Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan İslam həmrəyliyinə yeni töhfə verir

23 Aprel 2017
 

Hazırda İslam aləmi son dərəcə mürəkkəb tarixi mərhələdən keçir. Uzun illərdir davam edən qanlı müharibələr, yüz minlərlə günahsız insanın ölümü, ayrı-ayrı müsəlman ölkələrinin gələcək taleyinin böyük sual altında qalması bütövlükdə bəşər tarixinin ən dramatik səhifələrindən birini təşkil edir.

Bu azmış kimi, müsəlman dünyasını ucsuz-bucaqsız qan gölünə çevirənlər İslam dinini terrorla əlaqələndirmək, bu dinin sülh, mərhəmət, insanpərvərlik missiyasına kölgə salmaq cəhdlərindən əl çəkmirlər.

Belə bir ağır şəraitdə müsəlman xalqlarının həmrəyliyi yaranmış vəziyyətdən çıxmaq üçün müqəddəm şərtdir. Bu baxımdan İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycan nümunə göstərir. Diqqətəlayiq haldır ki, Azərbaycan Respublikası gənc dövlət olsa da, tarixən qısa müddət ərzində beynəlxalq aləmdə kifayət qədər nüfuz qazanmış, o cümlədən müsəlman ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələrini ən yüksək səviyyəyə yüksəltmək  üçün əlindən gələni əsirgəməmişdir. Təsadüfi deyil ki, rəsmi Bakının yürütdüyü xarici siyasətin prioritet istiqamətlərindən biri İslam aləmi ilə sıx münasibətlər yaratmaq, ağır tarixi sınaqdan keçən yüz milyonlarla müsəlmanın dərdinə şərik çıxmaqdır.

Azərbaycan milli müstəqilliyini bərpa etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, eləcə də müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək islam aləmi ilə qarşılıqlı faydalı əlaqələr qurmuş, bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.

İslam dünyasının həmrəyliyi naminə belə əhəmiyyətli təşəbbüslər davam edir. 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərləri İslam mədəniyyətinin paytaxtı seçilmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilmişdir. Sayca IV İslam Həmrəyliyi Oyunlarının bu il Bakı şəhərində keçirilməsi barədə qərar isə Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə növbəti töhfə vermək üçün əlverişli şərait yaradır.

Gələn ay müsəlman ölkələrini təmsil edən rekord sayda - 3 mindən çox idmançı Azərbaycanın paytaxtında bir araya gələcək. Mayın 12-22-də təşkil olunacaq Oyunların Təşkilat Komitəsinə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etməsi bu böyük idman tədbirinin yüksək səviyyədə keçiriləcəyinə zəmanət verir. Çünki Mehriban xanımın bu sahədə zəngin təcrübəsi var: iki il əvvəl Bakının evsahibliyi etdiyi ilk Avropa Oyunları məhz Birinci vitse-prezidentin Təşkilat Komitəsinin rəhbəri kimi fəaliyyəti nəticəsində yüksək səviyyədə keçirilmişdi. O vaxt beynəlxalq idman ictimaiyyətinin yekdil fikri belə idi ki, Azərbaycan I Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində təşkil etmişdir.

Onu da qeyd etmək yerinə düşər ki, Avropa Oyunları Azərbaycanın qəbul etdiyi ilk beynəlxalq idman tədbiri deyildi. O vaxta qədər Bakı bir çox irimiqyaslı idman turnirlərinin, o cümlədən dünya və qitə çempionatlarının təşkilatçısı olmuşdur. Azərbaycan tərəfi beynəlxalq idman tədbirinin təşkili kimi ciddi məsələyə həmişə məsuliyyətlə yanaşır, çünki söhbət dövlətin imicindən, ölkənin və xalqın dünyaya olduğu kimi tanıdılmasından gedir. Ona görə də indiyədək Bakıda keçirilmiş beynəlxalq idman yarışlarının təşkili prosesində heç vaxt hansısa problem qeydə alınmamışdır.

IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin Mehriban xanım Əliyevanın sədrliyi ilə srağagün keçirilmiş yekun iclasında idman tədbirinə hazırlıq işlərinin gedişi müzakirə olunmuşdur. Təşkilat Komitəsinin sədri nəzərə çarpdırdı ki, Oyunlar böyük idman bayramı olmaqla yanaşı, müsəlman ölkələri arasında  əməkdaşlığın möhkəmlənməsinə töhfə verməlidir. Hazırlıq işlərinin gedişində idman tədbiri ilə əlaqəli bütün məsələlər - təhlükəsizlik, nəqliyyat sisteminin koordinasiyası, turizm marşrutlarının və mədəni proqramların tərtib edilməsi, tibbi xidmətin təmin olunması və s. diqqət mərkəzindədir.

Təşkilat Komitəsinin iclasında vurğulandı ki, yarışların keçiriləcəyi 17 müxtəlif idman obyekti, eləcə də Oyunlar zamanı istifadə olunacaq 21 qeyri-yarış məkanı tam hazır vəziyyətə gətirilmişdir. Yarışların cədvəli də hazırdır. Bununla yanaşı, artıq komanda yarışlarının püşkatma mərasimi keçirilmişdir. İdman Əməliyyat Proqramı çərçivəsində 20 idman növünün formatı və standartı müvafiq beynəlxalq idman federasiyalari ilə razılaşdırılmışdır. Eyni zamanda antidopinq laboratoriyası təşkil edilmişdir.

Oyunlar üçün bütün texnoloji sistemlər və infrastruktur tam hazırdır. Yarışlar ərəfəsində və dövründə asayişin və təhlükəsizliyin təmin edilməsi üçün müvafiq tədbirlər planı işlənib hazırlanmışdır. Digər tərəfdən, Oyunların keçiriləcəyi günlər ölkəmizə böyük turist axını gözlənilir. Bakının qonaqları milli mədəniyyətimizlə, Odlar yurdunun görməli yerləri ilə tanış olmaq imkanı əldə edəcəklər.

Bütövlükdə IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri, demək olar ki, başa çatmışdır. Çox keçməmiş söz idmançıların olacaq. Oyunlar zamanı İslam dünyasının diqqəti Azərbaycana yönələcək. Şübhə yoxdur ki, Bakı İslamiadası idmançıların və idmansevərlərin yaddaşında möhtəşəm idman tədbiri kimi qalacaq. 

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”