Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İmişlidə 53 mindən çox rayon sakini kütləvi pulsuz tibbi müayinədən keçirilib

07 Aprel 2017
Respublikamızın digər bölgələrində olduğu kimi, İmişlidə də əhalinin kütləvi pulsuz dispanserizasiyası uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya şöbələri və laboratoriyada insanların tibbi müayinəsi üçün bütün imkanlar yaradılıb. Aksiya çərçivəsində müxtəlif ixtisaslardan ibarət 7 peşəkar həkim briqadası fəaliyyət göstərir.

Humanitar aksiya rayon üzrə 75 min nəfərdən çox əhalini əhatə edir. Kənd, qəsəbə və kollektivlərdə aktivliyi təmin etmək üçün kütləvi izahat, təbliğat-təşviqat işləri aparılır. Fiziki imkanları məhdud olan, ahıl insanların müayinəsi də diqqət mərkəzində saxlanılır. Səyyar həkim briqadaları bu kateqoriyadan olan sakinlərin müayinəsini evlərdə aparır.

Aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı, 6 kənd və qəsəbə xəstəxanası, 90-dan çox həkim və orta tibb işçisi kampaniyaya cəlb olunub.

Fevralın 15-dən bu günədək 53 min 847 nəfər rayon sakini tibbi müayinədən keçirilib. Vətəndaşların 1716 nəfəri ambulator, 47 nəfəri isə stasionar müalicəyə cəlb olunub. Yerli şəraitdə müalicəsi mümkün olmayan 21 xəstə isə Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.