Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Təbiətin əvəzsiz sərvəti

19 Mart 2017
Azərbaycanın 246 min hektar yaşıl ormanı Ermənistan tərəfindən vəhşicəsinə qırılıb

 

 Meşələr dünya üzrə quru ərazinin üçdə birini təşkil edir. Bu o deməkdir ki, Yer kürəsində onların ümumi sahəsi 4 milyard hektardır. Meşə ilə örtülü ərazilərin daha çox hissəsi Rusiyanın, Braziliyanın, Kanadanın və ABŞ-ın payına düşür.

 

Yer qatının münbitləşməsində xüsusi əhəmiyyət daşıyan meşələrə təəssüf ki, heç də hər yerdə və bütün dövrlərdə münasibət birmənalı şəkildə müsbət olmayıb. Nəticədə təbii sərvətə laqeydlik onun sahəsinin azalmasına gətirib çıxarıb. Məhz bunun bəlasıdır ki, son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb.

11 iqlim qurşağının 9-na mənsub olan Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan flora və faunası ilə bütün dünyada şöhrət qazanıb. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılıb. Bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar respublikamızın meşələrində bitir. Bu isə respublika florasındakı bitki növlərinin 11-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endem növə təsadüf edilir ki, bu da ümumi ağac və kol bitki növlərinin 16 faizi deməkdir.

XVIII-XIX yüzilliklərdə Azərbaycan torpaqlarının  35 faizi meşələrdən ibarət olub. Bu gün isə Azərbaycan meşələrinin ümumi sahəsi 1213,7 min hektardır. Yəni, ölkəmizdə adambaşına təqribən 0,12 hektar meşə sahəsi düşür. Çox hissəsi qiymətli ağac növlərindən ibarət olan meşələrimizdə palıd, fıstıq, vələs, cökə, ağcaqayına daha çox rast gəlinir.

Azərbaycan meşələrinin 95 faizə qədəri dağlıq və dağətəyi, qalanı əsasən çay vadilərində, düzən ərazilərdə yayılıb. Meşələrimiz yayıldığı əraziyə görə sırf qoruyucu funksiyaları yerinə yetirir. Qeyd etmək lazımdır ki, ərazisinin 20-25 faizi meşə ilə örtülü olan ölkələrdə su qıtlığına, qeyri-sabit iqlim şəraitinə, torpaqların deqradasiyasına və eroziyasına, bataqlıq və şoranlıq sahələrə az təsadüf edilir. Bu baxımdan meşələrimiz respublikada ekoloji tarazlığı qoruyub saxlamaq üçün yetərincə deyil. Ona görə meşələrimiz ciddi mühafizə olunmalı, qorunmalı və artırılmalıdır.

Ümummilli lider Heydər Əliyevin meşələrin qırılması haqqında kəlamlarının birində deyilir: “ Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir”.

Meşə yanğınları təbiəti çirkləndirən əsas amillərdəndir. Kortəbii hadisələrlə yayılan meşə yanğınları ən çox əhalinin təqsiri üzündən baş verir (meşədə tonqal qalamaq, ov etmək, ot çalmaq və s.). Bu zaman canlı örtük, töküntü, yarpaqlar, budaqlar, meşə döşənəyi və s. yanır. Bundan başqa, yanğınlar meşə təsərrüfatına böyük ziyan vurur: ağacların boy artımı zəifləyir, heyvanat aləmi məhv olur.

Əlbəttə, meşələrdən qanunsuz istifadəyə görə cərimələrin sayı və miqdarı artırılıb. Lakin cərimələr əldən gedən və sahəsi azalan meşələri geri qaytara bilərmi? Mütəxəssislərin fikrincə, bütün meşələr geri qaytarıla bilər, ancaq bu, çox vaxt tələb edir.

Meşələrə vurulan ziyanın aradan qaldırılması üçün “Ekologiya ili” ərəfəsində 2010-cu ildə respublika ərazisində ümumilikdə 152,22 hektar sahədə 357 850 ədəd ağac və kol bitkisi əkilib. Bu, ölkəmizdə meşələrin artırılmasına verilən ən böyük töhfələrdən biridir.

1988-1993-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 1,7 milyon hektar ərazisi işğal olunub. Xüsusilə dağlıq ərazilərdə yerləşən təbii meşələrimizə ciddi ziyan vurulub. 246 min hektar meşə bu gün də ermənilər tərəfindən vəhşicəsinə qırılıb talan edilir. Həmin ərazilərdə bitən qiymətli ağac növlərinin kəsilib aparılması biomüxtəlifliyin qorunmasını təhlükəli həddə çatdırıb.

İşğal olunmuş ərazilərdəki 460 növdən çox yabanı ağac və kol bitkilərindən 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, Şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, Eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazidə məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir.

Eyni zamanda, həmin ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu.

Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın rayon Dövlət Təbiət yasaqlığı, Qubadlı rayon Dövlət Təbiət yasaqlığı və Daşaltı Dövlət Təbiət yasaqlığının ərazilərində olan qiymətli ağac və biomüxtəlifliyin digər növləri bu gün də talan edilir.

İşğal olunmuş rayonlarda 247352 hektar meşə sahəsi, o cümlədən 13197,5 hektar qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji obyekt qalıb. Kəlbəcər rayonunda “Qırmızı kitab”a daxil edilmiş 968 hektar ərazini əhatə edən ayıfındığı ağacları da kütləvi şəkildə qırılır.

Ümumilikdə Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olub.

21 mart Beynəlxalq Meşələr Günüdür. İşğal olunmuş ərazilərdə erməni vandallarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının Baş katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın icraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin prezidentinə rəsmi müraciətlər edilib və bu istiqamətdə təxirəsalınmaz tədbirlərin zəruriliyi beynəlxalq təşkilatların diqqətinə çatdırılıb.

 

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

“Azərbaycan”