Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Cənub qaz dəhlizi” reallaşandan sonra Azərbaycan indikindən daha böyük önəm kəsb edən ölkə olacaq

17 Mart 2017
 

Azərbaycan qazını 3500 kilometr məsafə boyu - Bakının yaxınlığındakı Səngəçal terminalından İtaliya torpağınadək aparacaq “Cənub qaz dəhlizi” artıq yekun mərhələyə qədəm qoyur. Odur ki, indi layihənin Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısının keçirilməsi xüsusi əhəmiyyət kəsb etdi. Bu toplantının nəticələri qarşıda duran işlərin və planların uğurla gerçəkləşməsinə təkan verəcək.

Məşvərət Şurasının toplantısı artıq üçüncü dəfədir ki, Bakıda keçirildi. Bu da təsadüfi deyil. Çünki “Cənub qaz dəhlizi”nin əsas ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağıdır. Prezident İlham Əliyev bunu Məşvərət Şurasının iclasındakı nitqində vurğulayaraq demişdir: “Cənub qaz dəhlizi”nin resurs bazasını nəhəng “Şahdəniz” qaz yatağı təşkil edir... “Şahdəniz” layihəsi sayəsində biz özümüzü nəhəng qaz ehtiyatlarına malik ölkə kimi təqdim etdik. Bu gün Azərbaycanın, - “Şahdəniz” və digər yataqların, - təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetr təşkil edir. Bu, nəhəng layihədir və şübhəsiz ki, “Şahdəniz” yatağının birinci mərhələdəki istismarı “Cənub qaz dəhlizi” layihəsinin təməlini qoydu”.

Məşvərət Şurasının toplantılarına Bakının evsahibliyi etməsinin bir səbəbi də ondan qaynaqlanır ki, “Cənub qaz dəhlizi” Azərbaycanın təşəbbüsü, liderliyi ilə həyata keçirilən layihədir. Həm də Azərbaycan bu layihəni tərəfdaşlıq etdiyi ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə, beynəlxalq təşkilatlarla birlikdə icra edir. Başqa sözlə, Azərbaycan artıq dünyada nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatı yaradıb.

Prezident İlham Əliyev Məşvərət Şurasının toplantısında bu məsələyə toxunaraq demişdir: “Əlbəttə, müxtəlif dövlət, şirkət və maliyyə qurumları arasında əməkdaşlıq təcrübəsi “Cənub qaz dəhlizi”nin uğurla həyata keçirilməsinin əsas səbəbi olmaqla yanaşı, gələcəkdə də özünün əhəmiyyətli rolunu oynayacaq. Çünki bu qlobal layihənin icrası başa çatdırıldıqdan sonra bizim əməkdaşlığımız müxtəlif sahələr üzrə davam edəcəkdir”. 

Dövlət başçısı beynəlxalq əməkdaşlıq haqqında danışarkən diqqəti Azərbaycanın enerji siyasətinin tarixinə yönəltmişdir. Müstəqilliyimiz bərpa olunandan sonra mühüm enerji şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməyə dəvət edildiyini xatırlatmışdır. Belə ki, tarixdə ilk dəfə Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanına çevrildi və dünyanın əsas neft-qaz şirkətləri buraya çox böyük həcmdə sərmayələr yatırdı. Bugünkü Azərbaycan böyük mənada həmin siyasətin nəticəsidir. Bu səbəbdən də ölkəmiz dövlətlər və şirkətlər arasında beynəlxalq əməkdaşlığa böyük dəyər verir.

İndi Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınır. Bunun əsas səbəblərindən biri də Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizdə bütün sərmayələrin zəruri səviyyədə qorunmasıdır: “Hasilatın pay bölgüsünə dair Azərbaycanın beynəlxalq neft şirkətləri ilə imzaladığı bütün müqavilələr parlamentimiz tərəfindən ratifikasiya olunur və qanun formasında Prezident tərəfindən imzalanır”.

Bu, həmin müqavilələrin mətninin bir sözünün belə dəyişdirilməyəcəyi ilə bağlı 100 faiz zəmanətdir. Bu, sərmayəçilərdə inam, əminlik yaradır və Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynayır.  

