin əvvəllərində Naxçıvan şəhərində və Şahtaxtı kəndində görkəmli Azərbaycan dramaturqu və şairi Hüseyn Cavidin, Naxçıvan şəhərində görkəmli sərkərdə C.Naxçıvanskinin, Ordubad şəhərində yazıçı-dramaturq M.S.Ordubadinin, akademik Y.Məmmədəliyevin ev muzeyləri yaradılmışdı.
Sovet illərində milli-mənəvi dəyərlərin qorunması məsələsi də ulu öndərin möhkəm iradəsi ilə mümkün olmuşdur. Milli-mənəvi dəyərlərin Azərbaycan tarixi məsələləri ilə birgə ideologiyanın qurbanına çevrilməsi Heydər Əliyevin bilavasitə xüsusi incə yanaşması ilə qorunmuşdur. Bu, azərbaycançılıq ideologiyasının təməl prinsipi idi. Heydər Əliyevin Azərbaycan mədəniyyəti qarşısında ən uğurlu xidmətlərindən biri xalqımızın görkəmli simalarının, elm və mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi sahəsində həyata keçirdiyi qətiyyətli tədbirlərdir. Onun Azərbaycan SSR-ə rəhbərliyi dövründə Bakıda, digər şəhərlərdə çoxlu görkəmli xadimlərimizin ev muzeyləri fəaliyyətə başlamışdı.
Nizami Gəncəvinin 840 illiyi (1981), Memar Əcəminin, İmadəddin Nəsiminin 600 illiyi (1973), Nəsirəddin Tusinin 780 illiyi (1981), Molla Pənah Vaqifin, Aşıq Alının 180 illiyi (1981), Aşıq Ələsgərin 150 illiyi (1972), Üzeyir Hacıbəylinin (1984), Müslüm Maqomayevin 100 illiyi (1984), Qasım bəy Zakirin 200 illiyi (1984), Hüseyn Cavidin 100 illiyi (1981), M.F.Axundzadənin 175 illiyi (1985), M.A.Əliyevin (1984), M.S.Ordubadinin 100 illiyi (1972) və başqa ədəbiyyat, incəsənət, elm xadimlərinin, Azərbaycan teatrının 100 illiyi (1974) yubileyləri təntənə ilə qeyd olundu. İmadəddin Nəsiminin UNESCO-nun himayəsi altında (1979-cu ildə) keçirilən 600 illik yubileyi böyük ədəbi-mədəni hadisəyə çevrildi. Nəsimi əsərlərinin elmi-tənqidi mətni üç cilddə nəşr olundu, onun yaradıcılığını əhatə edən monoqrafiyalar, elmi-tədqiqat əsərləri çap olundu, bir çox əsərləri müxtəlif dillərə tərcümə edildi. Onun Bakıda keçirilən yubiley təntənələrində SSRİ-nin hər yerindən və 25 xarici ölkədən gəlmiş nümayəndələr iştirak etmişdi.
Ulu öndər xüsusilə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasını, xalqımızın tarixinin obyektiv araşdırılmasını, həqiqəti ortaya çıxaran əsərlərin yaradılmasını daha çox diqqət mərkəzində saxlayırdı. Bəxtiyar Vahabzadənin “Latın dili” şerinin və “Gülüstan” poemasının, İsmayıl Şıxlının “Dəli Kür” romanının və filminin, “Dədə Qorqud”, “Babək”, “Bir cənub şəhərində”, “İstintaq” filmlərinin, “Şəhərin yay günləri” tamaşasının məhz 70-ci illərin məhsulu olması, “Qobustan” ədəbi-publisistik jurnalının nəşri bu baxımdan təsadüf sayıla bilməz. Bütün bunlar ümummilli lider Heydər Əliyevin vətənpərvərliyinin, xalq təəssübkeşliyinin məntiqi nəticəsi kimi dəyərləndirilir.
