Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident ölkə iqtisadiyyatının ən yaxın hədəflərini açıqladı

19 Aprel 2017
 

Daxili bazarın idxaldan asılılığını azaltmaq, qeyri-neft məhsullarının ixracını artırmaq

 

Azərbaycan iqtisadiyyatı bundan sonra yalnız islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektorunun hesabına inkişaf etdiriləcək. Bu il aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində Prezident İlham Əliyev ölkənin yeni iqtisadi modelinin əsas hədəfinin məhz bunlar olduğunu açıqlayıb.

Son illərdə dünyada hökm sürən maliyyə çətinliklərinin, dünya bazarında neftin qiymətinin aşağı düşməsinin Azərbaycana təsirini neytrallaşdırmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, bu sahənin məhsullarının ixracının artırılması qarşıya məqsəd qoyulub. Bu istiqamətdə aparılan islahatlar öz müsbət nəticəsini göstərir. Ölkədə çoxsaylı elektrik enerjisi, qaz, su, suvarma, yol-nəqliyyat və digər infrastruktur layihələri həyata keçirilib. Təkcə bu il 150 min hektardan çox torpağı əkin dövriyyəsinə cəlb etmək və buradan bol məhsul götürmək üçün suvarma suyu və elektrik enerjisi ilə təminat layihələrinə 250 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Eləcə də qeyri-neft sənayesi və kənd təsərrüfatı, o cümlədən fındıqçılıq, üzümçülük və şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində qanunvericiliyin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması təmin edilir, müxtəlif dövlət dəstəyi mexanizmləri həyata keçirilir. Bunlar turizm və tranzit potensialının genişləndirilməsi və digər sektorların inkişafına da aiddir.

Sözügedən tədbirdə Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının icrasının böyük bəhrə verdiyini qeyd etmişdir: “Bir milyon 700 min yeni iş yeri yaradılmışdır ki, onların 1 milyon 300 mini daimi iş yeridir. Regionlarımız abadlaşıb, şəhərlərimiz gözəlləşib. İndi hər bir bölgəyə səfər edərkən gözəllik, abadlıq görürsən. Bütün bunları biz etdik. Bunlar bizim siyasətimizin nəticəsində mümkün olmuşdur. Bu bir daha onu göstərir ki, tutduğumuz yol düzgün yoldur və bu təşəbbüslərin yerinə yetirilməsi artıq tam yeni bir vəziyyət yaratdı. Biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib”.

Hazırda ölkədə nəhəng sənaye müəssisələri yaradılır. Məqsəd onların buraxdığı  xammaldan səmərəli istifadə edərək yeni fabrik və zavodlar qurmaq və nəticədə Azərbaycanda buraxılan məhsulların ixracını artırmaq, başqa sözlə, idxaldan asılılığı azaltmaqdır. Məsələn, Sumqayıt Kimya Sənaye Parkındakı zavodların böyük potensialı var. Bu il Mingəçevir Sənaye Parkında, Neftçala, Balaxanı, Pirallahı sənaye zonalarında işlər geniş vüsət alıb.

Gələcəkdə hər rayonda müasir sənaye zonasının olması nəzərdə tutulur.

“Made in Azerbaijan” brendinin təbliği və inkişaf etdirilməsi istiqamətində dövlət başçısının imzaladığı fərmanlar və verdiyi göstərişlər müsbət nəticəsini göstərir. Hazırda üzərində Azərbaycanın adı yazılmış “Azərçay” markası, “Saville” və “Bizim tarla” nar şirəsi xaricdə rəğbətlə qarşılanır. “Azərçay” dünyanın 50-dən çox hava limanında “Duty Free” mağazalarında alıcılara təqdim olunur. Bu ilin yanvar ayında 18 şirkətin iştirakı ilə Almaniyaya təşkil edilən ixrac missiyası çərçivəsində bu ölkəyə çayın və narın ixracı ilə bağlı ilkin razılaşma əldə edilib. Nar şirəsinin İsveçə ixracı ilə bağlı müqavilə imzalanıb. Pakistan və Əfqanıstana həyata keçirilən ixrac missiyaları çərçivəsində quru süd və süd məhsulları, nar şirəsi, qənnadı məhsulları, mebel, boru, metal konstruksiyaları və digər tikinti materialları ixracı üzrə, Qətərə ət, nar şirəsi, Naftalan neftindən hazırlanan kosmetoloji və tibbi məhsulların satılması ilə bağlı ilkin razılaşmalar əldə edilib.    

