Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BMT Mosuldan böyük qaçqın axınından ehtiyat edir

17 Mart 2017
BMT İraq ordusunun İŞİD terrorçu qruplaşmasına qarşı əməliyyat keçirdiyi Mosul şəhərinin qərb hissəsindən qaçan böyük insan axınının öhdəsindən gəlməyə bilər. Bu barədə BMT-nin İraq üzrə humanitar proqramlarının əlaqələndiricisi Liz Qrande məlumat vermişdir.

Qrande bildirmişdir ki, Mosulun qərbindən qaçan adamların sayı şəhərin şərq hissəsindən qaçanlardan çoxdur: “Humanitar nöqteyi-nəzərdən hələlik aydın deyil ki, insan axınına reaksiya vermək üçün kifayət qədər ehtiyatlarımız var, yoxsa yox”. Onun dediyinə görə, ötən ayın ortalarında hərbi əməliyyat başlayanda Qərbi Mosulda təxminən 800 min nəfər adam vardı. O vaxtdan bəri 120 min nəfərədək dinc sakin şəhərdən qaçmışdır: “Hesab edirik ki, 650-680 min dinc sakin hələ də şəhərdədir. Ola bilsin ki, onların 400 min nəfəri qədim məhəllədədir. Bu, şəhərin əhali sıx yaşayan hissəsidir. Bizə elə gəlir ki, insanlar orada mühasirəyə düşmüşlər və son dərəcə ağır vəziyyətdədirlər”.

BMT-nin nümayəndəsinin dediyinə görə, şəhəri hər gün təxminən 50 min sakin tərk etsə, humanitar agentliklərin onları qəbul etmək imkanı olmayacaq. Bununla əlaqədar BMT və onun tərəfdaşları qaçqın ailələrini qəbul etmək üçün böyük düşərgələr hazırlamağa başlamışlar.