Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Min dərddən biri

16 Aprel 2017
 

Sağlam həyat insanın ömrünü uzadan, onun fəaliyyətini stimullaşdıran amillərdəndir. Məhz buna görə də dünyada sağlam həyat tərzi üçün bir çox  beynəlxalq miqyaslı tədbirlər həyata keçirilir. Bu gün sağlamlığı əldən alan amillər müxtəlifdir, onlardan biri də irsi xəstəliklərdir. Həyatı daim təhlükə altında saxlayan hemofiliya da belə tiplərə aiddir. O, qanda laxtalanma faktorunun çatışmazlığından yaranır. Hazırda Ümumdünya Səhiyyə Təşkilatı, eləcə də bu sahə ilə məşğul olan digər beynəlxalq təşkilatlar hemofiliyaya qarşı mübarizənin üsul və vasitələrini yeniləməkdə və genişləndirməkdədirlər.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova ilə söhbət zamanı bu irsi xəstəliyin yaranma səbəbləri və müalicəsi barədə ölkəmizdə son illərdə həyata keçirilən tədbirlərdən söz açıldı. O, bildirdi ki, 2003-cü ildə hemofiliyalı xəstələrə dövlət dəstəyi üçün qanun layihəsi hazırlanıb. Milli Məclisin müvafiq komitəsinə təqdim olunan layihənin qəbulu üçün müzakirələr aparılıb və 2005-ci ildə qəbul edilib: “Prezident İlham Əliyev tərəfindən təsdiq edilən qanun əsasında Dövlət Proqramı qəbul edildi.

Aparılmış tədqiqatlar göstərir ki, hemofiliya xəstəliyinə 2006-cı ildə 30 yaşa qədər olan insanlar arasında daha çox təsadüf edilirdi. Artıq 10 ildən artıqdır ki, xəstəliyin müalicəsinə dərman preparatları alınır. Bu xəstəliyin daşıyıcıları dərman preparatlarının hesabına ailə qurur, sağlam həyat tərzi keçirirlər. Rayonlardakı mərkəzi xəstəxanaların nəzdində kabinetlər fəaliyyət göstərməyə başlayıb. Bu, regional xarakterlidir. Yaxın gələcəkdə respublikanın bütün rayonlarında qan xəstəliklərinə tibbi yardımın təşkili üçün mərkəzlərin yaradılması nəzərdə tutulub. Gəncə və Şirvanda bu mərkəzlərin fəaliyyətindən sonra səhiyyə naziri sərəncam imzalayıb. Həmin sənədə əsasən, hər rayonun mərkəzi xəstəxanasında, ən azı bir kabinet fəaliyyət göstərməlidir. Terapevtlər və pediatrlar qısa zamanda hemofiliya ixtisası üzrə, hemotoloqlar kimi təkmilləşdirilməlidirlər”.

Hər il 17 aprel Hemofiliya Günü kimi dünyada qeyd edilir. Ölkəmizdə də həmin günün qeyd edilməsinə 1999-cu ildən başlanıb. Bu günün necə və nədən təsis olunmasının tarixcəsi və əlbəttə ki, acı səbəbləri olub. Bu xəstəlikdən əziyyət çəkən, Kanadada yaşayan imkanlı biznesmen Frenk Şnabel 1963-cü ildə qərara gəlmişdir ki, dünyada hemofiliyalı insanları bir araya gətirmək üçün Ümumdünya Hemofiliya Federasiyası yaratsın. Federasiya yaradılır və hazırda həmin federasiyanın tərkibində 120 ölkə mövcuddur. 2000-ci ildən Azərbaycan da Ümumdünya Hemofiliya Federasiyanın üzvüdür. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası isə ölkəmizin maraqlarını həmin beynəlxalq səhiyyə təşkilatında təmsil edir. Beləliklə, 1980-ci ildən, yəni Frank Şnabelin ölümündən sonra 17 aprel tarixi onun doğum gününün şərəfinə, Hemofiliya Günü kimi təsis edilib.

Yeri gəlmişkən, assosiasiyanın tərkibində 1400 nəfərdən çox xəstə var. Onların kartatekası hazırlanıb. İlk dəfə olaraq hemofiliyalı xəstələrin məlumat bankını da məhz bu assosiasiya yaradıb. Səhiyyə Nazirliyi tərəfindən bununla bağlı internetşəbəkə qurulur, hansı ki, orada xəstələrin dəqiq məlumat bankı öz əksini tapacaq. Həmin bank birbaşa nazirliyin əlaqədar strukturuna bağlanacaq. Xəstə haqqında məlumatlar məxfi saxlansa da, Səhiyyə Nazirliyinin bundan xəbəri olur. Onu da qeyd edək ki, bu gün  hemofiliyalı xəstələrin dərman peraparatlarının alınmasına dövlət tərəfindən 10 milyon manat vəsait xərclənir. Məsələyə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da öz münasibətini bildirib: “Bu, çox vacib məsələdir. Azərbaycan ailəsi sağlam təməl üzərində qurulmalıdır. Yeni sağlam nəsil Azərbaycanın gələcəyi və genetik daşıyıcılarıdır”.

Assosiasiyanın rəhbəri daha sonra vurğuladı ki, 2004-cü ildə bu xəstəliklə mübarizədə  inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsinə başlanıb: “Təşkilat Türkiyəni seçmişdi. Qardaş ölkənin dünya səviyyəli mütəxəssisi professor Bülənd Zülfiqarın bizimlə sıx əməkaşlıq əlaqələri var”.

 Gülnarə Hüseynova onu da bildirdi ki, hazırda əsas problem bu sahə üzrə mütəxəssis çatışmazlığıdır. Həkimlərin təkmilləşdirilməsinə daha çox ehtiyac duyulur. Xəstəliyin fəsadlarının qarşısı ilkin vaxtlarda alınmalıdır, çünki sonrakı proseslər həm də daha çox maddi vəsait tələb edir. Profilaktik müalicə aparılarsa, həm az vəsait xərclənər, həm də xəstə sağlam vətəndaş kimi həyat sürər. 

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”