Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərbaycan İslamiadanı olimpiya oyunları səviyyəsində keçirir”

20 May 2017
 

Xarici idmançılar Bakının yüksək təşkilatçılıq nümunəsindən və azərbaycanlı atletlərin peşəkarlıq performansından razılıq edirlər

 

“Azərbaycan istənilən beynəlxalq tədbiri yüksək səviyyədə təşkil etmək iqtidarındadır”. Bunu təkcə biz deyil, müxtəlif tədbirlər çərçivəsində ölkəmizə gələn əcnəbi qonaqlar da deyirlər.
Azərbaycanın bugünə qədər evsahibliyi etdiyi dünya səviyyəli mötəbər tədbirlər bunu artıq sübut edib. Hazırda isə Odlar Yurdunda IV İslam Həmrəyliyi Oyunları keçirilir. İslam dünyası üçün mühüm idman tədbiri sayılan bu Oyunları təşkil etmək Azərbaycan üçün elə də çətin olmadı. Çünki I Avropa Oyunları ərəfəsində qurulmuş yeni və müasir infrastruktur, eləcə də qazanılmış təcrübə imkan verdi ki, daha az xərclə IV İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirək.
Bakı İslamiadası artıq yekunlaşmaq üzrədir. Şəhərimizdə qonaq olan xarici atletlərin də həm ölkəmiz, həm də İslam Həmrəyliyi Oyunları barədə təəssüratları olduqca zəngindir. Yarışların keçirildiyi müxtəlif arenalara baş çəkib əcnəbi idmançılarla həmsöhbət olduqda bu qənaətə gəldik. Onlar bu cür möhtəşəm tədbirin yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan hökumətinə minnətdarlıq etdilər. Eyni zamanda Bakı və onun insanları barədə xoş fikirlər səsləndirdilər.

 

Buradakı birlik, bərabərlik duyğusu bizi daha da məmnun edir

 

Ufuk Arman,
Türkiyə Ovçuluq və Atıcılıq Federasiyasının rəhbəri:

- Atıcılıq yarışları üçün əvvəllər də Azərbaycana gəlmişik. Burada yarışmaları təşkil edən çox təcrübəli bir komanda çalışır. Təchizat yüksək səviyyədədir. Azərbaycanın təcrübəsindən yararlanmaq lazımdır. İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə təşkil olunub. Bu yarışlara 19 idmançı ilə qatılmışıq. İslam Oyunlarını önəmli saydığımız üçün Bakıya çox güclü bir komanda ilə gəlmişik. İdmançılarımız yaxşı çıxış etdilər. Artıq 10-dan çox medalımız var.
Burada yarışların dostcasına, qardaşcasına keçirilməsi bizi çox sevindirir. Azərbaycan xalqı bizə isti, xoş münasibət göstərir. Ona görə də burada özümüzü evimizdəki kimi hiss edirik. Bunları hər dəfə Azərbaycana gəldiyimizdə hiss edirik. Bu dəfə də çox istiqanlılıq gördük. Bu birlik, bərabərlik duyğusu bizi daha da məmnun edir. Paytaxt Bakıda çox əyləncəli və sevincli günlər yaşayırıq. Buna görə təşəkkürümüzü bildiririk.
Azərbaycanın idman tədbirlərinin təşkili sahəsində çox yaxşı təcrübəsi var. Ona görə bu Oyunlar zamanı da heç bir narahatlıq yaşanmır. Həqiqətən də “bu, pis gedir" deyə biləcəyimiz bir şey yoxdur. Atletlər kəndində də hər bir iş çox yüksək şəkildə hazırlanıb. Otaqların təmizliyi, yeməklərin gözəlliyi, gecikməyən xidmətlər və sair, hər şey çox yaxşı təşkil edilib. Hava limanında qarşılandığımız andan bu günə qədər hər hansı bir problemlə üzləşməmişik. Belə olacağını əvvəlcədən də bilirdik.

 

Neqativ halla rastlaşmaq mümkün deyil

 

Salah Alhamed,
Səudiyyə Ərəbistanı cüdo komandasının rəhbəri:

- Biz hava limanından düşən andan hər kəsi xoşbəxt və gülərüz gördük. Bizə hörmətlə yanaşır, kömək olmağa çalışırlar. Oyunlar ərzində də kimdən nə soruşuruqsa, ingiliscə bizə cavab verir. Atletlər kəndinə gəldiyimiz andan özümüzü rahat və təhlükəsiz hiss edirik. Çünki orada bizim üçün elə şərait yaradılıb ki, hansısa problemlə və ya neqativ halla rastlaşmaq mümkün deyil. Ona görə də deyə bilərəm ki, Bakıda İslam Oyunları çox yaxşı səviyyədə təşkil olunub. Şəhərinizdən həzz alırıq. Burada müxtəlif yeməklər yemişik, amma onların hansının milli Azərbaycan yeməkləri olduğunu bilmirik. Əsas odur ki, hamısı çox dadlıdır. Burada çox yaxşı mədəniyyət var. Həmçinin insanlar arasında səmimiyyət görürəm.

