Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan şərabının ixrac coğrafiyası Çindən ABŞ-dək uzanır

21 Aprel 2017
 

Keyfiyyət göstəricilərinə görə dünyanın ən yaxşıları sırasında olan şərab məhsullarımız xarici bazarda layiqli yer tutur

 

Azərbaycan hələ sovet hakimiyyəti dövründə ittifaq miqyasında keyfiyyətli şərab məhsulları ilə tanınırdı. Ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində respublikada üzüm istehsalının artması şərabçılıq sənayesinin də intensiv inkişafına səbəb olmuşdu.
Lakin böyük zəhmət sayəsində salınmış üzüm bağları sovet hökumətinin yanlış “yenidənqurma” siyasəti nəticəsində, demək olar ki, məhv edilmiş, şərab emalı müəssisələri istifadəsiz qalmışdı.
Bu gün isə Azərbaycanda gəlirli sahələrdən olan üzümçülük və şərabçılıq yeni inkişaf dövrünü yaşamaqdadır. Prezident İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı proqramları və “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” ölkəmizdə üzümçülük və şərabçılığın inkişafına təkan verib. Son illərdə bu sahədə əhəmiyyətli işlər görülüb, üzüm istehsalı və emalı sahəsinin inkişafına dövlət tərəfindən 40 milyon manatdan çox güzəştli kredit verilib, müasir bağlar salınıb, son texnoloji avadanlıqlarla təchiz olunmuş şərab zavodları qurulub, məhsulların çeşidləri və keyfiyyətində böyük dönüş edilib.
Bu zavodların istehalı olan məhsullar da keyfiyyətlidir. Bu mənada şərabçılıq məhsullarımızın “Made in Azerbaijan” brendinin əsas simalarından birinə çevrilməsi təsadüfi deyil. Bu barədə qəzetimizə danışan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov bildirdi ki, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinin ən fəal iştirakçları şərab istehsalçılarıdır. Bununla bağlı Prezident İlham Əliyevin ötən il oktyabrın 5-də imzaladığı müvafiq fərmandan sonra təşkil olunan ixrac missiyası da şərab istehsalçılarından başlayıb. Belə ki, keçən ilin noyabr ayında 20-yə yaxın Azərbaycan müəssisəsi Çinə təşkil olunan ixrac missiyasında iştirak edib. Artıq Çindən daxil olan sifarişlərə əsasən, bu ölkəyə şərab ixracına başlanılıb. Bu ölkənin Honkonq Xüsusi İnzibati Ərazisi və Quancou şəhərindəki sərgilərdə təşkil olunan stendlərdən sonra 500 min şüşədən artıq şərab ixracına dair müqavilə imzalanıb. Qeyd edək ki, Honkonq sərgisi şərabçılıq sahəsində Asiya qitəsinin ən böyük sərgisidir.
Mart ayında isə respublikamızın qabaqcıl 9 şərab istehsalçısı Almaniyada dünyanın şərabçılıq sahəsində ən mötəbər, 60 mindən çox qonağı və 6200 stendi olan “Provayn Düsseldorf” sərgisində vahid ölkə stendi ilə iştirak edib. Bu, dünyada şərabçılıq sahəsində əsas sərgilərdən biridir. Sərgiyə qatılan 59 şərab istehsalçısı ölkəsinin sırasında Azərbaycan şərabları maraqla qarşılanıb. Bundan başqa, Azərbaycan şirkətləri Belarusda və Ukraynada biznes forumlarında, digər çoxsaylı işgüzar görüşlərdə iştirak edib, məhsulları təşviq etmək imkanı qazanıb və uğurlu nəticələr əldə edib. Beləliklə, uzun fasilədən sonra Azərbaycan şərablarının Belarus və Ukraynaya ixracı üçün şərait yaranıb.
Həmsöhbətimiz onu da qeyd etdi ki, ixrac təşviqi mexanizminin başladığı 2016-cı ilin noyabrından bugünədək şərab və konyak məhsullarının ixracına görə 460 min manatdan çox məbləğdə ixrac təşviqi məhz şərab istehsalçılarına ödənilib. Bu da bir daha təsdiq edir ki, dövlət başçısı tərəfindən təsdiq edilmiş ixracatçılara dəstək mexanizmlərindən və “Made in Azerbaijan” brendinin təşviqi tədbirlərindən ən aktiv bəhrələnən məhz şərab istehsalçılarıdır. Bütün bunların nəticəsidir ki, Azərbaycanın şərab və konyakları mötəbər sərgi və dequstasiyalarda ən yüksək qiymətə və təltiflərə layiq görülüb. Təkcə son aylar ərzində şərablarımız yüksək keyfiyyətinə görə mühüm mükafatlar qazanıblar. Belə ki, Çində keçirilən sərgidə “Savalan” şərabı qızıl medal, Bolqarıstanda keçirilən müsabiqədə isə “Hillside” şərabı gümüş medalla təltif olunub.
Hazırda Azərbaycanın şərab məhsullarının ixrac coğrafiyası Çin, Rusiya, Avropa ölkələri ilə yanaşı, ABŞ və Yaponiya kimi ölkələri də əhatə edir. Əgər Azərbaycanın şərab məhsulları həmin ölkələrə ixrac olunursa, demək, orada müəyyən olunmuş keyfiyyət standartlarına tam cavab verir. Reallıq da göstərir ki, Azərbaycan şərabları keyfiyyətinə görə ənənəvi şərab istehsalçıları olan Fransa, Almaniya, İtaliya kimi ölkələrin məhsullarından geri qalmır, hətta bəzi göstəricilərinə görə onlardan qat-qat üstündür.
Elçin Mədətov onu da qeyd etdi ki, məhz ötən ildən başlayaraq ölkəmizdə qeyri-neft sektorunun inkişafı və ixracın artırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin nəticəsidir ki, şərab və konyak məhsullarımızın qeyri-neft ixracında payı da çoxalmaqdadır. Belə ki, ötən illə müqayisədə bu ilin ilk üç ayı ərzində Azərbaycanın şərab ixracı 29 faiz, konyak ixracı isə 2,3 dəfə artıb. Lakin şərabçılarımızın potensialı bundan dəfələrlə çoxdur və yerli istehsalçılar ixrac mexanizmlərindən yararlanaraq müvafiq dövlət qurumları ilə əməkdaşlıq edərək bu potensialın tam reallaşdırılmasına çalışırlar.
Xatırladaq ki, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası yarandığı qısa müddət ərzində ətrafında 25-dən çox müəssisəni birləşdirib. Qurumun məqsədi şərabçılıq sahəsində ölkəmizin potensialını tam reallaşdırmaq, bu sahədə müəssisələrimizin fəaliyyətini əlaqələndirmək, respublikada mövcud olan üzümçülük təsərrüfatlarının, üzüm sortları və əkin sahələrinin statistikasının təkmilləşdirilməsinə və müasir normativ texniki sənədlərin hazırlanmasına dəstək vermək, yerli kadrların yetişdirilməsində və milli əmtəə nişanlarının reyestrinin tərtib olunmasında iştirak etmək, şərab turlarını təşviq etməkdir.
Bu günlərdə isə şərab istehsalçılarının Qazaxıstana ixrac missiyasının gerçəkləşdirilməsi planlaşdırılır. Şübhə yoxdur, Azərbaycan şərabları öz keyfiyyətinə görə bu ölkənin də bazarlarını fəth edəcək.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”