Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məişət tozu allergiyası və onunla mübarizə yolları

10 Aprel 2017
Yaz ayları allergiyası olanlar üçün əlverişsiz mövsüm sayılır və xəstəlik daha geniş yayılır. Azərbaycan Tibb Universiteti kliniki immunologiya və allerqologiya kursunun dosenti Aynur Ağayeva AZƏRTAC-ın müxbiri ilə söhbət edərkən deyib: “Allergik xəstəliklərdən ən çox yayılanı məişət tozudur. İqlim və ilin fəslindən, evin yerləşməsindən asılı olaraq məişət tozlarının miqdarı dəyişə bilər. Məişət tozu allergenlər toplusundan ibarətdir və onlardan ən əsası məişət tozu gənəsidir. Həmin gənələr adi halda gözlə görünməyən 0,3 millimetr diametrində olan çox xırda buğumayaqlılardır. Onlar məişət tozunun xeyli hissəsini təşkil edən insan dərisindən qopan pulcuqlarla qidalanır. Gənələr əsasən çarpayı, balış, yorğan-döşək və s. yataq dəstlərində yaşayır. Məişət tozuna, əslində isə gənələrə qarşı olan allergiya əksər hallarda öskürək, rinit, az-az hallarda isə konyunktivit şəklində təzahür edir. Öskürək tutması xəstə yuxudan oyananda başlayır. Allergiya əlamətləri bütün ilboyu hiss olunur, havanın nəmliyinin daha yüksək olduğu payız və qış aylarında xəstələr özlərini daha pis hiss edirlər”.

“Bəs ona qarşı necə mübarizə aparmaq olar?” sualına cavab verərkən həkim-allerqoloq deyib:” Məişət tozu, yəni gənələrlə mübarizə aparmaq üçün ən yaxşı üsul ətrafdakı allergeni kənarlaşdırmaqdan ibarətdir. Məsələn, evdə içərisində yun, pambıq, quş tükü olan yataq əşyalarını sintetik əşyalarla əvəz etmək, qalın şal və heyvan dərisindən hazırlanan geyimdən uzaq olmaq, döşəmədəki kovroliti linoleumla dəyişmək, ağır pərdələr əvəzinə nazik sintetik, toz yığılmasına imkan verməyən materiallardan istifadə etmək, otaqda toz yığan əşyaları mümkün qədər azaltmaq, həftədə bir dəfə yorğan-döşəyi havaya çıxarmaq, yataq ağlarını, döşək üzlərini tez-tez dəyişmək, evdə təmizlik işləri görərkən tozsoranla onları yaxşı-yaxşı təmizləmək lazımdır. Səliqə-sahman və təmizlik işi apararkən allergiyası olanların yaxında olmaması məsləhətdir. Hazırda xüsusi taxmaları olan kifayət qədər güclü tozsoranlar var ki, onun köməyi ilə yorğan-döşəyi daha yaxşı təmizləmək olur, lakin bununla belə həmin tozsoranlar da məişət tozu gənələrinin hamısını xaric edə bilmir. Həmçinin gənələri məhv edən xüsusi spreylər də var. İl ərzində dörd-beş dəfə mənzildəki yorğan-döşəyi, yumşaq mebeli həmin spreylərlə, bundan sonra xalça və döşəklərin səthini tozsoranla təmizləmək lazımdır, çünki ölü gənələr də dirilər kimi eyni allergik reaksiya törədir”.

A.Ağayeva daha sonra əlavə edib:”Gənələr üçün əsas qidalardan biri qabıqlanaraq qopan dərinin xırda hissəcikləridir. Xüsusi yataq örtükləri həmin hissəciklərin döşək və balışların içərisinə düşməsinə mane olur və bunun nəticəsində orada yaşayan gənələrin miqdarı azalır. Təkcə yataq otağında deyil, digər otaqlarda da müntəzəm olaraq tozsoran və nəm əski ilə təmizlik işləri aparmaq, mənzildə dibçək bitkiləri saxlamamaq lazımdır.

Hipoallergen məişət şəraiti allergiyası olanların sağlamlığının qorunması üçün böyük əhəmiyyətə malikdir. Ona görə də ailədə allergiyası olanlar üçün həmin şəraiti yaratmaqdan ötrü bütün mümkün üsullardan istifadə edilməlidir”.