Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni iqtisadi islahatlar Azərbaycanın ixrac potensialını artırıb

23 Aprel 2017
 

“Made in Azerbaijan” brendinin təşviqi prosesi tədricən öz bəhrəsini verir

 

Hər bir sahədə inkişafı dövrün tələblərinə uyğunlaşdırmaq üçün islahatlara ehtiyac duyulur. Ulu öndər Heydər Əliyevin həm sovet, həm də müstəqillik dövründə Azərbaycana rəhbərliyindən sonra başladığı islahatların nəticələri təsdiq edir ki, tərəqqiyə nail olmaq üçün mütləq dəyişikliklər lazımdır. Sonrakı illərdə Prezident İlham Əliyevin başlatdığı yeni islahatların nəticəsində Azərbaycanda bütün sahələrdə dinamik yüksəlişə nail olundu, o cümlədən iqtisadi keçid dövrü başa çatdı.

 

Uğurlu iqtisadi siyasət inkişafı təmin edir

 

Neft-qaz kəmərlərinin işə düşməsindən sonra Azərbaycanın maliyyə imkanlarının artması iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun da inkişafına mühüm təsir göstərdi. Bu sahənin ümumi daxili məhsulda xüsusi çəkisi ildən-ilə artdı, rəqabətqabiliyyətli və ixrac potensialı yüksək olan məhsulların istehsalı genişləndi.
Lakin son dövrlər dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri etdi. Məlumdur ki, dünyanın əksər, xüsusən neft istehsalçısı olan ölkələrinin iqtisadiyyatında inkişaf templəri azalıb, makroiqtisadi göstəricilər zəifləyib. Azərbaycan da dünya birliyinə, beynəlxalq iqtisadi sistemə geniş inteqrasiya etdiyindən qlobal miqyasda baş verən proseslərin ortaya qoyduğu reallıqları bölüşən iştirakçısına çevrilib. Ona görə bu reallıqlar zəminində dünya iqtisadiyyatında baş verən yeni iqtisadi təlatümlər və çağırışlar ölkəmizdən də yan keçmir. Lakin dünyada davam edən neqativ proseslərdən qaynaqlanan amillərin təsirinə baxmayaraq, Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti Azərbaycanın bu iqtisadi təbəddülatlardan minimum itki ilə çıxmasını təmin etdi.
Ötən il Azərbaycanın tarixində dərin islahatlar dövrü kimi qaldı. İqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, eləcə də mövcud çağırışların tələblərinə uyğun digər çevik iqtisadi islahatlar sayəsində milli iqtisadiyyatımız yeni inkişaf yoluna çıxdı. Bu ilin birinci rübünün nəticələri həyata keçirilən islahatların hədər getmədiyini göstərir.
Aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində Prezident İlham Əliyev bu barədə deyib: “Bu ilin üç ayının göstəriciləri bizi çox ruhlandırır. Bu, bir daha göstərir ki, 2016-cı ildə qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddət ərzində öz gözəl nəticələrini vermişdir. Bu ilin üç ayında iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4 faiz artmışdır. Bu, çox yaxşı göstəricidir. Qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artmışdır. Üç ay ərzində səksən mindən çox yeni iş yeri yaradılmışdır. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artmış, idxal 17 faiz azalmışdır. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artmışdır. Müsbət saldomuz 1 milyard dollardan artıqdır. Biz üç ayda 1 milyard dollar vəsait qazanmışıq. Bizim valyuta ehtiyatlarımız artır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz il ərzində daha da böyük nəticələrə gəlib çatacağıq”.
Göründüyü kimi, qeyri-neft sektorunda canlanma yaranıb. Ümumiyyətlə, qeyri-neft sektorunun inkişafı hələ islahatların başlandığı ilk günlərdən prioritet elan olunub.
Prezident İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamı, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 1 mart 2016-cı il tarixli fərmanı göstərdi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında yeni mərhələ başlayır. Son nəticədə bütün bunlar qeyri-neft sektorunun inkişafına və qarşıdan gələn dövrdə yeni iqtisadi uğurların əldə edilməsinə yol açdı.

