Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Blomberq: ABŞ-da siyasi qalmaqallar varlılara 35 milyard dollar ziyan vurub

18 May 2017
 

Dünyanın ən varlı insanları ABŞ-da qeyri-sabitliyin bazara sarsıdıcı təsiri səbəbindən ötən çərşənbə günü 35 milyard dollar itiriblər.

AZƏRTAC xəbər verir ki, Blomberq-in hesablamalarına görə, planetin ən zəngin adamı, 86,6 milyard dollar sərvətə malik Bill Qeytsə məxsus Microsoft-un aksiyalar zərfi 1 milyard dollar ucuzlaşıb. Amazon-un banisi Ceff Bezos 1,7 milyard dollar itirərək ən varlı şəxslərin reytinqində ikinci pillədən üçüncü yerə enib. İspan milyarderi Amasio Orteqinin varidatı 355 milyon dollar azalıb və o, 83,2 milyard dollar sərvətlə Bezosun yerini tutub.

ABŞ-da FTB-nin direktoru Ceyms Kominin işdən çıxarılması və Prezident Donald Trampın Moskva ilə əlaqələrində yaranmış şübhələrlə bağlı qalmaqallar fonunda dünya fond indekslərində də azalma baş verib. Çərşənbə günü Amerika fond indeksləri son səkkiz ayda rekord templərlə enib: mayın 17-də Dow Jones Industrial Average-nin indeksi 372,82 bənd (1,78 faiz), Standard & Poor's 500-ün indeksi 43,65 bənd (1,82 faiz) geriləyib. Nasdaq Composite 158,63 bənd (2,57 faiz) itirib.

Ən çox ziyana isə Facebook-un yaradıcısı Mark Zukerberq düşüb. Belə ki, sosial şəbəkənin səhmlərinin 3,3 faiz ucuzlaşması nəticəsində o, 2 milyard dollar itkiyə məruz qalıb. Blomberq-in qiymətləndirməsinə əsasən, Zukerberq hazırda 62,3 milyard dollar sərvətlə planetin varlı şəxslərinin reytinqində beşinci yeri tutur.