Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gənclərin ilkin hərbi hazırlığı önəmli məsələdir

23 Aprel 2017
 

İndi ordumuz dünyanın ən inkişaf etmiş orduları ilə müqayisə olunur. Azərbaycan Silahlı Qüvvələri artıq erməni işğalına son qoymaq, topraqlarımızı azad etmək qüdrətindədir. Bunu Azərbaycan Ordusu keçən il aprel döyüşlərində qazandığı uğurlarla bir daha sübut etdi. O zaman xalq da ayağa qalxaraq orduya dayaq oldu, düşmən təxribatının qarşısını almaq üçün hamı, xüsusilə gənclər cəbhəyə can atdı...

Orduda təlimlər zamanı əsgərlərə hərbin sirləri öyrədilir, onların silahlardan istifadə etmək və atəş açmaq bacarığı formalaşdırılır. Orduya qədər gənclərin hərbi hazırlıq keçmələri, ilkin bilik və vərdişlərə yiyələnmələri də sonradan onların hərbçi kimi püxtələşməsində əhəmiyyətli rol oynayır. İlkin hərbi hazırlıq əsasən orta məktəblərdə aparılır. Bir vaxtlar dərs proqramlarında qızlı-oğlanlı, şagirdlərə kiçik çaplı tüfəngdən və avtomatdan atəş açmaq  öyrədilirdi.  Respublikanın hər yerində, bütün şəhərlərdə atıcılıq tirləri vardı. Yeniyetmə və gənclər bu tirlərdə,  pnevmatik silahdan da olsa, sərrast  atəş açmağı öyrənirdilər. Beləcə,  bir-birləri ilə yarışır, fərqinə varmadan atıcılıqda  müəyyən vərdişlərə yiyələnirdilər.

Lakin müharibə şəraitində olan ölkəmizdə nədənsə belə tirlər gözə dəymir. Onlar, varsa da, çox azdır. Unutmaq olmaz ki, bu günün şagirdi sabahın əsgəridir. Yaxşı olardı ki, yeniyetmələrin silahlardan istifadə bacarığı həm məktəblərdə, həm də adi həyatda müəyyən vasitələrlə inkişaf etdirilsin: məsələn, tirlərin sayı artırılsın, atıcılıq idman növünə maraq yüksəldilsin, bunun üçün məhəllə, kənd,  şəhər, rayon yarışları təşkil olunsun. 

 

Ruslan BAYRAMOV,

Gəncə şəhər sakini