Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanda vergi yükü bir sıra Avropa və MDB ölkələrindən daha aşağı səviyyədədir

16 Mart 2017
 

Dünya Bankının “Doing business” hesabatı (ümumi vergi dərəcəsi), Heritage Fondunun “İqtisadi azadlıq indeksi” kimi məlumatlar da bu qəbildəndir. “Doing Business 2017” hesabatının vergilərin ödənilməsi (Paying Taxes) indikatoru üzrə Azərbaycanın ümumi vergi dərəcəsi (o cümlədən sosial sığorta ödəmələri daxil olmaqla) 39,8 faiz göstərilib.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, həmin hesabatda Portuqaliya (39,8 faiz), Niderland (40,4 faiz), Türkiyə (41,1 faiz), ABŞ (44 faiz), Avstraliya (47,6 faiz), Almaniya (48,9 faiz), İspaniya (49 faiz), Avstriya (51,6 faiz), İtaliya (62 faiz) və Fransa (62,8 faiz) kimi inkişaf etmiş ölkələrin vergi yükü daha yüksək olmaqla əks etdirilib.

Bu göstərici keçmiş sovet ölkələrindən Moldovada 40,4 faiz, Litvada 42,7 faiz, Rusiyada 47,4 faiz, Estoniyada 48,7 faiz, Ukraynada 51,9 faiz, Belarusda 54,8 faizdir. Qeyd olunub ki, bura sosial sığorta ödəmələri də daxildir.

Heritage Fondunun 2017-ci il üzrə dərc etdirdiyi rəsmi “İqtisadi azadlıq indeksi”ndə isə Azərbaycanın vergi yükü (sosial sığorta ödəmələri nəzərə alınmadan) 14,2 faiz olmaqla 28-ci yerdə göstərilib. Bu sıralamada vergi yükünün səviyyəsinə görə Azərbaycan bir çox ölkələrdən daha əlverişli mövqeyə malikdir.  MDB ölkələrindən Qazaxıstan (13,2 faiz) bu sırada 20-ci yerdə qərarlaşıb.

Hesabatın 2017-ci il üzrə göstəricilərinə əsasən Özbəkistan 19,7 faiz, Qırğızıstan 20,8 faiz, Tacikistan 22,8 faiz, Belarus 23 faiz, Ermənistan 23,5 faiz, ABŞ 26 faiz, Latviya 27,8 faiz, Türkiyə 28,7 faiz, Litva 29,3 faiz, Rusiya isə 35,3 faiz vergi yükünə malikdir.

Göründüyü kimi, Azərbaycanda vergi yükü ümumilikdə bir sıra Avropa və MDB ölkələrindən daha aşağı səviyyədədir.