Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mehriban Əliyevanın "Bakı-2015" ilə başlatdığı uğur estafeti "Bakı-2017"də davam edir

12 May 2017
 

Azərbaycan bu gün təkcə iqtisadi deyil, həm də zəngin milli-mənəvi, intellektual potensialı ilə dünyanın diqqət mərkəzindədir. Bu diqqət həm də son illər rəsmi Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə yüksək səviyyədə evsahibliyi etməsi ilə şərtlənir. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə paytaxtımızda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını regionun diplomatik məkanına çevirib. "Eurovision-2012" kimi möhtəşəm musiqi yarışmasını, "Bakı-2015" ilk Avropa Oyunlarını yüksək təşkilatçılıqla keçirən Azərbaycan beynəlxalq aləmdə daha böyük nüfuz qazanıb.

Ölkədə etnik-milli və dini tolerantlığın inkişafında, habelə mötəbər beynəlxalq tədbirlərin təşkilində Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri müstəsnadır. Hələ 2012-ci ildə Azərbaycanın birinci xanımının sədri olduğu Təşkilat Komitəsi “Eurovision-2012”ni yüksək səviyyədə keçirməklə Azərbaycanın yüksək təşkilatçılığa, zəngin mədəniyyətə, tolerantlığa malik ölkə olduğunu bir daha sübut edib. 2011-ci ildə Azərbaycan təmsilçiləri Almaniyada keçirilən “Eurovision-2011”in qalibi olanda Avropada bəziləri rişxəndlə, təəccüblə bildirirdilər ki, Bakı belə möhtəşəm musiqi müsabiqəsini necə keçirə bilər? Amma bu yanlış düşüncədə olanlar sonradan Bakının yüksək təşkilatçılığı, qonaqpərvərliyi, müasirliyi və gözəlliyi qarşısında yanıldıqlarını etiraf etməli oldular. Bir daha təsdiqləndi ki, Azərbaycan qətiyyən geridə qalmış müsəlman və ya Şərq ölkəsi deyil. Azərbaycanlılar müasir, qonaqpərvər, gülərüz olmaqla yanaşı, çox tolerantdırlar. Burada uzun illərdir ki, müxtəlif dini baxışların, ayrı-ayrı xalqların nümayəndələri dostluq və mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar.
I Avropa Oyunlarının da Azərbaycanda keçirilməsi ölkəmizin son illər idmanın və bədən tərbiyəsinin, Olimpiya hərəkatının geniş vüsət aldığı ölkə olması ilə şərtlənirdi. Belə bir mötəbər idman tədbirinin ilk dəfə məhz Azərbaycanda keçirilməsi ölkəmizin həm də Şərqlə Qərb arasında mühüm mədəniyyət və tolerantlıq körpüsü olmasından irəli gəlirdi.
Beynəlxalq idman tədbirlərinin Azərbaycana həvalə edilməsi onu göstərir ki, respublikamız bütün sahələrdə, o cümlədən idmanda da tərəqqi dövrünü yaşayır. Ölkəmizdə təşkil olunan Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Son 14 ildə respublikamızda idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatları keçirilib. Bu tədbirlərin yüksək səviyyədə hazırlığı həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən qeyd olunur. İdmançılarımızın mötəbər yarışlarda əldə etdiyi yüksək nailiyyətlər, dövlətin idmanın inkişafına dəstəyi, müasir idman infrastrukturunun mövcudluğu IV İslam Həmrəyliyi Oyunlarının da ölkəmizdə keçirilməsinə zəmin yaradan səbəblər sırasındadır. Ümumilikdə Azərbaycan son illər dünya miqyaslı bir sıra idman yarışlarını uğurla təşkil edərək beynəlxalq və Avropa Olimpiya komitələrinin etimadını qazanıb.
