Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dünyanı pulsuz gəzən çexiyalı turistlər Azərbaycanda

11 May 2017
Pul xərcləmədən beş aydır səyahət edən çexiyalı turistlər Azərbaycana gəlib. Çexiyadan səfərə başlayan Kristina Çvojkova və Vajteç Bryanaç avtostopla hərəkət edirlər. Beş ay ərzində artıq 8 ölkəni gəziblər. On gündən çoxdur Azərbaycanda olan turistlər ölkəmizə İrandan gəliblər.

AZƏRTAC xəbər verir ki, respublikamızla tanışlığa Astara rayonundan başlayan çexiyalılar Lənkəran, Qobustan, Bakı, Siyəzən, Quba və Xaçmazda olublar. Onlar səyahətləri boyu nəqliyyatla yanaşı, gecələmək üçün də pul xərcləmirlər. Belə ki, Kristina və Vajteç özləri ilə daşıdıqları çadrlarda gecələyirlər.

Vajteç Bryanaç Azərbaycanda ilk dəfə olduqlarını bildirərək deyib: “Azərbaycan haqqında bir neçə filmə baxmışdım. Burada olduğum müddətdə palçıq vulkanları, yanar su və başqa maraqlı yerlər gördüm. Hər gün yeniliklə qarşılaşırıq. Səfər təəssüratlarımı dostlarımla bölüşəndə Azərbaycan haqqında xoş sözlər söyləyəcəm”.

Kristina Çvojkova da Azərbaycanı cəlbedici ölkə sayır. “Azərbaycan haqqında əvvəl çox şey bilmirdik. Buranın gözəl təbiəti, dağları bizi heyran etdi. Qobustanda qayaüstü rəsmləri gördük. Yerli sakinlərlə tanış oluruq, onlarla ünsiyyət qurmağa çalışırıq. İnsanların bizə münasibəti çox gözəldir”, - deyə çexiyalı turist təəssüratlarını bölüşüb.

Çexiyalı turistlərin Azərbaycanda səyahəti hələ bir həftə də davam edəcək.