Bu cür misalların daha çox olması, həm də tək bir sahədə deyil, qeyri-neft sənayesinin bütün sahələrində olması üçün ölkədə həqiqətən çoxistiqamətli iş aparılır.

Qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində həyata keçirilən tədbirlər sahibkarların öz məhsullarını ixrac etməyə marağını artırıb. Bu, rəqəmlərdə də öz əksini tapır. Məsələn, cari ilin birinci rübündə xaricə ixrac edilən tərəvəz 45 və meyvə 20 faiz, pambıq 3,6, süd məhsulları 3,6, spirtli və spirtsiz içki 2,3 dəfə artıb. Sənaye sahəsində də ixrac çoxalıb. Belə ki, kimya sənayesi məhsullarının, toxuculuq və alüminium məmulatlarının, plastiklərin, müxtəlif avadanlıq və mexaniki qurğuların ixracı xeyli çoxalıb.

“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” üzümçülüyün və şərabçılığın inkişafına böyük dəstək verib. Nəticədə Azərbaycanın şərab və konyakları beynəlxalq sərgi və dequstasiyalarda yüksək qiymətləndirilir. Son bir neçə ay ərzində Azərbaycan şərablarının Çində keçirilən sərgidə qızıl medala, Bolqarıstanda keçirilən müsabiqədə gümüş medala layiq görülməsi bunun nəticəsidir.

Azərbaycan Şərab İstehsalçılar və İxracatçıları Assosiasiyası yarandığı qısa müddət ərzində ətrafında 25-dən çox müəssisəni birləşdirib. Bu sahədə çalışan mütəxəssisləri işə cəlb edib. Şərabçılıq sahəsində mövcud potensialı tam reallaşdırmaq üçün genişmiqyaslı işlər görülür.

Təhlillər göstərir ki, Azərbaycanın bir çox məhsullarının ixracının artırılması üçün geniş imkanlar mövcuddur. Bunun üçün hərtərəfli iş aparılmalıdır. İxracyönümlü müəssisələrin yaradılması, prioritet ixrac bazarlarına ticarət evlərinin açılması və nümayəndəliklərinin təyin olunması, ixrac prosedurlarının daha da sadələşdirilməsi, məhsullara verilən sertifikatların xarici ölkələrdə tanınması, keyfiyyət, qablaşdırma və etiketlənmə sahəsində beynəlxalq standartların tətbiqi, ixrac üzrə mütəxəssislərin hazırlanması böyük əhəmiyyət daşıyır və təqdirəlayiq haldır ki, ölkəmizdə bu sahədə tədbirlər davam edir. 

Prezident İlham Əliyev qarşıda duran böyük işlərdən geniş bəhs etmişdir: “Biz bundan sonra bu gözəl nəticələr əsasında işimizi daha da təkmilləşdirməliyik, fəaliyyətimizi genişləndirməliyik. Əlbəttə ki, qeyri-neft ixracını artırmaq üçün, ilk növbədə daxili tələbatı yerli məhsullarla təmin etməliyik və biz buna yaxınlaşırıq. Hər il regional inkişaf proqramımıza yekun vururuq. Bu mövzu daim gündəlikdə olur ki, biz hansı məhsullarla özümüzü nə qədər təmin edirik, hər il də dinamikanı görürük. Ancaq hələ ki, buna tam nail ola bilməmişik. Ona görə də hesab edirəm, növbəti 3-4 il ərzində biz çalışmalıyıq ki, əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin edək, beləliklə, ixrac üçün əlavə imkanlar yaranacaqdır”. 

 

Flora SADIQLI,

“Azərbaycan”