Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin komitə iclasında bir sıra qanun layihələrinə təklif edilən dəyişikliklər müzakirə olunub

12 Aprel 2017
Aprelin 12-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov əvvəlcə gündəlikdəki məsələlər barədə məlumat verib. İclasda "Dərman vasitələri haqqında", "Yeyinti məhsulları haqqında", "Reklam haqqında" qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barəsində qanun layihələri müzakirəyə təqdim olunub.

Komitə sədri "Dərman vasitələri haqqında" Qanuna təklif edilən dəyişikliklərin mahiyyəti barədə danışıb. Bildirilib ki, “Dərman vasitələri haqqında” Qanuna əlavə ediləcək 4.8-ci maddəyə əsasən normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı qadağandır.

“Dərman vasitələri haqqında” Qanuna edilən digər dəyişikliyə əsasən isə 16-1.2.7-ci maddədə "bioloji aktiv əlavə və qida əlavəsi" sözləri "bioloji fəallığa malik qida əlavəsi" sözləri ilə əvəzlənəcək.

"Yeyinti məhsulları haqqında" Qanunun 7-ci maddəsinin beşinci hissəsində "bioloji aktiv əlavələrin" sözləri "bioloji fəallığa malik qida əlavələrinin" sözləri ilə əvəz olunacaq.

İclasda İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi də müzakirə olunub. Qanunun 221.8 maddəsinə təklif olunan dəyişikliyə əsasən üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqlərində) "dərman vasitəsi deyildir" sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrinin istehsalına, idxalına və ya satışına görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək. Qanunun 221.9 maddəsinə təklif olunan dəyişikliyə əsasən isə bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə ediləcək.

Qeyd olunub ki, “Reklam haqqında” Qanuna yeni 30.7-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.