Ulu öndərin hakimiyyətinin birinci dövründə humanitar-ictimai elmlər sahəsində də mühüm nailiyyətlər əldə edilmişdi. “Azərbaycan tarixi” yeddicildliyində ictimai elmlərin nümayəndələrinin formalaşaraq inkişaf etmələri böyük rəhbərin bilavasitə qayğısı nəticəsində baş verdiyi qeyd olunmuşdur. Ziya Bünyadov, Cəmil Quliyev, İqrar Əliyev, Sara Aşurbəyli, Teymur Bünyadov, Tofiq Köçərli, Qaraş Mədətov, Mahmud İsmayılov və b. Azərbaycan tarixinə aid, Məmmədağa Şirəliyev, Zərifə Budaqova, Əziz Əfəndizadə, Ağamusa Axundov, Əlövsət Abdullayev və Yusif Seyidovun Azərbaycan dilinə aid, Əziz Şərif, Məmməd Cəfər, Mir Cəlal, Həmid Araslı, Abbas Zamanov, Məmmədhüseyn Təhmasib, Mirzə İbrahimov, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Yaşar Qarayev, Azadə Rüstəmova və başqaları Azərbaycan ədəbiyyatına aid, Aslan Aslanov, Firudin Köçərli, Fuad Qasımzadənin fəlsəfəyə aid, Əhməd Mahmudov, Asəf Nadirov, Ziyad Səmədzadə, Bəhman Axundov, Ağasəlim Ələsgərov, Teymur Vəliyev və digərlərinin başqa elmlərə aid tədqiqat işləri xalqın mənəvi sərvətinə çevrilmişdi. Azərbaycanda pedaqogika elminin inkişafında və xalq maarifinin təşkilində görkəmli alim, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü Mehdi Mehdizadə böyük rol oynamışdı. O, UNESCO xətti ilə inkişaf etməkdə olan ölkələrdə təhsilin inkişafı planının hazırlanmasında fəal iştirak etmişdi.
XX əsrin 70-ci illərinin əvvəllərindən başlayan milli dirçəliş, iqtisadiyyat, mədəniyyət, elm, təhsilin inkişafı, mənəvi mühitin sağlamlaşdırılması bütövlükdə milli özünüdərkə təkan verdi. 70-80-ci illərdə Heydər Əliyev böyük qətiyyət, əzm və cəsarətlə xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı.
Həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə edilirdi. Xarici ölkələrlə mədəni əlaqələrin güclənməsi, tərcümə işinin vüsət alması, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin (“Vətən” Cəmiyyəti) yaradılması həmvətənlərimizin birliyinə və Vətənlə əlaqəsinə xidmət edən belə mühüm addımlardan idi. İlk növbədə isə respublikamızın hərtərəfli inkişafı həmvətənlərimizdə milli qürur hissi oyadaraq onlarda ana yurda maraq və bağlılığı artırırdı.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının elmi-intellektual potensialının gücləndirilməsi məsələlərinə həmişə böyük diqqətlə yanaşırdı. Məhz elə bu diqqətin sayəsində onun rəhbərliyi dövründə yüzlərlə həmvətənimiz SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı əldə etmişdilər. Belə ki, keçmiş SSRİ məkanının 50-dən çox böyük şəhərinin 170-dən artıq ali təhsil ocağında elm, iqtisadiyyat, mədəniyyət, istehsalat və digər sahələri əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən artıq ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc təhsil almış və yüksək biliyə yiyələnmişdir. Bu kadrların çoxu yenidən Azərbaycana qayıtmış və respublikanın ümumi inkişafına öz töhfələrini vermişdilər. Lakin onların bir qismi təhsil aldıqları şəhərlərdə məskunlaşmışdı. Respublikamızdan kənarda əmək fəaliyyətinə başlayan həmin mütəxəssislər isə bir tərəfdən həmvətənlərimizin mütəşəkkilliyinin güclənməsinə, digər tərəfdən elm və mədəniyyətimizin inkişafına yardım göstərmişlər. Dünya azərbaycanlılarında milli şüurun güclənməsində Heydər Əliyevin Moskvada sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyətinin də xüsusi rolu olmuşdur. Həmvətənlərimiz milli liderimizin dünya miqyaslı siyasi fəaliyyətini milli idrak və xarakterin parlaq təzahürü kimi qəbul edir, xalqımızın özünə inamı, özünüdərki və mütəşəkkilliyi güclənirdi.
XX əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində ümummilli lider Heydər Əliyev məqsədyönlü fəaliyyəti ilə Azərbaycanın gələcəkdə müstəqillik qazanmasına elmi əsaslarla zəmin yaratdı. Azərbaycan gənclərinin milli ruhda formalaşması, vətənpərvərlik tərbiyəsi öz səmərəli nəticəsini verdi. 70 il sovet rejiminin ağır ideoloji təsirləri altında vətəndə və SSRİ-nin müxtəlif şəhərlərində təhsil alıb formalaşan gənclər məhz 1980-ci illərin sonunda başlamış milli hərəkatda hərəkətverici qüvvə oldular. Milli özünüdərk, milli şüur öz bəhrəsini verdi. Azərbaycan öz müstəqilliyini bərpa etdi.

Leyla HÜSEYNOVA,
AMEA Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru