Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əzmin gücü

19 May 2017
 

Paraatletlərimiz “Bakı-2017”də yeni şərəf səhifəsi yazdılar

 

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində atletika yarışları davam edir. Atletika yarışlarının üçüncü günündə qadınlar arasında 5000 m məsafəyə qaçış və  nizəatma, kişilər arasında F13 kateqoriyasında nizəatma və T11 kateqoriyasında 100 metr məsafəyə qaçış, kişi və qadınlar arasında 200 m məsafəyə qaçış, kişilər arasında 800 m məsafəyə qaçış, qadınların 100 m sədlərlə qaçışı, kişilərin 3000 m maneələrlə qaçışı,  kişilər arasında çəkicatma, qadınlar arasında uzunluğa və hündürlüyə tullanma üzrə yarışlar keçirilib.

T11 kateqoriyasında (paraatleika) 100 metr məsafəyə qaçış yarışında iştirak edən təmsilçilərimiz Nurlan İbrahimov və Elçin Muradov finala vəsiqə qazanıblar. Finalda Nurlan İbrahimov 11.60 saniyəlik göstərici ilə finişə hamıdan öndə çatıb. Elçin Muradov  isə 11.64 saniyəlik nəticə ilə ikinci yerə çıxıb. Beləliklə, atletlərimiz bir növdə iki medal əldə ediblər.

Qadın atletlərin 5000 metr məsafəyə qaçış mübarizəsində Bəhreyn idmançısı Rut Cebet  hamıdan sürətli olub. O, əsas rəqibi, Türkiyə idmançısı Yasemin Canı geridə qoyaraq IV İslam Həmrəyliyi Oyunlarında ikinci çempionluğunu rəsmiləşdirib. Xatırladaq ki, R.Cebet 3000 metr məsafəyə maneələrlə qaçış yarışında da qızıl medal qazanmışdı. Y. Can isə qalibdən 0,09 saniyə geri qalmaqla finiş xəttini ikinci keçib və gümüş medalla mükafatlandırılıb. Bürünc medalı isə qırğızıstanlı Darya Maslova qazanıb.

Qadınların 100 m məsafəyə maneələrlə qaçış yarışlarında 13,55 saniyə nəticə ilə Benin atleti Odile Ahoanvanou qızıl medala sahib olub.  Bu mübarizədə ikinci nəticəni Türkiyə idmançısı Nevin Yanıt Baltaçı, üçüncü nəticəni isə malayziyalı Raja Nurşena Azhar göstərib.

Qadınlar arasında nizəatma yarışlarının qalibi Türkiyə idmançısı Eda Tuğsuz olub. İdmançı bu uğuru 67,21 metr nəticə ilə əldə edib. Bu yarışda iranlı Səhər Zaesisaxt gümüş, türkiyəli Sakir Berivan isə bürünc medal qazanıb.

Kişilər arasında F13 kateqoriyasında Özbəkistan idmançısı Aleksandr Sveçnikov paralimpiyaçı kişi atletlər arasında nizəatma yarışının qızıl medalını qazanıb, İran idmançıları Sajad Nikparast 2-ci, Seyed Er Hosseyni Liravi  isə 3-cü yeri tutub.

Çəkicatma yarışlarında kişi idmançıların mübarizəsində Türkiyə idmançısı Əşrəf Apak 74,32 metr nəticə ilə kiçik fərqlə həmyerlisi Özkan Baltaçıya (74,13 m) qalib gələrək “Bakı-2017”nin çempionu olub. Üçüncü yerə 73,17 m göstərici ilə Qətər idmançısı Əşrəf Amgad Elseifi çıxıb.

Qadınlar arasında 200 m məsafəyə qaçışın finalında qızıl medalı Bəhreyn atleti  Edidionq Ofonim Odionq qazanıb. Qambiya təmsilçisi Gina Bas ikinci, özbəkistanlı Nigina Şərifova isə üçüncü olub.

Kişilər arasında 200 m məsafəyə qaçışda Türkiyə təmsilçisi Ramil Quliyev birinci nəticə göstərib. Gümüş medalı bruneyli Salem Eid Yaqub, gümüş medalı isə Qayana idmançısı  Vinston Corc qazanıb.

Kişilərin 800 m məsafəyə qaçışında Mərakeş atleti Mustafa Smaili qalib gəlib. Gərgin mübarizədə o, mükəmməl fiziki hazırlıq nümayiş etdirərək tunisli Riadah Çinnini qabaqlayıb. Əlcəzairli Məhəmməd Əl Əmin Belferar bürünc medalı əldə edib. 

Kişilərin 3000 m maneələrlə qaçışında mərakeşli Məhəmməd Tinduft çempion olub. Gümüş medala Cibuti atleti Məhəmməd İsmayıl, bürünc medala isə Türkiyə idmançısı Aras Qaya sahib çıxıb.

Dünən həmçinin qadınlar arasında hündürlüyə tullanma üzrə də final yarışları keçirilib. Bu mübarizədə Özbəkistan atleti Nadya Dusanova birinci olub. İkinci yerə Əlcəzair idmançısı Yusra Arar, üçüncü yerə  Qayana təmsilçisi Natrena Huper çıxıb.

Qadınlar arasında uzunluğa tullanmada isə Əlcəzair idmançısı Tahani Rumais Belabiod qızıl, indoneziyalı Maria Londa bürünc, kamerunlu Marlin Sara Ngo Ngoa bürünc medal qazanıb.

IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışları bu gün davam edəcək.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”