Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib

15 May 2017
Mayın 15-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Hadı Rəcəbli iclası açaraq gündəlik barədə məlumat verib. Gündəliyə "Turizm haqqında" qanun layihəsi daxil idi.

İclasda bildirilib ki, "Turizm haqqında" qanun layihəsi 8 fəsil, 63 maddədən ibarətdir. Bu qanun layihəsi Azərbaycan Respublikasında turizm sahəsində dövlət tənzimləməsi, turizmin dövlət idarəetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, investisiya qoyuluşu və bu sahənin digər üsullarla stimullaşdırılması, sığorta və məlumatlandırma məsələləri ilə bağlı münasibətləri tənzimləyir.

Sənəddə qeyd olunur ki, Azərbaycanda fəaliyyət göstərən turizm infrastrukturu subyektləri üçün məcburi olan idarəetmə tələbləri Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının tövsiyələrinə uyğun olaraq nəzarət orqanı tərəfindən müəyyən edilir.

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov iclasda çıxış edərək Azərbaycanın turizm imkanlarının bir turizm məhsulu kimi təqdim edilməsi üçün koordinasiya işlərinin aparılmasının önəmini qeyd edib. O deyib: “Bizim Türkiyədən dəvət etdiyimiz təcrübəli ekspertlər bildirdilər ki, Türkiyədə olduğu kimi, Azərbaycanda da rekreasiya zonalarının inkişafına nail olmaq məqsədilə tikintiyə başlamaq üçün investisiya sənədi və müəssisənin fəaliyyəti ilə bağlı ayrıca sənəd təqdim olunmalıdır. Bizim hədəflərimiz də odur ki, sahibkarlar qarşısındakı maneələri sıfıra endirək, bölgələrdə infrastrukturu genişləndirək. Bununla həm bölgəni inkişaf etdirək, həm də işsizliyi aradan qaldıraq”.

Qanun layihəsinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət, inzibati və mülki hüquqi məsuliyyətə səbəb olur. Turizm infrastrukturu subyektlərinin işçiləri həmin təşkilatların daxili qaydalarına əsasən əmək və icra intizamını, o cümlədən xidmət göstərmə qaydalarını və tələblərini pozduqlarına görə intizam məsuliyyətinə cəlb olunurlar. Bu cür qaydalar olmadıqda əməkdaşların intizam məsuliyyətinə cəlb olunması qadağandır.