Xatırladaq ki, İslam Həmrəyliyi Oyunları dörd ildən bir keçirilən beynəlxalq idman tədbiridir. Bu mötəbər idman tədbiri İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən keçirilir. İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilmiş, sayca II İslam Həmrəyliyi Oyunlarının ilkin olaraq 2009-cu ilin oktyabrında İranda keçirilməsi nəzərdə tutulsa da, daha sonra tədbir 2010-cu ilin aprel ayına qədər təxirə salındı və sonradan ləğv olundu. Növbəti Oyunlar isə 2013-cü ildə İndoneziyada baş tutdu.
IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar isə 2013-cü il iyulun 24-də İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunan VIII Baş Assambleyasında qəbul edilib. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi Azərbaycanın dünyadakı nüfuzlu mövqeyini ifadə edir. Çoxsaylı idman tədbirləri, sərgilər, konfranslar, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təqdimatı artıq beynəlxalq ictimaiyyətə də ölkəmiz haqqında kifayət qədər dolğun məlumatın çatdırılması üçün şərait yaradır.
Mötəbər idman tədbirinə 54 ölkəni təmsil edən 3 mindən çox idmançı qatılır. Bu rəqəmlər özlüyündə rekord göstəricidir. Çünki bu vaxta qədər keçirilən İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb. Atletlər 16 yarış məkanında 21 idman növü üzrə mübarizə aparacaqlar. Oyunların sonunda 1600 medalın təqdim edilməsi nəzərdə tutulub. Atletlər on yarış günü ərzində idmanın (23 kateqoriya) - atletika və paraatletika, su idmanı növləri (suyatullanma, üzgüçülük, su polosu), basketbol 3x3, futbol, idman gimnastikası, bədii gimnastika, uşu, stolüstü tennis, həndbol, cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvondo, ağır atletika üzrə 16 müasir idman qurğusunda keçiriləcək yarışlarda güclərini sınayacaqlar. Yarışlar 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləyəcək.
2015-ci il sentyabrın 18-də Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qarşıya qoyulan vəzifələri uğurla həyata keçirib. Xatırladaq ki, 2015-ci il noyabrın 1-də İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi fəaliyyətə başlayıb. Əməliyyat Komitəsində 16 ölkəni təmsil edən 100 xarici və 1400 yerli mütəxəssis çalışır. Əməliyyat Komitəsinin yarandığı vaxtdan gündəlikdəki əsas məsələlərdən biri İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan bütün Milli Olimpiya komitələri ilə danışıqların aparılması və onların bu yarışlarda iştirakını təsdiqləmək olub. İƏT-ə üzv olan 54 ölkədən idmançıların iştirakı təsdiq edilib. Ölkə rəhbərliyinin diqqət və qayğısı, Təşkilat Komitəsinin yüksək təşkilatçılığı sayəsində İslam Oyunlarının yüksək səviyyədə baş tutmasına lazımi şərait yaradılıb.