 

Özünü yad yerdə hiss etmirsən

 

Qazi Ali,
Səudiyyə Ərəbistanı, güləşçi:

- Azərbaycana ilk səfərimdir. Ölkə haqqında çox az məlumatım vardı. Sadəcə adını və harada yerləşdiyini bilirdim. İndi isə buranı daha yaxından və əyani şəkildə tanımaq imkanım var. İlk təəssüratım zəngindir. Bakı heyrətamizdir. İnsanların həddən artıq mehribanlığı adama yaxşı təsir bağışlayır. Özünü yad yerdə hiss etmirsən. Hələ ki şəhəri cəmi bir dəfə gəzmək imkanım olub. Amma burada olduğumuz müddətdə komandamızla birgə çox yerləri gəzib görəcəyik. Görürəm ki, təhlükəsiz və sakit bir şəhəriniz var.
IV İslam Həmrəyliyi Oyunları çox yaxşı təşkil edilib. Açılış mərasimi heyrətamiz idi. Düşünürəm ki, yarışların təşkili tam olaraq olimpiya standartlarına cavab verir. Burada bütün idmançılar Atletlər kəndində yaşayır, bu, həm də müxtəlif ölkələrin nümayəndələrinə bir-biri ilə tanış olmaq, ünsiyyət qurmaq imkanı yaradır. Bu da həmrəylik üçün çox vacib amildir.

 

Bütün incəliklər nəzərə alınıb

 

Asim Karaşi,
İordaniya, cüdoçu:

- Bakı heyrətamiz şəhərdir, maraqlı və gəzməli yerləri var. IV İslam Həmrəyliyi Oyunlarının burada keçirilməsi çox xoş oldu. Bu Oyunlarda iştirak etdiyimə görə özümü xoşbəxt hiss edirəm. Yarışların keçirildiyi məkanlarda atletlər üçün bütün zəruri şərait yaradılıb. İstər isinmə, istər yuyunma, istərsə də istirahət yerlərində hər bir məsələ bütün incəliklərinə qədər nəzərə alınıb.
Oyunların yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürümü bildirirəm. İslam ölkələrinin tanınmış yığma komandaları burada toplaşıb. Tamaşaçılar maraqlı yarışları izləməkdən zövq alırlar. Bu günədək keçirilən islamiadalarda bəlkə də ən yaxşı təşkilatçılıq və məkan məhz Bakıya aiddir. Fikrimcə, azərbaycanlılar çox səmimi və mehriban insanlardır. İçərişəhər qədimlyi və müasirliyi ilə diqqətimi çəkdi. Növbəti günlərdə Bakının digər yerlərini də gəzməyə çalışacağam.

 

Hər şey mənə möcüzə kimi görünür

 

So Arno,
İndoneziya, cüdoçu:
- Azərbaycan bu Oyunların təşkilatçılığını çox yaxşı həyata keçirib. İdmançıların qarşılanması, yerləşdirilməsi və arenalara daşınması çox yüksək səviyyədə təşkil edilib. Bütün oyunlar maraqlı olur. Yarışın keçirildiyi zal çox geniş və işıqlıdır. Mübarizə üçün insanda yaxşı əhvali-ruhiyyə yaranır. Güclü komandalar yarışdığından oyunlar çox gərgin və maraqlı keçir. Bütün komandalara uğurlar arzulayıram. Öz komandamıza isə ümidlər böyükdür. İnanıram ki, oyunları uğurla başa vuracağıq.
Bakı gözlədiyimdən də gözəldir. Burada ilk dəfədir oluram. Hər şey mənə möcüzə kimi görünür. Şəhər sanki Xəzər dənizini ağuşuna alıb. Bu mənzərə gecələr daha da möhtəşəm görünür. Burada olmaqdan çox məmnunam.

 

Azərbaycan olimpiya oyunlarını qəbul etməyə hazırdır

 

Alxatri Hamid,
Oman, atıcı:

- Düşünürəm ki, burada insanlar dostcanlıdır. Yarışlar barədə isə hər şey çox gözəldir. Atletlər üçün istənilən şərait yaradılıb. Bu Oyunlar Azərbaycanı dünyanın bir çox ölkələri ilə daha da yaxınlaşdıracaq. Azərbaycan İslamiadaya evsahibliyi etməklə dünyada sülhün, bərabərliyin olmasına böyük töhfə verəcək. Bu cür beynəlxalq tədbirlər dünya ölkələri tərəfindən də hər zaman alqışlanır. Çünki bu, insanları bir araya gətirən tədbirdir. İdman da musiqi kimi ümumi bir dildir və bütün insanlar burada bir-birini başa düşür, aralarında dostluq yaranır. Belə tədbirə evsahibliyi etdiyi üçün Azərbaycana təşəkkürlərimi çatdırıram.
Yarışlara xeyli sayda azarkeşlərin gəlməsi və onların nikbinliyi çox xoşuma gəldi. Azərbaycan artıq olimpiya oyunlarını qəbul etməyə hazırdır. Bunun üçün ölkədə hər cür şərait var.

Elgün MƏNSİMOV,
“Azərbaycan"