Dövlət başçısı regional və daha sonra beynəlxalq əməkdaşlığın iki mühüm mərhələsi olduğunu qeyd etmişdir. Regional əməkdaşlıq dedikdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında uzun illərdir mövcud olan uğurlu əməkdaşlıq nəzərdə tutulur. Bu əməkdaşlığın nəticəsində Xəzərdən Qara dənizədək uzanan Bakı-Supsa kəməri inşa edildi. Sonra sözügedən üç ölkəni birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri çəkildi. Daha sonra “Şahdəniz” qazını daşıyan Bakı-Tbilisi-Ərzurum xətti istifadəyə verildi. Beləliklə, daha böyük layihələr, daha geniş dəhlizlərə yol açıldı.

“Cənub qaz dəhlizi” daha çox ölkə və şirkətlərlə birgə həyata keçirilir. Layihənin dörd əsas seqmenti üzrə işlər paralel şəkildə, uğurla davam etdirilir. “Şahdəniz-2” layihəsi üzrə işlərin 90 faizə qədəri tamamlanıb. Buraya yataqda quraşdırılacaq iki platformanın tikintisi, Səngəçal terminalında əlavə qaz həcmlərini qəbul edəcək qurğuların inşası, quruda və dənizdə bir sıra digər işlər daxildir.

“Şahdəniz” qazını Azərbaycanın və Gürcüstanın ərazisi ilə nəql edən Cənubi Qafqaz Boru Kəməri (CQBK) genişləndirilməkdədir və burada işlərin 80 faizə qədəri artıq görülüb. Türkiyə ərazisində tikilən Transanadolu Qaz Boru Kəmərinə (TANAP) aid işlərin artıq 65 faizi arxada qalıb. “Cənub qaz dəhlizi”nin sonuncu seqmenti olan və təməli keçən ilin may ayında Yunanıstanın Saloniki şəhərində qoyulan Transadriatik Qaz Boru Kəmərinin (TAP) inşaat işlərinin qısa müddətdə 34 faizi icra edilib.

“Cənub qaz dəhlizi”nin icrası üçün maliyyə vəsaitlərinin cəlb edilməsinə də nail olunub və burada beynəlxalq əməkdaşlıq və tərəfdaşlığın özünəməxsus rolu var.

Qazanılan uğurlarda əməkdaşlığın və tərəfdaşlığın əhəmiyyətini Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Sevçoviç də təsdiqləyib: “Düşünürəm ki, irəliləyişə təkcə kəmərin  keçdiyi ölkələrdə göstərilən böyük səylər, görülən işlər sayəsində deyil, həm də bu masa ətrafında yaradılmış yaxşı yaradıcı mühit, mütəmadi məlumat mübadiləsi, bu cür genişmiqyaslı layihə ilə bağlı davamlı olaraq çıxan problem və çağırışları həll etmək üçün göstərilən səylər sayəsində nail olunub”.   

M.Sevçoviç mühüm region - Xəzər hövzəsi ilə yeni əlaqəyə və Azərbaycan kimi güclü tərəfdaşa malik olmaq imkanını çox yüksək dəyərləndirdiyini bildirmişdir.

İtaliya Respublikasının iqtisadi inkişaf naziri Karlo Kalendo Prezident İlham Əliyevlə  görüşü zamanı ölkəsi üçün önəmli olan TAP layihəsinin həyata keçirilməsinə görə minnətdarlığını bildirdi. O vurğuladı ki, Məşvərət Şurasının iclasında İtaliyanın bir sıra şirkətlərinin nümayəndələri də iştirak etmişlər.

“Cənub qaz dəhlizi” Məşvərət Şurasının üçüncü toplantısı zamanı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə İtaliyanın “Leonardo” şirkətinin icraçı direktoru və baş meneceri Mauro Moretti arasında keçirilən görüşün nəticəsi olaraq SOCAR-la həmin şirkət arasında əməkdaşlığa dair memorandumun imzalanması Azərbaycanın beynəlxalq əməkdaşlığına daha bir nümunədir.

Göründüyü kimi, “Cənub qaz dəhlizi” layihəsi tərəflərin uzunmüddətli maraqlarını təmin edəcək. Bu layihə reallaşandan sonra ölkəmizin maliyyə imkanları xeyli artacaq. Azərbaycan regional əməkdaşlıq, enerji təhlükəsizliyi baxımından indikindən daha çox, daha böyük önəm daşıyan ölkə olacaq.

 

Flora SADIQLI,

“Azərbaycan”