Bu gün Bakı daha bir mötəbər tədbirə yüksək səviyyədə evsahibliyi edir. Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə evsahibliyi edəcəyinə əminlik ifadə etmişdi: “Azərbaycan Respublikasının evsahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunlarına son hazırlıq işləri ilə əlaqədar gördüklərim tam qaneedicidir. Mən Oyunların uğurla keçirilməsi üçün ən yaxşı imkanları təmin etmək işində böyük dəstəyə və diqqətə görə İslam Həmrəyliyi İdman Federasiyası adından Sizə səmimi təşəkkürümü və minnətdarlığımı bildirirəm. Allaha şükürlər olsun ki, bu dəstək və diqqət tərtibat və təşkilat işlərində öz bəhrəsini vermişdir və uğura, fərqlənməyə əminlik yaradır. İcazə verin bu xoş fürsətdən istifadə edərək Oyunların hazırlanması və təşkilində göstərdiyi böyük səylərə və yüksək rəhbərliyə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Oyunların Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya təşəkkür edim”.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə yanaşı, ölkəmizdə “İslam həmrəyliyi ili”nin elan olunması bir-birini üzvi şəkildə tamamlayır. Qlobal aləmdə siyasi və sosial kataklizmlərin yaşandığı bir şəraitdə, ən əsası isə İslam dünyasının birliyinə nail olmağa ciddi ehtiyac duyulduğu bir vaxtda irəli sürülən bu təşəbbüs dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün çox mühüm imkanlar açacaq.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında bildirib: “Biz hər bir məsələyə çox məsuliyyətlə yanaşırıq və Azərbaycanın maraqlarını, beynəlxalq imicini üstün tutaraq ölkəmiz və xalqımız üçün layiqli nailiyyətlər əldə etməyə çalışırıq. Son illər Azərbaycanın paytaxtında bir çox böyük beynəlxalq idman yarışları - həm Avropa, həm də dünya çempionatları keçirilir. Ümumi rəyə görə, bu tədbirlər təşkilati baxımdan çox yüksək səviyyədə hazırlanır və keçirilir. 2015-ci ildə Bakıda I Avropa Oyunları böyük uğurla keçirilmişdi. Bu Oyunlar Avropanın Olimpiya tarixində yeni səhifə açmışdır.
Ümumi rəyə görə, Azərbaycan dövləti I Avropa Oyunlarını olimpiya oyunları səviyyəsində təşkil etmişdir. Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları da mükəmməl hazırlanmışdır və keçirilmiş Oyunlar kimi tarixdə qalacaqdır”.
Bu gün rəsmi açılışı keçirilən IV İslam Həmrəyliyi Oyunları Azərbaycan, eləcə də İslam dünyası üçün mötəbər idman təntənəsidir. On gün ərzində İslam dünyasının nəbzi Azərbaycanda döyünəcək. Xatırladaq ki, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub. Çünki su hər bir canlı üçün həyat mənbəyidir. Paklıq və birlik rəmzi olan suyun İslamda böyük mənəvi dəyəri var və o, Xəzər dənizinin sahilində yerləşən Bakı üçün də xüsusi əhəmiyyəti ilə seçilir. Ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti 3 min kilometrdən çox məsafəni qət edərək bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatır. Bu gün uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən çox dövlətindən olan idmançıları Oyunlarda salamlayacaqlar.
Prezident İlham Əliyev bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim üçün böyük şərəfdir: “Biz bunu İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürü kimi qəbul edirik. Eyni zamanda bu, bizim üçün böyük məsuliyyətdir və demək olar ki, bütün hazırlıq işləri başa çatıb. Biz Oyunları qəbul etmək üçün tam hazırıq. Fürsətdən istifadə edərək IV İslam Həmrəyliyi Oyunlarının hazırlanmasında xüsusi rol oynayan Təşkilat Komitəsinə, onun bütün üzvlərinə və komitənin sədri Mehriban Əliyevaya da təşəkkürümü bildirmək istəyirəm”.
Müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdən Azərbaycan İslam ölkələri arasında qarşılıqlı əlaqələrin genişlənməsi üçün mühüm addımlar atır. Bakı şəhərinin 2009-cu, Naxçıvan şəhərinin isə 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçısı kimi Azərbaycanın seçilməsi qeyd olunan faktların məntiqi nəticəsidir. Bu sahədə UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi vurğulamaq lazımdır.
Təkcə Cənubi Qafqazın deyil, Avropanın tolerantlıq, sülh və inkişaf mərkəzlərindən biri kimi tanınan Azərbaycan “Bakı-2015” ilə başladığı uğur estafetini davam etdirir. Ölkəmizin bu mötəbər idman tədbirini də yüksək səviyyədə keçirmək iddiası ilə imkanlarının üst-üstə düşdüyünü isə xüsusi vurğulamağa ehtiyac yoxdur. Bu gün start götürən möhtəşəm idman tədbirində dünya bunun bir daha əyani şahidi olacaq!

Elnur HACALIYEV,
“Azərbaycan”