Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni ATS xərclərimizi xeyli azaldacaq

30 Mart 2017
 

Şəmkirin ən böyük kəndlərindən biri də Düyərlidir. Son illər kəndin infrastrukturu, demək olar, tamamilə yenilənib. Su, elektrik enerjisi, eləcə də mavi yanacaqla fasiləsiz təmin olunuruq. Kəndimizə rahat yol da çəkilib. 

Ancaq bir problemimiz var:  o da kəndin yeni salınmış yaşayış massivində rabitə xəttinin olmamasıdır.  Müasir həyatı telefonsuz-rabitəsiz, xüsusilə internetsiz təsəvvür etmək çətindir.  İnternet həm geniş informasiya mənbəyi, həm də ucuz audio-vizual rabitə vasitəsidir.  Bu səbəbdən kənd əhalisinin respublikanın digər şəhər və rayonlarında,  həmçinin başqa ölkələrdə yaşayan qohum-əqrəbaları, dost-tanışları ilə ünsiyyət  qurmaları, əlaqə saxlamaları üçün  internet rabitə  vacibdir. Keyfiyyətli və sürətli internet üçünsə müasir telefon sistemi, elektron avadanlıq şərtdir.

Sevindirici haldır ki,  bu  problem də yaxın zamanda həll olunacaq: artıq yeni yaşayış massivində əhalinin stasionar telefondan və zolaqlı internetdən istifadəsi üçün 100 nömrə tutumlu elektron ATS quraşdırılır.  Deməli, tezliklə  rabitə xərclərimiz xeyli azalacaq, kommunukasiya imkanlarımız isə artacaq.

 

Hüseyn İMANOV,

Şəmkirin Düyərli kənd sakini