Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xarici ticarətdə 2,06 milyard dollarlıq müsbət saldo var

18 May 2017
 

Qeyri-neft məhsullarının ixracı 7 faiz artıb

 

Dövlət Statistika Komitəsi cari ilin ilk rübü üzrə Azərbaycanın xarici ticarət əlaqələri haqqında ilkin məlumatı yayıb. Məlumatda bildirilir ki, göstərilən müddətdə Azərbaycan dünyanın 149 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 84 ölkəyə məhsul ixrac, 143 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 5 milyard 90,9 milyon, o cümlədən ixracın dəyəri 3 milyard 578,1 milyon, idxalın dəyəri 1 milyard 512,8 milyon ABŞ dolları təşkil etmiş, nəticədə 2 milyard 65,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 10,6 faiz artmış, real ifadədə isə 16,4, o cümlədən ixrac 9,2, idxal 27,3 faiz azalmışdır.

Ticarət dövriyyəsinin 39,1 faizi Avropa İttifaqının, 11,8 faizi MDB-nin, 49,1 faizi digər ölkələrin payına düşmüşdür.

Məlumatda həmçinin bildirilir ki, cari ilin ilk rübündə 264,9 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 9,1, real ifadədə isə 7 faiz çoxdur. Konkret rəqəmlərə gəldikdə isə hesabat dövründə 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 58,4, təzə tərəvəz 95, tütün 35,4, çay 44,4, meyvə və tərəvəz şirələri 47,3, təbii üzüm şərabları və üzüm suslosu 16,3, meyvə və tərəvəz konservləri 27,6, kartof 33,5, polietilen 0,4 faiz, pambıq lifi 6,6, bentonit gili 3,4 dəfə artmışdır.