Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda Beynəlxalq Su Həftəsi çərçivəsində Dünya Su Şurasının sessiyası keçirilir

17 Mart 2017
“Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında keçirilən I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində martın 14-də Bakı şəhərində Dünya Su Şurası (DSŞ) İdarə Heyətinin 61-ci Toplantısı öz işinə başlayıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Prezidentin köməkçisi Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Su Şurası İdarə Heyətinin 61-ci Toplantısının iştirakçılarına müraciətini oxuyub. Müraciətdə qeyd olunub ki, Dünya Su Şurası İdarə Heyətinin növbəti toplantısının, eləcə də VIII Dünya Su Forumunun Aparıcı Komitəsinin 4-cü iclasının regionda ilk dəfə Bakı şəhərində təşkili təqdirəlayiq hadisə olub, beynəlxalq aləmdə Azərbaycana göstərilən yüksək etimadın nümunəsidir: “Hazırda dünyada qlobal su çatışmazlığı probleminin kəskinləşməsi su resurslarından səmərəli istifadə, su ehtiyatlarının inteqrasiyalı idarə olunması, transsərhəd su resurslarının istifadəsində və qorunmasında birgə əməkdaşlığı zəruri edir. Ölkəmiz bu sahədə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atmışdır.

Azərbaycanda əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi, insanlara göstərilən sanitariya xidmətlərinin yaxşılaşdırılması məqsədilə icra olunan içməli su və kanalizasiya layihələri əhalinin sağlamlığının qorunmasına, həmçinin ekoloji təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Ölkəmizin dünya su sektorunda nüfuzlu təşkilatlardan sayılan Dünya Su Şurasında təmsil olunması bu sahədə əlaqələrin genişləndirilməsi və qarşıya çıxa biləcək problemlərin birgə səylərlə aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümidvaram ki, toplantı beynəlxalq miqyasda su ehtiyatlarından, transsərhəd su mənbələrindən səmərəli və inteqrasiyalı istifadə ilə bağlı aktual məsələlərin birgə həllinə, qarşılıqlı faydalı əməkdaşlığa və perspektiv fəaliyyət istiqamətlərinin müəyyənləşməsinə öz töhfəsini verəcəkdir”.

DSŞ İdarə Heyətinin üzvü , “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, su ilə əlaqəli qlobal məsələləri beynəlxalq müstəvidə qaldıran və onların həlli istiqamətində mühüm addımlar atan Dünya Su Şurasının İdarə Heyətinin bugünkü toplantısının perspektiv fəaliyyət üçün böyük imkanlar yaradacaq. 2013-cü ildən DSŞ-nın üzvü olan “Azərsu” ASC 2015-ci ildən İdarə Heyətində təmsil olunur. Bu status bizə su ilə əlaqəli müxtəlif məsələlərin araşdırılması və həll yollarının müəyyənləşdirilməsi sahəsində geniş imkanlar yaradır. Azərbaycan Prezidenti İlham Əliyev bizim bu təşkilatda təmsil olunmağımıza, ölkəmizin su ehtiyatlarının inteqrasiyalı idarəedilməsi, transərhəd su hövzələri ilə bağlı məsələlərin beynəlxalq miqyasda müzakirəsinə dəstək verir. Eyni zamanda, ölkə başçısının tapşırığı ilə son illər su sektorunun inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir.

Onun sözlərinə görə, DSŞ və Dünya Su Forumunun səyləri nəticəsində “Təmiz su və sanitariya” məsələsi Birləşmiş Millətlər Təşkilatının “Davamlı İnkişaf Məqsədləri-2030” çağırışının əsas hədəflərindən biri kimi qəbul olunub. Su Həftəsi çərçivəsində qəbul olunmuş Bakı Bəyannaməsində bu məsələ prioritetlərdən biri kimi göstərilib.

Q.Hüseynov Beynəlxalq Su Resursları Assosiasiyasının (İWRA) 18-ci Dünya Su Konqresinin, DSŞ Dünya Su Forumunun növbəti toplantılarından birinin Azərbaycanda keçirilməsi üçün ölkəmizin namizədliyinin irəli sürüləcəyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Dünya Su Şurasının Prezidenti Benedito Braqa Şuranın növbəti toplantısının Bakı şəhərində keçirilməsinə göstərilən dəstəyə, həmçinin toplantı iştirakçılarına ünvanlanmış müraciətə görə DSŞ İdarə Heyəti üzvləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib. B.Braqa 61-ci toplantının su ilə bağlı problemlərin müzakirə edilməsi və birgə həll yollarının tapılması, bu sahədə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə adlandırıb: “Dünya su ehtiyatlarının ədalətlə istifadəsi, inteqrasiyalı idarəetmə prinsiplərinin işlənilməsi, əhalinin fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması sahəsində Dünya Su Şurası məqsədyönlü fəaliyyət göstərir. DSŞ-na üzvlük və qurumun İdarə Heyətində təmsilçilik qlobal su problemlərinin, strateji hədəflərin müəyyən edilməsi, qərarların qəbul olunmasında iştirak baxımından əhəmiyyətlidir. Bu status inkişaf etmiş ölkələrin və qabaqcıl şirkətlərin təcrübəsindən yararlanmağa, yeni texnologiyalara daha asan çıxış əldə etməyə imkan verir”.

Daha sonra “Azərsu” ASC və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi “Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb. AZƏRTAC-ın regional inkişaf və bölgə xəbərləri redaksiyasının müdiri Ceyhun Rüstəmov müsabiqədə birinci yerə layiq görülüb.

Qeyd edək ki, DSŞ İdarə Heyətinin üzvlərinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfəri təşkil olunacaq.

DSŞ İdarə Heyətinin 61-ci Toplantısı martın 18-də yekunlaşacaq.