 

Artıq uğurlu nəticələr var

 

Əsas vəzifələrdən biri isə qeyri-neft məhsullarının ixracıdır. Bu sahədə də yüksək nəticələr özünü göstərməkdədir. Belə ki, “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının istehsalının və xarici ölkələrə satılmasının təşviqindən sonra bu sahədə aparılan işlər bəhrəsini verir. Belə ki, son aylarda Azərbaycanın qeyri-neft məhsullarının xaricə daha böyük həcmdə ixracı dolayısı ilə ölkəmizdə qeyri-neft sektoru istehsalının artdığını təsdiq edir.
Xatırladaq ki, ötən il oktyabrın 5-də Prezident İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmanla yerli məhsulların xarici bazarlara çıxarılması işinin təşkili, bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası, həmçinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq edilib.
Dövlət başçısının müvafiq fərmanına uyğun olaraq bu vaxtadək Çinin Honqkonq Xüsusi İnzibati Ərazisi və Quancou şəhərinə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Əfqanıstan, Pakistan və Qətərə 7 ixrac missiyası təşkil olunub. İlin sonunadək isə daha 3 ixrac missiyasının təşkili planlaşdırılır. Artıq Çindən daxil olan sifarişlərə əsasən, bu ölkəyə şərab ixracına başlanılıb. 500 min butulkadan artıq şərab ixracına dair müqavilə imzalanıb. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təşkil edilən ixrac missiyası zamanı meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, ət və ət məhsulları, bal, süd və süd məhsulları istehsal edən 20 şirkət öz məhsullarını alıcılara təqdim edib. Nəticə olaraq Dubaya nar şirəsi və alma ixrac olunur.
“Made in Azerbaijan” brendi Birləşmiş Ərəb Əmirlikləri və Almaniyada sərgilərdə də vahid ölkə stendi ilə nümayiş olunub. Azərbaycan məhsullarının Körfəz regionunun ticarətində önəmli yerə malik olan “Lulu” marketlər şəbəkəsində satışı barədə razılıq əldə olunub. Azərbaycanın spirtli içkiləri, eləcə də yerli şərabları Almaniyada böyük maraqla qarşılanıb. Litvada şərab məhsullarının distribüterliyi ilə məşğul olan şirkət tərəfindən ilkin olaraq 200 litr Azərbaycan şərabı alınıb.
Prezident İlham Əliyev müşavirədə xarici bazarların araşdırılmasını vacib hesab edib: “Biz xarici bazarları da geniş təhlil etməliyik, araşdırmalıyıq. Çünki indi bazarlar uğrunda mübarizə gedir. Bizə elə gəlməməlidir ki, biz burada istehsalı artıracağıq, ixracyönümlü məhsulları istehsal edəcəyik və ondan sonra bütün məsələlər öz həllini tapacaq. Yox, biz bazarlar uğrunda mübarizə aparmalıyıq və aparırıq. Bunun üçün, ilk növbədə, xarici bazarlar dəqiq təhlil edilməlidir, həm onların indiki vəziyyəti, həm də perspektivləri. Biz də bunu yaxşı bilirik ki, indi bir çox ölkələr daxili tələbatını daxili istehsal hesabına təmin etmək istəyirlər və təkcə biz bu işlə məşğul olmuruq. Ona görə, bizim üçün bilmək vacibdir ki, məsələn, ənənəvi bazarlarda hansı tendensiyalar gedir, hansı dövlət proqramları icra edilir və bu proqramların nəticəsində hansı məhsulun istehsalı gözlənilir və öz işimizi buna uyğun şəkildə planlaşdırmalıyıq”.
Bütövlükdə bu ilin ilk aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda kənd təsərrüfatı və emalı məhsullarının ixracı artıb. Bu bir daha təsdiq edir ki, həyata keçirilmiş çoxşaxəli tədbirlər nəticəsində Azərbaycanın qeyri-neft ixracı müsbət dinamika ilə artır. Bütövlükdə 2016-cı ilin yekunları və 2017-ci ilin ilk aylarında əldə edilən göstəricilər sübut edir ki, iqtisadi sferada həyata keçirilən tədbirlər əsaslandırılmış və düzgündür. İqtisadi islahatlar ardıcıl surətdə həyata keçirilir və bunlar iqtisadiyyatın inkişafında və artmasında öz nəticələrini göstərir.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”